Neftin qiyməti büdcəyə risk yaradır – TƏHLİL

Neftin qiyməti büdcəyə risk yaradır – TƏHLİL
  08 Noyabr 2013    Oxunub:1392
Gələn ilin dövlət büdcəsində neftin qiymətinin yenə 100 ABŞ dollar səviyyəsində müəyyən edilməsi təəccüb doğurur. O səbəbdən ki, bu il neftin dünya bazarlarında qiyməti bütövlükdə heç də istənilən səviyyədə olmadı. AZERİ LT-in qiyməti birinci yarımil ərzində azalmağa doğru getdi ki, buna görə hətta bir ara hökumət nümayəndələri dövlət büdcəsində 1 barrelin qiymətinin 100 dollar götürülməsinə istinad edərək heç də narahat olmamaq lazım gəldiyini vurğuladılar.

2013-cü ilin büdcəsində 1 barrelin qiyməti keçənilki kimi 100 dollar götürülərkən isə qiymətlərin yüksək olacağı zənn edilmişdi. Düzdür, qiymətlər 100 dollardan aşağı düşmədi. Ancaq 2012-ci ilin dövlət büdcəsində qiymət əvvəl 80 dollar götürüldüyündən, xeyli gəlir əldə edilmişdi ki, həmin ilin ortasında büdcəyə yenidən baxılarkən sözügedən rəqəm 100 dollara qaldırılsa da, 2012-ci ilin birinci yarısında artıq, kifayət qədər gəlir əldə olunmuşdu. Odur ki, 2013-cü ildə neftin qiymətinin 100 dollar götürülməsi düzgün deyildi və risk sayılırdı.

Çünki bu il dünya bazarlarında qiymətlərin qənaətbəxş olmayacağı əvvəlcədən bəlli idi. Keçən il büdcəyə yenidən baxılan zaman 80 dolların 100-ə qaldırılmasından sonra ilin ikinci yarısında dünya bazarlarında vəziyyətin dəyişməsi də bunu anons etmişdi. Odur ki, cari il üçün qiymətin 70-80 dollar götürülməsi əslində, daha məqsədəuyğun idi. Ancaq, bəzi siyasi hadisələr qiymətləri 100 dollardan aşağı düşməyə qoymadı. Bəs, 2014-cü ilin dövlət büdcəsində neftin qiymətinin 100 dollar götürülməsi nə dərəcədə düzgündür?

Neftin dövlət büdcəsində müəyyən edilən qiyməti son llər ərzində ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə təsirini hec cür hesablamaq olmur. Bunun səbəbini isə Dövlət Neft Fondundan (DNF) transfert təşkil edir.
Əvvəllər, qiymət məsələn, 80 dollar səviyyəsində götürülərkən hansı proqramları maliyyələşdirməyin mümkün olduğu dəqiq bilinirdisə və üstəlik, dünya bazarlarında o, 1 dollar yüksələrkən hər dollara görə ölkənin əsas maliyyə sənədinə əlavə nə qədər vəsait daxıl olduğu da bəlli idisə, son vaxtlar bu, mümkün deyil.

Ümumiyyətlə, son illər büdcəyə ilin ortasında yenidən baxıldığından, bunları hesablamaq çətinləşib. Odur ki, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil və bundan “qorxmaq” lazım gəlmir.

Ona görə ki, ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər ki, bu da faciə deyil.

Cari ildə dövlət büdcəmizə DNF-dan transfert 11 milyard 350 milyon manat (gəlirlərin 59,2 %) təşkil edirdisə, növbəti ildə isə bu rəqəm 9,337 milyard manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 2,013 milyard manat və ya 17,7 % azdır. Ancaq bir cəhət var ki, DNF da növbəti il üçün büdcəsində neftin qiymətini 100 dollar götürüb. Hansı ki, cari ildə də Fondun büdcəsi bu qiymətlə tərtib olunmuşdu. Halbuki Dünya Bankının (DB) hesabatında göstərilir ki, cari ilin fevralında neftin 1 barelinin orta qiyməti 108 dollar təşkil edirdisə ikinci rübdə 100-də sabitlləşdi. Və əgər, Yaxın Şərqdə xüsusən də, Misir ilə Suriyada məlum hadisələr baş verməsəydi bu rəqəm bəlkə, daha az təşkil edərdi.

Ancaq həmin hadisələrlə əlaqədar neftin orta qiyməti artaraq nəinki 105 dolları keçdi, sentyabrın əvvəlinə 108 dollara qədər qalxdı. DB-nın qlobal makroiqtisadi göstəricilərlə bağlı proqnozuna əsasən də 2013-cü ilin yekununa dünya bazarlarında neftin orta qiyməti 1 barrel üçün 105, gələnil isə 104 dollar təşkil edəcək.

Bankın hesablamalarına əsasən, 2014-cü ildə neftin gündəlik tələbatı 1,1 milyon barrel, 2013-cü ildə isə 0,9 miloyn təşkil edəcək. Ancaq siyasi amilləri nəzərə almasaq iqtisadi amillər dünya bazarlarında neft də daxil olmaqla, bir sıra xammal məhsullarına təlabatın azaldığını diqtə edir.

ABŞ-ın aparıcı investitsiya banklarından Goldman Sachs da belə bəyanatla çıxış etmişdi. Adı çəkilən bank da həmçinin, 2013-cü ildə neftin orta qiymətinin 1 barrel üçün 105 dollar olacagını qeyd etmişdi. Bankın həmin proqnozunda deyilirdi ki, növbəti bir neçə ay ərzində Brend neftinin qiyməti 100 dollar civarında olacaq ki, bunu da Çin kimi ölkələrin iqtisadiyyatlarında artım templərinin zəifləməsi şərtləndirəcək.
Odur ki, qiymətin 100 dollardan aşağı düşəcəyi istisna deyil.

Ümumiyyətlə, neftin dünya bazarlarında qiyməti nisbi xarakter daşıyır. Ölkəmizdə genişmiqyaslı investisiya üçün isə onun qiymətinin azı 100 dollar olması tələb edilir...



Pərviz Heydərov
İqtisadiyyat və Sənaye Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
əməkdaşı



Teqlər:





Xəbər lenti