Millət vəkili yol qəzasında vəfat etdi

Millət vəkili yol qəzasında vəfat etdi
  08 Mart 2013    Oxunub:1833
Balakən-Gürcüstan sərhəd yolunda baş vermiş qəza nəticəsində Milli Məclisin deputatı dünyasını dəyişib.
Azərbaycanda millət vəkili yol qəzasında ölüb. AzVision.az-ın məlumatına görə, hadisə Balakən-Gürcüstan sərhəd yolunda qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı maşın “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Balakən rayon Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Bildirilib ki, H. Atayev Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Lakin qəzada millət vəkilinin oğlu elə ciddi xəsarət almayıb.

Qeyd edək ki, Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005 – 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. (APA)

Allah rəhmət eləsin.



Teqlər:  





Xəbər lenti