Azərbaycana qarşı Tale oyunları – TƏHLİL

   Azərbaycana qarşı Tale oyunları –    TƏHLİL
  12 Fevral 2019    Oxunub:6408
İranda milli bayram günü ilə bağlı nümayişə çıxan bəzi şəxslər dini ekstremist Tale Bağırzadə və onunla bir yerdə Nardaran hadisələrində günahkar olanların şəkillərini qaldırıblar. Bu, nə deməkdir? Dövlətimizə qarşı indiyə qədər gizlədilən oyun aşkara çıxır? Dövlət alidir, müqəddəsdir, toxunulmazdır, dəyərlidir! Hətta o qədər dəyərlidir ki, müqəddəs hesab edilən dinin, daha doğrusu, din pərdəsi altında məkrli qüvvələrin aləti olmaqdan daha üstün, daha qiymətlidir!

Dərhal onu qeyd edim ki, Taleh Bağırzadə vaqiəsi və onun ətrafında baş verən hadisələr din pərdəsi altında böyük güclərin - ki, burada təkcə ilk ağla gələn İran yox, onunla bərəbər başqa böyük güc mərkəzləri də iştirak edir,- Azərbaycan Respublikasının dövlət kimi mövcudluğuna son qoyulmasına hesablanmış, Cənubi Qafqazda iki xristiyan dövlətin fonunda inkişaf edən müsəlman Azərbaycana qarşı qurulmuş böyük bir planın kiçik epizodudur. Məqsəd əsla və əsla islam dövləti qurmaq deyil, əksinə, dini siyasi mübarizə alətinə çevirib, gözdən salmaqdır. İslam dini hazırda bəlkə də mövcud olduğu 14 əsrdən bəri ən böhranlı dövrünü yaşayır: terrorçular, terrordan geosiyasi məqsədləri üçün, yeni dünya nizamının yaradılmasında istfadə edən böyük dövlətlər, ayrı-ayrı ölkələrdə siyasi hakimiyyəti ələ keçirmək istəyən qüvvələrin hər biri bu ideologiya ilə pərdələnməyə çalışırlar.

Qərbdən milyonlarla dollar qrant alarkən xüms-zəkat verməyi yaddan çıxarmiş, islam dininin nə olduğunu bilməyən, kommunizmdən liberalizmə hoppanarkən sado-mazoxizmdə ilişib qalmış Leyla İslam qızı Yunusun Taleh Bağırzadə ilə yaxınlığı çox mətləblərdən xəbər vermirmi?! Okeanların o tayından-bu tayından maliyyələşən, təlimatlandırılan radikal müxalifət demokratiyanın inkişafından danışır, amma Arazın o tayından göstəriş alıb, bu tayda yaşadığı ölkəni demokratik, dünyəvi dövlət modelindən uzaqlaşdırmağa çağırışlar edən Taleh Bağırzadəyə tərəfdarlıq şüarları səsləndirirlər. Bunun adı nədir?!

İran dövlətinin islam dininin şiə məzhəbindən geosiyasi təsir və təzyiq vasitəsi kimi istifadə etməsi çoxdandır ki, sirr deyil. İsraili sionizmdə, Səudiyyəni vəhabilikdə ittiham edən İran şiəliyi Orta Şərqdə “şiə ayparası”nın mövcudluğu üçün vasitəyə çevirib. Azərbaycanda isə vaxtilə Nardaran kəndinin əhalisinin əksər hissəsinin qatı dindar, şiəyönümlü olduğundan istifadə edən bir anklav yaradılmışdı. Təsəvvür edək ki, Azərbaycan Respublikası İranın bir kəndində, şəhərində əhalinin şah dövründə olduğu kimi, camaatın dünyəvilik arzusundan istifadə edib (həqiqətən də İranda əhali arasında şah dövrünü daha azad, liberal dövr nostalgiyası çox güclüdür), orada özünə bir anklav yaradır, əhalini İslam Respublikasının qanunlarına itaətsizliyə təhrik edir, qızışdırır, onlara başçı təyin edir, həmin başçı da Azərbaycandan İrana səfər edənlərlə görüşür, onların əlini öpür, İranın Ali dini rəhbərinə, ayətullahlara qarşı çıxışlar edir, onları “şeytan” adlandırır, dini dövlətə son qoyub, dünyəvi dövlət yaradılmasına çağırışlar edir, ETTELAAT-a çağırılanda saymazyana şəkildə “ora getmək oturub çayxanada çay içmək kimi bir şeydir” deyir və s. Maraqlıdır, İranın reaksiyası necə olardı?! Öz coğrafi sərhədlərindən minlərlə kilometr kənarda geosiyasi güc savaşına qatılan, Yəməndən Səudiyyəyə raket atan, “Hizbullah”, “Həşdi-şabi”, “Həmas”, “İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Briqadası” kimi təşkilatlarla geosiyasi təsir vasitəsini artırmağa çalışan İran buna səssiz qalardımı?! Azərbaycanı Taleh Bağırzadənin həbsinə görə ittiham edən bütün daxili və xarici qüvvələr bu suala cavab verə bilərlərmi?!

Azərbaycan Respublikası konstitusiya, xalqın əksəriyyətinin iradəsi əsasında dünyəvi, demokratik dövlət olmaq yolu keçib və bu yolda uğurla irəliləyir. O dərəcədə uğurla ki, müxtəlif sivilizasiyaların mövcud olduğu dünya sistemində artıq söz sahibinə çevrilib. Məsələyə bir anlıq özlərini dindar kəsimə aid edən insanların nöqteyi-nəzərindən yanaşsaq, xristian dövlətlərinin hakimi-mütəq olduğu beynəlxalq münasibətlər camiəsində kiçik bir müsəlman ölkəsinin bu dərəcədə möqe qazanması asandırmı?! Buna məscidlərdə moizə oxunmaqlamı nail olunub, yoxsa beynəlxalq siyasətin qayda-qanunlarını yaxşı mənimsəyib, öz milli maraqları naminə istifadə etməkləmi?!



Dünya qloballaşır, dördüncü sənaye inqilabı baş verir, süni intellekt yaradılır, qabaqcıl dövlətlər elm, texnika, sənayesini inkişaf etdirir. Azərbaycan da bu prosesdən kənarda qalmır, kosmosa süni peyk buraxır, meqalayihələrdə iştirak edir və s. İran dövlətinin və onun müttəfiqlərinin əlaltısı olan Taleh Bağırzadə və tərəfdarları isə ölkəmizi dünyəvi dövlət yolundan sapındrıb, orta əsr mövhumatına, qaranlıq girdabına salmaq istəyirlər. Onu bu işə təhrik edənlər yuxarıda qeyd etdiyimiz kimi, dindən örtük, pərdələmə vasitəsi kimi istifadə edir, geosiyasi maraqlarının şimala doğru yayılması yolunda böyük bir maneə, sıldırım qaya kimi görür, zəiflətməyə çalışırlar.

Cənubdan Hacı Taleh fırtınası əsdirmək istəyənlərin, tərəfdarlarını maliyyələşdirənlərin divarlarından hələ də Sasanilərin xəritəsi asılıb, masalarının üzərində Quran yerinə Firdovsinin “Şahnamə”si var, İranla Turanın savaşı onlar üçün hələ də davam edir, Əsrimizin Səyavuşu türk dünyasında islamçı Türkiyənin - Ərdoğanın yox, rusiyayönümlü Qazaxıstan - Nazarbayevin yox, meqalayihələrini türk dünyasından keçirən, onu birləşdirən Azərbaycan – İlham Əliyevin timsalında təcəlli edib. Bəzi qüvvələr isə Səyavuşa qarşı əfrasiyablar yetişdirmək istəyirlər ki, onlardan da biri Taleh Bağırzadədir.

Bu məsələdə bir ağrılı tərəf də var: Erməni kilsəsi, erməni ruhaniləri tarix boyu dindən milləti birləşdirmək, “böyük Ermənistan” yaratmaq üçün istifadə edib, xalqı din, kilsə ətrafında birləşdiriblər. Bizdə isə tam əks proseslər baş verib və verməkdədir. Xaricdə yetişdirilən bəzi din xadimləri “Allah evi” deyilən məscidlərdən xalqı parçalamaq üçün istifadə edir. Ölkəsini zəiflədib başqalarının boyunduruğuna keçirmək üçün çağırışlar edilir, üstəlik silaha əl atılır, insanlar öldürülür. Dinimiz bizə bunumu əmr edir?! Bütün müqəddəs, səmavi dinlər “Öldürmə!”, “Bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş kimidir!” deyir. Bəs Nardaranda öldürənlər və ölənlər Allahın verdiyi həyatları kimin və nəyin uğrunda verdilər, aldılar?!

Taleh Bağırzadənin və Əli Kərimlinin hərəkətləri məşhur Constaun faciəsini yada salır. 1978-ci ildə ətrafına minlərlə tərəfdar toplamış sekta rəhbəri Cim Cons özü ilə birlikdə tərəfdarlarının da ölümünə səbəb olmuşdu. Taleh Bağırzadənin və radikal müxalifət liderlərinin çağırışları, davranışları həmin hadisələri xatırladır. Onlar etdiyi hərəkətlərin, çağırışların məsuliyyətini dərk etmir, yaxud da xarici mərkəzlər qarşısında götürdüyü öhdəliklərdən imtina etmək istəmirlər. Nəticədə isə zərər çəkənin dövlət və millət olacağı onları maraqlandırmır. Görəsən, İranın dollardan imtina etməsi qrantla alınan dolların kursuna təsir edəcəkmi?!

Nəzakət Məmmədova
Azvision.az üçün




Teqlər: Tale-Bağırzadə  





Xəbər lenti