Dövlət rəhbərlərinə qarşı sui-qəsdlər – DOSYE

   Dövlət rəhbərlərinə qarşı sui-qəsdlər –    DOSYE
  13 Fevral 2019    Oxunub:7950
Sui-qəsd birbaşa terror sayılır. Tarixdə sui-qəsdlər həyata keçirən ilk terrorçu qrup “Sicarri” adı altında Romanın İudeya əyalətində meydana çıxmışdırlar. Mənşəcə yəhudi olan bu dəstənin üzvləri 1-ci əsrdə romalı idarəçilərə qarşı sui-qəsdlərdə əsasən xəncərdən istifadə etdiklərinə görə, onlara “Sicarri” deyirdilər.

Tarix boyu bir çox dövlət başçılarına və rəsmi şəxslərə qarşı müxtəlif formada sui-qəsdlər həyata keçirilib. Sui-qəsdə məruz qalan və öldürülən dövlət rəhbərlərinin sırasına Misirin baş baziri Ənvər Sadat, Livan Prezidenti Bəşir Cəmayil, Livanın baş naziri Rafiq Həriri, Hindistanın baş naziri İndira Qandi, İsveçin baş naziri Ulaf Palme, İtaliyanın baş naziri Aldo Moro, Roma Papası II İohann Pavel və başqalarını aid edə bilərik.

1970-ci ildə baş nazir Camal Əbdül Nasirin ölümündən sonra Misirin prezidenti postuna yiyələnən Ənvər Sadat 1981-ci ildə radikal islamçılar tərəfindən qətlə yetirilmişdi. Sadatın cəsədində təxminən 72 güllə izi aşkarlanmışdı. Onun öldürülməsinə əsas səbəb kimi 1978-ci ildə İsraillə əldə olunmuş “Kemp-Devid” sülh razılaşması göstərilir.
Misirin 3-cü prezidenti kimi tarixə düşən və düz 11 il həmin vəzifəni icra etmiş Ənvər Sadatın öldürülməsində uzun illər sonra Hüsnü Mübarəkin də adı hallandırılmışdı.

Bəşir Cəmayil 1982-ci ildə Livanın dövlət başçısı seçilmiş, elə həmin ildə, yəni düz 20 gün sonra avtomobilinin partladılması nəticəsində öldürülmüşdü. Məlum olduğu kimi, o, İsrailin təcavüzünə qarşı ərəb ölkələrinin birliyini möhkəmlədirməyə çalışmışdı. Maraqlıdır ki, Livan prezidentinə qarşı baş tutan bu sui-qəsdin sifarişçisi kimi Suriya göstərilmişdi.

1992-ci ildə Livanın baş naziri vəzifəsinə gələn Rafiq Həriri 1995-ci ilə qədər bu kürsüdə qaldı. Həriri Səudiyyə Ərəbistanı və Fransa ilə sıx əlaqələri olan bir siyasətçi kimi tanınırdı. O, 2000-ci ildə xalqın rəğbəti ilə təkrar baş nazir seçildi. 2005-ci ildə avtombilin partladılması yolu ilə terror nəticəsində Rafiq Həriri öldürüldü. Bu sui-qəsd olayında Suriyanın adı hallansa da, sonradan Həririnin oğlu Saad Həriri Suriya versiyasının yanlış olduğunu etiraf etmişdi.

Hindistanın ilk baş naziri, dünyada isə ikinci xanım baş nazir İndra Qandi əfsanəvi şəxsiyyət Cəvahirləl Nehrunun qızı idi. Qandi 1984-cü ildə şəxsi cangüdəni tərəfindən öldürülmüşdü. Onun ölümündən sonra baş nazir vəzifəsinə gələn oğlu Raciv Qandi də eyni aqibəti yaşmış, yəni 1991-ci ildə sui-qəsd nəticəsində həyatını itirmişdi.

Roma Papası II İohann Pavel 1981-ci ildə Müqəddəs Pyotr meydanında silahlı sui-qəsdə uğramışdı, lakin həkimlər onu həyatını xilas etməyi bacardılar. Mehmet Ali Ağca sui-qəsdi təkbaşına etdiyini bildirsə də, sonradan Bolqarıstanın xüsusi xidmət orqanın hadisədə əli olduğu iddiası ortaya atıldı. Bu səbəblə həmin ölkənin 3 vətəndaşının həbsi barədə qərar çıxarıldı. Həbs olunması tələb olunan üç şəxsdən (Sergey Antonov, Todor Ayvazov və Jelü Vasilyev) sadəcə birincisi ələ keçirildi. Bütün bunlara baxmayaraq, II İohan Pavelə qarşı sui-qəsdin konkret kim və hansı xüsusi xidmət orqanı tərəfindən sifariş oldunduğu hələ də tam deşifrə edilmiş sayılmır. İtaliya məhkəməsi açıqlanmayan səbəblərdən dolayı bu hadisəni axıra qədər araşdırmaqdan vaz keçmişdi.

İtaliyanın baş naziri Aldo Moro silahlı qruplaşma tərəfindən qaçırılmış və 1978-ci ildə Romada öldürülmüşdü. Təəccüblüdür ki, qətlin əsl səbəbkarları hələ də bilinmir. Onun ölümündə ABŞ xüsusi xidmət orqanlarının, həmçinin ABŞ-ın o vaxtıkı dövlət katibi Henri Kissincerin adları hallanır. Bilinən budur ki, yerli kommunistlərlə siyasi razılaşmaya getmək Aldo Moronun ölüm fərmanının imzalanmasına səbəb olmuşdu.

Dünyada sui-qəsdə məruz qalmış siyasi liderlərdən biri də İsveçin baş naziri Ulof Palmedir. O, 1986-ci ildə kinoteatrdan çıxarkən silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Palmenin öldürülməsinə səbəb kimi onun anti-Amerikan baxışları göstərilir. Çünki o, ABŞ-ın Vyetnam müharibəsindəki mövqeyini çox sərt tənqid etmiş, Kuba ilə yaxşı münasibətlər qurmuş, eləcə də Birləşmiş Ştatların Yaxın Şərqdə, özəlliklə Fələstin münaqişəsindəki siyasi yanaşmasını sərt tənqid etmişdi.
Düz 2 dəfə İsveçin baş naziri seçilmiş Ulof Palmenin ölümü ilə bağlı 10 min nəfər dindirilmiş, buna baxmayaraq, istintaq nəticəsiz qalmışdı. Sui-qəsdin kim, yaxud, hansı xüsusi xidmət orqanı tərəfindən sifariş edilməsi rəsmi olaraq sübuta yetirilməyib.

Fərrux Həsənov
Azvision.az




Teqlər: Tam-məxfi   Terror   Sui-qəsd  





Xəbər lenti