Prezidentin müsahibəsində göstərdiyi iqtisadi hədəflər – TƏHLİL

   Prezidentin müsahibəsində göstərdiyi iqtisadi hədəflər –    TƏHLİL
  14 Fevral 2019    Oxunub:5689
Dövlət başçısı İlham Əliyevin “Real TV”-yə müsahibəsi böyük maraq doğurdu, geniş şəkildə şərh edildi. Həm də ona görə ki, bu, Prezidentin yerli mediaya ilk müsahibəsi idi. Lakin dövlət başçısı özü də qeyd etdi ki, bunun iki səbəbi var: birincisi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq daha vacib əhəmiyyət daşıyır, ikincisi isə, ölkə daxilində gedən proseslər və görülən işlərlə bağlı istər Nazirlər Kabinetinin hər rübün başlanğıcında keçirilən toplantılarında, istər regional inkişaf proqramlarının icrası ilə bağlı hər ilin əvvəlində təşkil olunan toplantıda və digər çıxışlarda müfəssəl məlumat verilir, münasibət ortaya qoyulur. Odur ki, əlavə olaraq, mövqe bildirməyə və hesabat verməyə ehtiyac qalmır.

Dövlət başçısı Real tv-yə müsahibəsində də bir daha islahatların yeni mərhələsinin başlanmasına, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına, "ASAN xidmət"in idarəetmədəki roluna və əhəmiyyətinə, ölkəmizin Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsinə, iqtisadiyyatın qeyri-neft sektoru və onun ən mühüm qollarından olan turizmin inkişafıyla bağlı məsələlərə toxundu. Məlumdur ki, bu ildən iqtisadi sahədə çoxlu yeniliklər tədbiq olunub. Vergi mexanimzi dəyişib. Gələn aydan minimum əmək haqqı yaşayış minimumuna bərabər olacaq. Struktur islahatlarına başlanıb və sair. Bunların hər biri ayrı-ayrılıqda məsuliyyətli və çox ağır işlərdir.

Ölkənin ümumi iqtisadi inkişafında son 15 il ərzində regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayıb. Belə ki, bilavasitə dövlətin və hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin bölgələri sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edib. İndiyədək həyata keçirilən üç Dövlət Proqramı nəticəsində regionlarda böyük və müasir infrastruktur yaranıb. Bu, olduqca vacib idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib şərtlərdən biridir. Avtomobil və eyni zamanda, dəmir yolları bunun mühüm tərkib hissəsidir. 15 ildə 15 min kilometr avtomobil yolu çəkilib. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. MDB-də 1-ci yerə sahibik.

Bunların hamısı ona görə təmin edilib ki, Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyətini iqtisadi imkanlara çevirək, bundan istifadə edə bilək, yararlanaq. Odur ki, avtomobil yollarıyla yanaşı, dəmir yolu xətlərinin də şəbəkəsi genişləndirilməkdədir. Söhbət həm daxili, həm də ölkəmiz üzərindən keçən və yaxud kənar ölkələrlə bizi birləşdirən yollardan gedir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri artıq, fəaliyyətdədir. Ölkə daxilində bir neçə dəmir yolu tikilməsi gündəlikdədir. Şəhərlərarası dəmir yollarının tikintisi də aparılır. İndi Ləki-Qəbələ dəmir yolu tikilir.

Sözün qısası, ölkədə yol infrastrukturunun inkişafı yaxın perespektivdə müvafiq gəlir gətirmək üçün həyata keçirilməkdədir. Və qeyd etmək istərdim ki, postneft dövrü üçün bu, qabaqcadan görülən ən zəruri və ağıllı ehtiyat tədbiridir, siyasətdir. Sabah, bu yollar hamısı ölkəyə və dövlətə gəlir gətirəcəkdir.

Bundan əlavə, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində də böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb.

Yeri gəlmişkən, bəziləri iddia edirlər ki, son 15 il ərzində regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib, bölgələrin ümumi gəlirdə payı yenə azdır. Unudurlar ki, infrastruktur çox pul aparsa da, iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə, indi əsas diqqət regionlarda emal və istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlməlidir və yönəldiləcək də...

Burada bir məqama da toxunum: çoxları ölkədə müxtəlif beynəlxalq yarışların keçirilməsinə də istehza ilə yanaşırdılar. Lakin infrastrukturun yaradılması məsələnin birinci tərəfi idi. İkinci məsələ ondan ibarət idi ki, turistlər cəlb olunsun, Azərbaycan dünyaya təqdim edilsin. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər məhz bunun üçün xüsusi rol oynadı. Dövlət başçısının dediyi kimi, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə keçirilmiş birinci “Formula”dan sonra Azərbaycana gələn turistlərin sayı 22% artdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi. Müsəlman ölkələrindən gələn turistlərin sayı çoxaldı. 2017-ci ildə turistlərin sayı 20% artdı. “Formula-1” yarışı xidmət sektoruna 300 milyon dollara yaxın vəsait daxil etdi.

Ona görə də, turizm hazırda kənd təsərrüfatı məhsullarının ixracından ölkəyə daha çox vəsait gətirir. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu, iqtisadi inkişafın önəmli istiqamətidir.

Yuxarıda qeyd etdim ki, idarəetmədə struktur islahatları da başlanıb. "ASAN xidmət"in idarəetmədə rolu və əhəmiyyəti olduqca böyükdür. Burada korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Prezident də qeyd etmişkən, ictimai davranış və xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. 5 yeni "ASAN xidmət" mərkəzi də açılacaq. Burada 200-dən çox xidmət göstərilir və bunların sayı gündən-günə artır. Bu, korrupsiya, rüşvətxorluq ilə mübarizədə əlavə, ancaq mühüm vasitədir. Paralel olaraq, idarəetmədə struktur islahatları da məqsədə çatmağa tam imkan verəcək.

Məqsəd isə Prezident qeyd etmişkən, Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxartmaq, insanların rifah halını yaxşılaşdırmaq və daha güclü, qüdrətli dövlət qurmaqdan ibarətdir. Bu baxımdan, ölkə başçısının yerli müsahibəsini həm hesabat, həm də qarşıda duran və çatmaq nəzərdə tutulan hədəfin növbəti dəfə açıqlanması kimi xarakterizə etmək olar.

Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: İlham-Əliyev  





Xəbər lenti