Anaları tərtərli, ataları banqladeşli olan bacılar - FOTOLAR

Anaları tərtərli, ataları banqladeşli olan bacılar -  FOTOLAR
  16 Fevral 2019    Oxunub:97870
İlahə Süleymanova - Hosman əslən Tərtər rayonundandır. 14 ildir Banqladeş əsilli Anwor Hossainla (Ənvər Hüseyn) ailəlidir. 4 övladları var- 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Həyat yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Hazırda ABŞ-ın Nyu-York ştatında yaşayırlar.
Bu gün mən sizə İlahə xanımdan deyil, qızları Şevrin və Şanneldən söhbət açacam. Şevrinin 12, Şannenin 10 yaşı var.



Əvvəlcə Şevrin barəsində

O, 6-cı sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşqlər edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib.

İndi də Şannen haqqında

5-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir.



Bacılar, ay bacılar

"Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə, karatenin Takvando növü ilə birgə məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər. Son 3 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk şou proqramlarında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər.

Şannenin ilk rolu ona böyük şöhrət gətirib. Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb.



Şannen hazırda dünyada tanınan, 45 ölkədə yayımlanan "Master Chef Junior" telemüsabiqəsinə qatılıb. Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında aparılır. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilir. Şannen də bu 24 uşağın arasındadır. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. Yarışmaya münsiflik edən insanların arasında Qordon Ramsey, Kristina Tosi, Aaron Şancez kimi dünya şöhrətli aşpazlar da var. Əgər Şannen bu müsabiqənin qalibi olsa 100 milyon pul mükafatına layiq görüləcək

Azərbaycana sevgi

Haqqında ABŞ mətbuatında çox məqalələr yazılıb, çox müsahibələrin qəhrəmanı olub. Qəzetlərdən birinin əməkdaşı Şannenə sual verir,- “Sən bu qədər fərqli və dadlı yeməklər hazırlamağı necə öyrənmisən?” O, isə- “Anam Azərbaycandan olduğu üçün evdə həmişə yemək hazırlayır. Və adətən bişirdiyi yeməklər çox fərqli olur. Anamın vətəni olan Azırbaycanı çox insanlar tanımır. Mən xüsusi olaraq kulinariya kurslarına getməmişəm. Elə evdə anamdan öyrənmişəm yemək hazırlamağı, çünki bu işi sevə-sevə edirəm, demək olar ki, elə anam mənim ilk müəllimimdir. Mən Azərbaycan mətbəxinin təamlarını da hazırlaya bilirəm. Atam Banqladeşdən olduğu üçün, gələcəkdə məni o yerlərə aparsa hind yeməklərini də hazırlamağı öyrənərəm. Bilirsiniz, hind yeməklərinin tərkidində çoxlu fərqli ədviyyat olur. Əslində, mən həm atamın və anamım birgə mədəniyyətinin təcəssümüyəm"- deyə, cavab verir.

Bu da yekun

Bəli, ABŞ-ın Nyu-York ştatında bir beynəlmiləl ailə var. Həmin ailədə ana azərbaycanlıdır. Övladlarına Azərbaycanı sevdirən bu anaya, balalarını həmişə xoşbəxt görməyi arzulayırıq.



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Ailə   Uşaq  





Xəbər lenti