Rektor zəhmli olmalıdır?

Rektor zəhmli olmalıdır?
  13 Noyabr 2013    Oxunub:1462
Müsəllim Həsənov

Son vaxtlar yüksək çinli bəzi məmurların vəzifədən azad edilməsi cəmiyyətdə razılıqla qarşılanıb. Ona görə ki, bu dəyişikliklər Prezidentin “bütün məmurlar xalqın xidmətçiləridir” xəbərdarlığından sonra baş verib. Daha doğrusu, bu xəbərdarlıqdan nəticə çıxarmayanlar cəzalanıb.
Bəs bəzi məmurlar bu adi həqiqəti niyə unudurlar?
Axı müsbət nümunələr də var...
...Azərbaycan Diplomatik Akademiyasında təzə işə başlayan müəllimi həmkarları nahara dəvət edirlər. Başqa universitetlərdə kifayət qədər iş təcrübəsinə malik təzə müəllim akademiyanın rektorunu da burada görəndə bir qədər təəccüblənir. Rektor da hamı kimi özünə yemək seçir, kassaya yaxınlaşıb pul ödəyir, sonra düzülmüş stollardan birinin arxasında əyləşib hamı kimi nahar edir. Heç kim də təəccüblənmir, həyəcanlanan da olmur. Ayağa durmaq, rektora süni “sədaqət nümayiş etdirmək” jesti edən də tapılmır. Və təbii ki, bu sadəlik o rektorun işgüzar nufuzuna qətiyyən xələl gətirmir. Hərçənd, o burda nahar edənlərdən fərqlidir, hələ nazir müavini və s. kimi statuslar bir yana, bu boyda tədris ocağının rəhbəri olmaq statusu ilə fərqlidir. Amma o, bu fərqi gözə soxmaq, bir daha tabeliyində olanlara xatırlatmaq niyyətindən çox uzaqdır.

...Mötəbər bir dövlət şirkətində işləyən dostumuzla görüşə getmişdik. Onun dəvəti ilə şirkətin həyətindəki çayxanada əyləşdik. Təzəcə söhbətə başlamışdıq ki, şirkətin rəhbəri də çayxanaya gəldi. Yaxınlıqdakı stollardan birində əyləşdi. Bura mənimlə gəlmiş dostlardan biri təəccüblə şirkətin əməkdaşına dedi:
- Bu, sizin direktordur? Bizimki ömründə işçiləri ilə bir yerdə çay içməz!..
Dostumuzu qınamadıq. Qınamalı da deyildi. Çünki bizdə hər idarə müdiri, hər təşkilat rəhbəri işçiləri ilə bir yeməkxanada nahar etməyi özünə sığışdırmır. Mütləq ayrıca kabinet hazırlanmalı, yaxud onun yeməyi – çayı-çörəyi xidməti otağına aparılmalıdır. Bu, işçidən, tabeliyində olanlardan fərqlənmə ölçüsü sayılır! Nə qədər eybəcər bir fərqlənmə forması olsa da...

İllərdən bəri ölkədə rəhbər işçilərin, məmurların qəribə bir obrazı formalaşıb: onlar qara kostyum geyməli, klassik qalstuk taxmalı, ictimaiyyət arasında qaşqabaqlı görünməli, işçiləri ilə maksimum rəsmi davranmalı, özlərini zəhmli göstərməlidir...

Bəlkə bu stereotip bizə sovet cəmiyyətindən qalıb? İnanılası deyil! İndi elə qaşqabaqlı məmurlar var ki, sovet hökuməti dağılanda cəmi 10-12 yaşı olub. Belələri sovet rejiminin stereotipini özündə yaşada bilməz. Bəs bizim əksər məmurlardakı bu ədanın, bu təkəbbürün kökü hardandır?
Yaşadığmız cəmiyyətdənmi gəlir, bu cəmiyyətin köhnəlmiş ənənələrinəmi söykənir?
Bəlkə ailə tərbiyəsi ilə bağlıdır?
Yuxarıda xatırlatdığım iki rəhbərdən biri - dostumuzun işlədiyi şirkətin direktoru haqqında geniş məlumatım yoxdur. Amma ADA-nın rektorunun sadəliyinin, alicənablığının hardan gəldiyi barədə müəyyən qənaətlərim var...

Deyəcəksiz ki, diplomatiya kimi elitar bir peşənin tədris edildiyi ali məktəbin rektoru elə belə olmalıdır! Razılaşmıram. Digər elitar peşələrin tədris olunması sahəsində, az qala, bir əsirlik tarixi olan universitetlərimizi, bu universitetlərin rəhbərlərini də görmüşük. Bəziləri öz professor-müəllim həmkarları, tələbələri arasında da cangüdənlə gəzir...

Deyəcəksiz ki, 20 il Amerika Birləşmiş Ştatlarında yaşayan və Azərbaycanı təmsil edən insanın sadə həyat tərzini seçməsi təbiidir.

Etiraz edirəm. Digər ali məktəblərimizdə elə rəhbərlər var ki, tədris ilinin yarısını xarici ölkələrdə olurlar, amma...

Deməli, məsələnin kökü nə elitar peşə sahibi olmaqdadı, nə də aylarla, illərlə xarici ölkələrdə gəzib-dolaşmaqda, görüb-götürməkdədir...

Məncə, ADA-nın rektorunun belə sadə və adi həyat tərzi ailə ənənələrinə söykənir. O, gözünü açıb evdə-ailədə 60-70-ci illərin sadə və dünyagörmüş bir professorunun həyat tərzinin, insanlara, ətrafdakılara sadə münasibətinin şahidi olub. Və bu sadəlik onunla birlikdə böyüyüb, onun həyat tərzinə çevrilib. Məncə, belə adam tabeliyində olanlardan ayrıca nahar etmək, zəhmli rəhbər stereotipi formalaşdırmaq qədər cılızlaşa bilməz!

Çünki onun böyüyüb boya-başa çatdığı ailənin başçısı sadə və adi yazıçı-professor Mircəlal Paşayev olub...


Teqlər:





Xəbər lenti