Bütün xainləri gözləyən sonluq – TƏHLİL

   Bütün xainləri gözləyən sonluq –    TƏHLİL
  04 Mart 2019    Oxunub:14397
Fəxrəddin Abbaszadənin kimliyi üzərində düşünərkən “Uzaq sahillərdə” filmindəki satqın Karranti ilə Mixaylo arasındakı məşhur dialoq yada düşür: " - Mən alman deyiləm, Mixaylo, mən italyan da deyiləm, mən… - Sən ancaq alçaqan! " Doğurdan da, xainlərin, satqınların, şərəfini satmışların nə vətəni, nə də milliyyəti olur. Özünü qondarma “Talış Muğan Respublikası”nın “məclis sədri”, “politoloq”, “tarixçi”, “talış xalqının hüquqlarının müdafiəçisi” kimi təqdim edən Fəxrəddin Abbaszadə də bu tiplərdən biridir. Əslində isə o, ancaq agentdir, vətən xainidir, satqındır!

Mən onun adına ilk dəfə Ermənistanın “Voskanapat” saytında rast gəlmişdim. Azərbaycana qarşı nifrinlər yağdıran bu saytda mütəmadi olaraq onun yalan, iftira, hədyanlarla dolu yazıları çap olunurdu. Azərbaycan torpağında doğulub, onun havasının udmuş, suyunu içmiş bu xainin ermənidən betər ermənilik etməsi dəhşətli idi. Yəqin ki, vicdan hissini itirmiş olmasaydı, bu nalayiq addımlarının Azərbaycanın ərzi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş minlərlə talış övladının ruhunu incitdiyini anlayardı.

Adıçəkilən saytın rəhbəri Qarabağda bizim hamımıza – Azərbaycan xalqına, o cümlədən, onun ayrılmaz bir parçası olan talışlara güllə atan, “Miatsum” adlı mənfur separatçı hərəkatın sədr müavini olmuş, F.Abbaszadənin yaxın dostu, F.Abbaszadə kimi Azərbaycanda doğulub, sonra ona xəyanət edən Levon Melik Şahnazaryan idi. Görünür, “Miatsum”un və “Talış Muğan Respublikası”nın idarə olunduğu eyni mərkəz Abbaszadəni Şahnazaryanla Azərbaycana qarşı informasiya cəbhəsində vahid səngərdə birləşməyə vadar etmişdi.
Lakin xainlərin istifadə müddəti onların qulluq etdiyi ağalarının nəzərindəki faydalılıq və yararlılıq əmsalına görə ölçülür, əgər lazım olmayanda təhvil verilir və əlavə yükdən canlarını qurtarmış olurlar.

Onun agent fəaliyyəti “Voskanapat”la əməkdaşlıq etməklə bitmir. Ermənistanın “Yerkramas”, “Panorama”, “HayasaNews” və s. saytlarında onunla müsahibələr çap olunub, məqalələrlə çıxış edib.

Onun bioqrafiyasına nəzər saldıqda Bakı Dövlət Universitetini bitirməsi, orada uzun illər müəllim işləməsi faktı diqqəti cəlb edir. Azərbaycanda azsaylı xalqlara qarşı heç zaman ayrı-seçkilik olmayıb; olsaydı, F.Abbaszadə ölkəninən nüfuzlu ali təhsil müəssisəndə nə təhsil ala, nə də 14 il orada müəllim işləyə bilməzdi. Hətta 1993-1995-ci illərdə separatçı “Tolışi sədo” qəzetini nəşr edib, qondarma “Talış Muğan Respublikasının Milli Məclisinin sədri” elan etsə də, yenə universitetdə işləməyə davam edib, Azərbaycan dövləti ona tolerant yanaşıb, təqib etməyib, dözümlülük göstərib və səhvlərini düzəltmək üçün tam 2 il şans verib.

Onun fəaliyyətinə nəzər saldıqda xainliyin klassik təzahürünü müşahidə edirik. 1995-ci ildə Rusyaya gedən Abbaszadə Sankt-Peterburqda Azərbaycan əleyhinə qəzet nəşr edib, 2005-ci ildə Ermənistanda (!!!) “talışşünaslıq” üzrə ilk beynəlxalq konfrans təşkil olunub və “qəhrəman”ımız orada çıxış edib. Onun üçün norma ermənilərlə birləşib, vətəninə xəyanət, satqınlıq etməkdir. Onun bu hərəkətini ilk növbədə Azərbaycanı öz doğma vətəni olaraq sevən mərd talış xalqı bağışlamaz, eləcə də Azərbaycan xalqına, o cümlədən talışlara güllə atan ermənilərlə bir masada oturmaqla şəhidlərin ruhuna hörmətsizlik edib.

F.Abbaszadə elə həmin tədbirdə buldirmişdi ki, “bizə informasiya dəstəyi lazımdır, o cümlədən, Ermənistanın da həmçinin. Biz bu şansı dəyərləndirməsəydik, axmaq olardıq!”

Təbii ki, bu cür tədbirləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təşkil etməsi aşkar həqiqətdir. Ermənistanın Azərbaycana qarşı müharibəsi təkcə işğal olunmuş ərazilərdə, qoşunların təmas xəttində baş vermir, həm də Azərbaycanda yaşayan asaylı etnik xalqlar arasında separatizm meyllərinin gücləndirilməsi ilə müşayiət olunur. F.Abbasadə də Ermənistan xüsusi xidmət orqanlarının konfidensial əməkdaşlığa cəlb etdiyi agentlərdən biridir. O, Ermənistan xüsusi xidmət orqanlarının agenti olmaqla bərabər, Rusiya və İranda Azərbaycana qarşı çıxış edən bəzi dairələrlə də sıx əməkdaşlıq edib.

Prezident İlham Əliyevin Soçiyə səfərindən bir gün öncə ermənipərəst Rusiya saytlarında Azərbaycanda bir qrup şəxs tərəfindən keçirilən dəyirmi masanı Azərbaycan dövlətinin və xalqının Rusiyaya qarşı mövqeyi kimi qələmə vermək ara qarışdırmaqdan başqa heç nə ola bilməzdi.

Həm Rusiyada, həm Avropada gizlənən bəzi xəyanətkarlara, agentlərə də dərs olsun ki, siyasi sığınacaq almaqla, yaxud qaçıb gizlənməklə iş bitmir. Azərbaycanda ölüm hökmü 2001-ci ildən ləğv edilib. Deməli, onların həyatına heç bir təhlükə yoxdur. Uzağı, əməllərinə görə gəlib həbs cəzası çəkəcəklər. Necə ki, Fəxrəddin Abbaszadəni o aqibət gözləyir.

Rusiya təhvil verdiyi kimi, Avropa da günün birində bütün agentləri, satqınları təhvil verəcək. Böyük dövlətlərin böyük maraqları var, “insan haqları” və s. isə hamısı bu maraqlar üçün istifadə olunan örtükdür. Maraqlar tələb edəndə separatçılar, xəyanətkarlar da təhvil veriləcəkdir. Necə ki, Rusiya bunu etdi. Çünki onlar Rusiyada gizlənmiş erməni agentləri idilər. Xəyanətkar Ermənistanın xəyanətkar agentləri isə artıq Rusiyaya lazım deyil!

Nəzakət Məmmədova
Azvision.az üçün




Teqlər: Agent   Fəxrəddin-Abbaszadə  





Xəbər lenti