ARDNŞ-də amerikalı qonaqlar - FOTO

ARDNŞ-də amerikalı qonaqlar - FOTO
  16 Noyabr 2013    Oxunub:1451
Dövlət Neft Şirkətində ABŞ-ın Arizona ştatının nümayəndə heyəti ilə görüş olub.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ABŞ-ın Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

AzVision.az xəbər verir ki, ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan ilə ABŞ arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu cür səfərlərin mühüm rol oynadığını qeyd edən şirkətin prezidenti Rövnəq Abdulayev Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın alternativ təbii qaz mənbəyi kimi verəcəyi töhfələrdən danışıb. Rövnəq Abdullayev artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qazın həcmlərinin, nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırıb. ARDNŞ-in prezidenti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” kimi mühüm layihələrin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın yalnız müstəqillik dövründə öz zəngin təbii sərvətlərinin sahibi olduğunu vurğulayan R.Abdullayev təxminən 160 illik neftçıxarma dövründə Bakıda və Abşeron yarımadasında yaranan ekoloji problemlərdən danışıb və bu problemlərin həlli istiqamətində görülən işlər haqqında qonaqları məlumatlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tövsiyəsinə uyğun olaraq azərbaycanlı gənclərin Avropa və Amerikadakı nüfuzlu ali məktəblərdə təhsil almaları istiqamətində ARDNŞ də həyata keçirilən tədbirlərdən geniş bəhs edən R.Abdullayev regional və qlobal əhəmiyyətli layihələrin icrasında həmin gənclərin bilik və bacarığından səmərəli istifadə olunduğunu bildirib.

Arizona ştatının Senat və Nümayəndələr Palatasının üzvləri öz növbəsində Azərbaycana səfərdən böyük məmnunluq duyduqlarını bildiriblər. Ölkəmizdə olduqları yerlər, keçirdikləri görüşlər haqqında razılıq hissi ilə danışıblar.


Teqlər:  





Xəbər lenti