Nabucco iflasa uğradı

Nabucco iflasa uğradı
  18 Noyabr 2013    Oxunub:1601
Uzun müddətdir böyük müzakirələrə səbəb olan Nabucco layihəsi nəhayət ki, tam iflas etdi.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Nabucco” Konsorsium şirkəti fəaliyyətini artıq dayandırıb. Həmçinin şirkətin saytı da https://azvision.az/redirect.php?url=http://www.nabucco-pipeline.com səssiz-səmirsiz şəkildə bağlanıb. Eyni zamanda şirkətin bütün işçiləri işdən azad edilib.

Nabucconu iflasa aparan səbəb

Yeni TANAP layihəsi ortaya çıxdıqdan sonra Nabucco boru xəttiylə daşımaq üçün qaz tapılmadı. Nabuccoya Azərbaycan Şahdəniz yatağından qaz verəcəkdi. Lakin Azərbaycan və Türkiyə TANAP layihəsini imzaladıqdan sonra Nabucco diqqətdən kənarda qaldı. Şahdənizdən Avstriyadakı Baumqartenə qədər olan Nabucco, Türkiyə-Bolqarıstan sərhədindən başlayıb Avropanın daxilinə qədər uzanacaqdı.

Bundan sonra Nabucconun adı dəyişdi və Nabucco West oldu. Nabucco West TANAP layihəsi ilə birgə Türkiyənin qərbinə qədər gələcək qazın Avropaya daşımağa namizəd olsa da, bu rolu Trans Adriyayik Pipeline (TAP)-a uduzdu. Çünki, 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu Türkiyənin qərb sərhədlərinə qədər TANAP-la daşınan qazı Avropaya aparmaq üçün TAP-ı seçmişdi.

Şirkət davam edəcəyik dedi, amma…

Bu qərardan dərhal sonra “Nabucco” Konsorsiumu yenə də öz fəaliyyətini davam etdirəcəyini bildirdi. Şirkətin açıqlamasına görə, Avropanın daha çox təbii qaza ehtiyacı var və buna görə də şirkət öz fəaliyyətini davam etdirəcək.

Lakin, bu açıqlamanı verən “Nabucco” Konsorsiumunun ortaqları yenidən şirkətin fəaliyyətini müzakirə ediblər. Avqust ayından etibarən isə şirkət öz işçiləri ilə yollarını ayırdı. Oktyabr və noyabr aylarında isə əməkdaşlarla müqavilələr sona çatıb. Dekabr ayında isə şirkətin tamamilə bağlanacağı gözlənilir. Şirkətin CEO-su Reinhard Mitschek isə əvvəl işlədiyi şirkətə - OMV-ə dönüb.

Qeyd edək ki, Nabucco layihəsinin təməli 2002-ci il oktyabrın 11-də Vyana şəhərində qoyulub. Layihənin ortaqları sırasında Avstriya, Macarıstan, Ruminiya, Bolqarıstan, Türkiyə və Fransa var idi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti