Azərbaycanın aldığı lüks sərnişin qatarı - VİDEO+FOTOLAR

Azərbaycanın aldığı lüks sərnişin qatarı -  VİDEO+FOTOLAR
  04 Aprel 2019    Oxunub:8690
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı artıq Azərbaycandadır. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana, daha sonra isə ökəmizə gətirilib.
Azvision.az-ın məlumatına görə, qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir.

Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.



Qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir.

Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə və Gürcüstanla ölkəmiz arasındakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırıb.

























































Aytən Zəhra
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: BTQ   Qatar  





Xəbər lenti