Məhkəmə-hüquq sistemindəki islahatlar müzakirəyə çıxarıldı - FOTOLAR+VİDEO

 Məhkəmə-hüquq sistemindəki islahatlar müzakirəyə çıxarıldı -  FOTOLAR+VİDEO
  06 May 2019    Oxunub:11559
“Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans işə başlayıb.
Azvision.az xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə keçirilib.



Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak ediblər.



AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransın keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, konfrans hüquq sahəsində aparılan islahatların biznes ictimaiyyətinin fəaliyyətinə təsirlərinin, özəl sektorun bu istiqamətdə rəy və təkliflərinin nəzərə alınması üçün təşkil olunub.



Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərdə biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs etdi və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğulayıb.



Gündüz Kərimov qeyd edib ki, aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daim diqqətinin bariz nümunəsidir.

Birinci vitse-prezidentin köməkçisi dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.



Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanı əsasında həyata keçirilən yeniliklərin sahibkarlar və biznes nümayəndələri ilə birgə müzakirəsi mühüm əhəmiyyətə malikdir.

PA rəsmisi deyib ki, hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. O, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanının məqsədinin bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha səmərəli müdafiə etmək olduğunu söyləyib. Vüsal İsayev bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələnin başlandığını və bunun yeni islahatlar dalğasını yaradacağını deyib.

Tədbir çıxışlarla davam edib.











Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Hüquq   Məhkəmə  





Xəbər lenti