Türkiyə iqtisadiyyatındakı zəifləmənin Azərbaycana təsiri olacaqmı? – TƏHLİL

   Türkiyə iqtisadiyyatındakı zəifləmənin Azərbaycana təsiri olacaqmı? –    TƏHLİL
  20 May 2019    Oxunub:3956
Azərbaycanın qonşu olduğu demək olar bütün ölkələr dünyanın bir nömrəli iqtisadiyyatına sahib olan ABŞ tərəfindən sanksiyalar və yaxud da digər basqılar altında saxlanılırlar. Bu isə həmin ölkələrin iqtisadiyyatlarını, onlarda artımı buxovlayır, inkişafı çərçivəyə salır. Qeyd olunan vəziyyət təbii olaraq ölkəmizin iqtisadi inkişafına da mənfi təsir göstərir. Çünki bizim bu ölkələrlə qarşılıqlı ticarət əlaqələrimiz, investisiya münasibətlərimiz, ortaq layihələrimiz mövcuddur.
Məsələn, götürək, Türkiyəni... Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə Türkiyədir. Bu da təbiidir. Türkiyə ilə bizi bir çox tellər bağlayır. O cümlədən, qardaş ölkə Avropaya çıxışımızda vacib qapılardan biri sayılır. Ölkəmizə aid bir çox strateji layihələr məhz onun ərazisindən keçir. Odur ki, Türkiyənin ABŞ-ın basqısından dolayı iqtisadi zəifləməsi bizə də ziyandır.

Türkiyə iqtisadiyyatı isə sanki çökür... İstanbulda seçki məsələsindən sonra lirə ABŞ dollarına qarşı münasibətdə yenə dəyər itirməyə başladı. Əlbəttə, "seçki qalmaqalı" buna əsas səbəb sayıla bilməzdi. Bu, sadəcə olaraq, rəvac idi. Türkiyə iqtisadiyyatı keçən ildən tənəzzülə başlayıb. Belə ki, 2018-ci ildə bu ölkədə ÜDM istehsalı cəmi 2,6% səviyyəsində artdı ki, bu, 2008-ci ildən bəri, ən minimal göstərici idi.

Yeri gəlmişkən, 2016-da qeyd olunan göstərici 3,2%, bir il əvvəl isə 7,4% qeydə alınmışdı. ÜDM-in əhalinin rifahına düşən hissəsi 2017-ci il ərzində 10597 ABŞ dolları təşkil edirdisə, keçən il, yəni 2018-ci il ərzində 9632 ABŞ dollarına bərabər oldu. Bütün bunların qarşısında Qərblə, yəni ki, Okeanın o tayı ilə münasibətləri daha dərindən korlamaq isə yolverilməz sayılırdı. Amma təəssüf...

Son məlumata görə, Ankara ilin əvvəlindən bəri, artıq, ikinci dəfə olaraq ölkənin Mərkəzi Bankının (TMB) valyuta ehtiyatlarından istifadə etmək qərarına gəlib. Məqsəd büdcə kəsirini maliyyələşdirməkdən ibarətdir. Bu, çox ciddi mənfi bir haldır. Bu səbəbdən də, lirənin mövqeyində, o cümlədən, fond birjasında kəskin təlatüm yaşanır. Bu dəfə ölkənin Maliyyə Nazirliyi tərəfindən hazırlanan qanunverici normaya əsasən, TMB-dan ölkənin dövlət büdcəsinə 40 milyard türk lirəsi - 6,6 milyard ABŞ dolları ötürmək nəzərdə tutulur ki, sözügedən qanun layihəsinə tezliklə ölkə parlamentində baxılacaq. Cari ilin yanvarında isə TMB-dan Maliyyə Nazirliyinin sərəncamına 37 milyard lirə transfer edilmişdi. Onda da məqsəd büdcə kəsirinin hökumətin gözlədiyinə rəğmən, çox təşkil etməsi idi.

Bəs, yaxın gələcəkdə vəziyyət necə ola bilər? Türkiyə iqtisadiyyatını nə gözləyir? Azərbaycanın Türkiyə iqtisadiyyatında investisiysları üçün təhlükə varmı?

Büdcə kəsirini valyuta ehtiyatlarından xərcləməklə müəyyən müddət azaltmaq və yaxud bağlamaq mümkündür. Lakin iş ondadır ki, tədiyyə balansında vəziyyət müsbətə doğru dəyişməlidir. Əks təqdirdə, valyuta ehtiyatları minimuma enəcək. Odur ki, büdcə xərclərinin sekvestrinə getmək getdikcə, olduqca qaçılmaz hala çevrilir. Çünki ABÇ-ın təzyiqləri fonunda xarici ticarət balansında tələb olunan səviyyədə müsbət dinamikaya nail olmaq müşkül məsələdir. Lirənin kəskin devalvasiyası isə zəruri görünsə də, bu da kapital axınını sürətləndirə və genişləndirə bilər.

Sözün qısası, qardaş ölkə bu gün özünün ən həssas bir dövrünü yaşayır. Ankara üçün 2-3 il vaxt udmaq hava vu su kimi vacibdir. Belə ki, sonrakı müddətdə türk iqtisadiyyatı bir sıra regional strateji layihələrin gerçəkləşməsi sayəsində xarici təsirlərə indikindən daha artıq dərəcədə dayanıqlıq nümayiş etdirmə gücünə sahib olacaq ki, bu səbəbdən də indiki halda ilk növbədə iqtisadiyyata təsir edən psixoloji amillər aradan götürürmək lazımdır.

Ölkəmizə gəldikdə isə, Türkiyədəki investisiyalarımız strateji layihələr üzrədir və uzaqmənzilli məqsəd daşıyır. Ümumiyyətlə, Türkiyəyə ən çox investisiya qoyan ölkələr Azərbaycan və Hollandiyadır. Ötən il Türkiyəyə dünya ölkələri tərəfindən 13 milyard 163 milyon dollarlıq investisiya qoyulub. Ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin də bilavasitə Türkiyədə yaradılması təsadüfi deyil. Düz11 il əvvəl, yəni 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə neft-kimya sənayesinin nəhəngi sayılan həmin şirkətin, yəni “Petkim”in nəzarət-səhm paketini özəlləşdirilmə yolu ilə alaraq, ötən müddət ərzində “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırıb. "Star"a qədər isə heç bir nə özəl, nə də dövlət şirkətimiz ölkədən kənarda 6,3 milyard dollarlıq həcmində iş görməmişdi.

Türkiyə bu zavodun işə düşməsi ilə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan qurtulacaq. Söhbət, dizel yanacağı üzrə Türkiyəyə idxalın 40%-ə qədər, həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsinin isə 70%-dək enəcəyi kimi məsələdən gedir. Sözün qısası, Azərbaycanın Türkiyədəki investisiyaları "Star" kimi uzaqvuran artileriya xarakteri daşıyan layihələri əhatə edir. Və odur ki, bizim itirə biləcəyimiz heç nə yoxdur.

Ümumiyyətlə, iki ölkə arasında olan iqtisadi münasibətlər və ticarət dövriyyəsi sabit olaraq inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12% artaraq 2.6 milyard ABŞ dollarını keçmişdi. 2018-ci ilin ticari iqtisadi göstəriciləri də çox müsbətdir – dövriyyə 22%, ixrac 18%, idxal 25% artım nümayiş etdirib. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə...



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti