Neft və banan: CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi – TAM MƏXFİ

      Neft və banan:    CİA ABŞ-a sərf etməyən hökumətləri necə devirirdi –    TAM MƏXFİ
  23 May 2019    Oxunub:6740
Əsas məqsədlərindən biri dövlətin konstitusiya quruluşunun qorunub-saxlanılması olan xüsusi xidmət orqanları bəzən digər ölkələrdə onların maraqlarına zidd siyasət yeridən hakimiyyətlərin devrilməsində və ya ümumiyyətlə, həmin dövlətdə çevrilişlər həyata keçirərək dövlət quruluşunun dəyişdirilməsində fəal iştirak ediblər.
Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin ən uğurlu əməliyyatlarından biri 1950-ci illərdə İranda dövlət çevrilişinin təşkili olmuşdu. 1941-ci ilin avqust ayında Böyük Vətən Müharibəsinin başlamasından sonra İrana ingilis və sovet qoşunları yeridilmiş, nəticədə 1941-ci il sentyabr ayının 16-da almanpərəst Rza şah taxt-tacdan əl çəkərək, Britaniya hökumətinin nəzarəti altında Cənubi Afrika İttifaqına sürgünə göndərilmişdi. Böyük Britaniya və SSRİ-nin razılılğı əsasında taxt-taca Məhəmməd Rza Pəhləvinin oğlu sahib olmuşdu. Bu hadisələr nəticəsində İranda şahın nüfuzu aşağı düşmüş və parlamentin təsiri güclənmiş, Məclis müstəqil hakimiyyət mənbəyinə çevrilmişdi.

1949-cu ildə İran Milli Cəbhəsi (İMC) yaradılmış, onun rəhbəri doktor Məhəmməd Müsəddiq olmuşdur. Cəbhənin əsas tələblərindən biri 1933-cü ildə bağlanmış qeyri-bərabər İngiltərə-İran müqaviləsinin ləğv edilməsi olmuşdu. Müqavilənin tələblərinə əsasən, İranın neft yataqları altmış il müddətində Böyük Britaniyaya məxsus olan İngiltərə-İran Neft Şirkətinə (İİNŞ) təhvil verilirdi. 1951-ci il mart ayının 15-də Məclis yekdilliklə neft sənayesinin milliləşdirilməsinə dair qanun qəbul etdi. Həmin ilin aprel ayının 29-da şah Müsəddiqi baş nazir təyin etmək məcburiyyətində qaldı.

Təbii ki, hadisələrin bu cür gedişi ingilisləri heç cür qane edə bilməzdi. Milli Cəbhəni bütün Orta Şərq üçün təhlükəli presedent hesab edən Böyük Britaniya İran neftinin beynəlxalq boykotunu təşkil etdi, İngiltərənin Məxfi Kəşfiyyat Xidməti isə İranda dövlət çevrilişi hazırlamağa başladı. Lakin İkinci Dünya müharibəsinin başa çatmasından sonra İngiltərə qəti şəkildə öz əvvəlki dünya lideri statusunu iki superdövlətə - ABŞ və SSRİ-yə güzəştə getdiyi üçün ingilislər öz planlarını həyata keçirmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə müraciət etmək məcburiyyətində qaldılar.

Öz növbəsində Müsəddiq də ABŞ-ın dəstəyini qazanmağa çalışırdı. İlk zamanlar ingilisləri İrandan sıxışdırıb çıxararaq ölkənin neft resurslarına nəzarət etmək istəyən ABŞ Müsəddiqi dəstəkləyirdi. 1951-ci ilin iyul ayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Uilyam Harriman İrana, həmin ilin oktyabr ayında isə Müsəddiq ABŞ-a səfər etmişlər. Səfər zamanı ABŞ prezidenti Harri Trumen ilə görüşən İran baş naziri onu özünün qatı antimarksist olduğuna inandıra bildi. Nəticədə MKİ direktoru Uolter Bedell Smit və onun birinci müavini Allen Dalles Britaniya tərəfinə məlumat verdilər ki, nə qədər ki, Trumen Ağ Evdədir, heç bir şey etmək mümkün olmayacaq.

Bunula belə, İngiltərə-İran münaqişəsi dərinləşməkdə davam edirdi. 1951-ci ilin oktyabr ayında Müsəddiqin sərəncamı ilə İranda işləyən britaniyalı neft mütəxəssislərinin hamısı ölkədən çıxarıldı. 1952-ci il oktyabr ayının 22-də Böyük Britaniya və İran arasında diplomatik münasibətlər kəsildi.

Lakin 1953-cü ildə ABŞ prezidenti kürsüsündə Trumeni Eyzenhauerin əvəz etməsindən sonra vəziyyət köklü surətdə dəyişdi. 1953-cü il iyun ayının 23-də ABŞ-ın yeni dövlət katibi Con Foster Dalles bir sıra hərbçi, kəşfiyyatçı və diplomatların iştirakı ilə müşavirə keçirərək ABŞ-ın maraqları naminə İranda dövlət çevrilişinin təşkil edilməsi zərurəti barədə prezident D. Eyzenhauerə məruzə hazırladı.

Bu qərarın əsas səbəbi isə strateji antisovet planları idi. Yeni ABŞ adminstrasiyasını neytral İran qane etmir və onun ABŞ-ın nüfuz dairəsinə daxil edilməsi, xüsusilə ölkənin strateji neft ehtiyatları üzərində nəzarəti ələ keçirmək planlaşdırılırdı. Bundan başqa, MKİ direktoru A. Dalles həm də bu məsələdə öz şəxsi mənafeyini güdürdü. Belə ki, MKİ-yə xidmətə daxil olmamışdan əvvəl onun işlədiyi hüquq firması İngiltərə-İran Neft Şirkətinin işini aparmışdı.

Əməliyyata “Ayaks” adı verildi. MKİ-nin İrandakı rezidenti C.Kyuvye çevrilişin məqsədəuyğunluğuna şübhə etdiyi üçün əməliyyata rəhbərlik digər MKİ əməkdaşı – ABŞ prezidenti olmuş Teodor Ruzveltin nəvəsi Kermit Ruzveltə həvalə edilmişdi.

Kermit Ruzvelt İranda tarix müəllimi və Amerikanın Yaxın Şərqdəki Dostları Assosiasiyasının rəhbəri örtük adı altında fəaliyyət göstərmişdir. Assosiasiya MKİ tərəfindən öz əməkdaşlarını pərdələmək məqsədi ilə yaradılmışdı. Ruzveltin əsas köməkçisi Tehrana tarix fənnini tədris etmək üçün göndərilmiş Yel Universitetinin professoru R. Blek idi. O, İran xüsusi xidmət orqanları ilə yaxın əlaqələrə malik idi və onun rəhbərlərindən bəzilərinin MKİ ilə konfidensial əməkdaşlığa cəlb edilməsini təşkil etmişdi.

Ruzvelt 1953-cü ilin iyul ayında gənc İran Şahı Pəhləvi ilə görüşərək onu nəzərdə tutulan çevrilişin ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənməsinə inandıra bildi. İkinci Dünya müharibəsi zamanı Nyu-Cersi ştatının keçmiş polis rəisi Q. Şvartskopf Şah Qvardiyasına komandanlıq etdiyindən Ruzvelt onu İrana qayıdaraq əməliyyatda iştirak etməyə razı sala bildi.

1953-cü ilin avqust ayında Şah Müsəddiqin istefaya göndərildiyini və onun yerinə baş nazir vəzifəsinə general Fəzullah Zahidinin təyin edildiyini bəyan etdi. Lakin Müsəddiq səlahiyyətlərindən imtina etmədiyi üçün ölkədə kütləvi iğtişaşlar başladı və Şah ölkəni tərk etməyə məcbur oldu. Bu zaman hadisələrə fəal şəkildə müdaxilə edən K. Ruzveltin başçılıq etdiyi Pəhləviyə sadiq qüvvələr hərbi çevriliş həyata keçirdilər. Nazirlər Kabineti hakimiyyətdən uzaqlaşdırıldı, M. Müsəddiq isə həbs edildi. Şah rejimini dəstəkləyən və MKİ-nin iştirakçılarına pul ödədiyi “xalq nümayişləri” təşkil edildi.

Şah ölkəyə qayıtdı və bütün sonrakı illərdə öz himayədarlarına sədaqətini qoruyub-saxladı. 1954-cü il noyabr ayının 19-da ölkənin yeni hökuməti Beynəlxalq Neft Konsorsiumu ilə İranın cənubundakı neftin çıxarılması və emalına dair müqavilə imzaladılar. Konsorsium səhmlərinin 40%-ni İngiltərənin “Britiş Petrolium”, 40%-ni ABŞ-ın beş neft şirkəti, 14%-ni ingilis-holland “Royal – Datç Şell”, 6%-ni Fransanın “Kompani fransez de petrol” şirkəti əldə etdi. Bundan başqa İran İngiltərə-İran Neft Şirkətinə 1951-ci ildə ölkənin neft sahəsinin milliləşdirilməsi zamanı vurulan zərərin müqabilində iyirmi beş milyon funt sterlinq pul ödədi.

* * * * *

Son zamanlar beynəlxalq münasibətlərdə “banan respublikası” ifadəsi geniş yayılıb. Bu termin Mərkəzi Amerikada meydan gəlmiş oliqarxik iqtisadiyyata malik amerikapərəst rejimləri ifadə etmək üçün işlədilmişdi. Bu ad ilk dəfə həmin ölkələrdə Amerikaya məxsus “United Fruits Company” adlı banan monopoliyasını həyata keçirən şirkətin fəaliyyəti ilə bağlıdır.

1944-cü ilin oktyabr ayında belə respublikalardan biri olan Qvatemalada general Xorxe Ubikonun diktatura rejimi inqilab yolu ilə devrilmiş, dekabr ayında isə Xuan Xose Arevalo ölkə prezidenti seçilmişdi.

1951-ci ildə prezident seçkilərində Qvatemala ordusunun kapitanı və 1944-cü il üsyanının rəhbərlərindən biri olmuş Xakobo Arbens qalib gəlmişdi. Daha radikal əhval-ruhiyyəli yeni prezident ölkəni geridə qalmış yarımfeodal vəziyyətdən çıxarmağa çalışaraq milli iqtisadiyyatı möhkəmləndirməyə, zəhmətkeşlərin hüquqlarını təmin etməyə, müstəqil xarici siyasət yeritməyə üstünlük verməyə başladı. 1952-ci ildə ölkədə aqrar islahatlar başladı və nəticədə yerli oliqarxlara məxsus torpaq sahələri, o cümlədən Amerikanın “Yunayted frut kompani” şirkətinə məxsus olan səksən min hektar toraq sahəsi milliləşdirildi.

Həmin torpaqlar “United Fruits Company”yə 1930-cu illərdə general Xorxe Ubiko tərəfindən tamamilə pulsuz verilmişdi. Onun milliləşdirilməsi zamanı Qvatemala hökuməti “United Fruits Company”yə altı yüz min dollar məbləğində təzminat ödəmişdir. Lakin ABŞ mətbuatı hay-küy qaldıraraq Qvatemalada kommunist diktaturasının qurulması, prezident Arbensin isə Moskvanın əlində alət olması barədə kampaniyaya başladılar. 1953-cü ilin sonlarında ABŞ prezidenti D. Eyzenhauer Mərkəzi Kəşfiyyat İdarəsinə İranda olduğu kimi Qvatemalada da dövlət çevrilişi hazırlamaq barədə göstəriş verdi.

1954-cü ilin yanvar ayında ABŞ Milli Təhlükəsizlik Şurasının müşavirəsində Arbens hökumətinin devrilməsi planı müzakirə edilərək Qvatemalaya qarşı “El Diablo” (“İblis”) adlı əməliyyat həyata keçirmək qərara alındı. Əməliyyat zamanı ABŞ Hərbi-Hava Qüvvələri örtüyü altında “Azadlıq Ordusu”nun ölkə ərazisinə yeridilməsi ilə eyni vaxtda Qvatemala ordusunda qiyam qaldırılmasını təşkil etmək nəzərdə tutulurdu.

Öz planlarının həyata keçirilməsi üçün MKİ Honduras və Nikaraquada muzdlular hazırlanması üçün yeddi baza yaratmışdır. 1954-cü ilin iyun ayının 16-da MKİ direktoru A. Dalles Qvatemalada dövlət çevrilişi hazırlığının başa çatdığını elan etmiş, onun qardaşı C. Dalles isə ölkə əhalisinin kommunist rejimini devirməyə hazır olması barədə mətbuat konfransı keçirmişdi.

Ertəsi gün Qvatemala ordusunun keçmiş polkovnik-leytenantı Kastilyo Armasın başçılığı altında silahlı dəstələr ölkə sərhədini keçmiş, “naməlum” təyyarələr isə onun ərazisinə desant qüvvələri çıxararaq Qvatemala şəhərlərini bombardman etmişlər. Lakin dörd gün sonra ABŞ prezidenti D. Eyzenhauerə MKİ muzdlularının darmadağın edilməsi məruzə edilmiş, iyun ayının 26-da isə “Azadlıq Ordusu”nun dəstələri Hondurasa geri qaçmışdı.

ABŞ-ın Qvatemaladakı səfiri Con Perifua ordu komandanlığı ilə razılığa gəldikdən sonra, polkovnik Dias yüksək rütbəli hərbçilərlə birlikdə prezidentin yanına gələrək ondan dərhal istefa verməyi tələb etdi. Qarşıdurmanın qarşısını almaq üçün Arbens istefa verməyə məcbur oldu.

Qvatemalanın yeni diktatoru Kastilyo Armas ölkədəki ABŞ şirkətlərinə qarşı tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırdı, 1955-ci ilin yanvar ayında isə “Yunayted frut kompani”nin müsadirə edilmiş bütün torpaqlarını geri qaytararaq, üstəlik şirkətə yeni imtiyazlar verdi. Nəticədə Qvatemala ABŞ-ın nüfuz dairəsinə daxil edildi, əməliyyatda iştirak edən MKİ əməkdaşları isə mükafatlar aldılar. MKİ keçmiş direktoru general Uolter Bedell Smit isə “Yunayted frut kompani”nin Direktorlar şurasının üzvü seçildi.

1978-ci ilin sonlarında İranda kütləvi iğtişaşlar başlamışdı. 1979-cu ilin fevral ayında İslam inqilabının baş verməsi və 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə hakimiyyətə gəlmiş Rza şah Pəhləvinin ölkədən qaçması nəticəsində ABŞ SSRİ ilə həmsərhəd olan və ərazisindən ona qarşı kəşfiyyat fəaliyyəti apardığı İran kimi ən qiymətli müttəfiqlərindən birini itirdi. Amerikalıların tək təsəlli mənbəyi yenicə hakimiyyətə gəlmiş ayətullah Xomeyninin ABŞ-ı sevməsə də, SSRİ-yə və kommunizmə də eyni dərəcədə nifrət bəsləməsi idi. Beləliklə, İran ABŞ-ın təsirindən çıxsa da, SSRİ-nin nüfuz dairəsinə də daxil olmamışdı.

Lakin həmin vaxtda ABŞ Mərkəzi Amerika qitəsində də müəyyən problemlərlə qarşılaşmalı olmuşdur. 1979-cu ildə uzun sürən partizan hərəkatında qalib gəlməsi nəticəsində Sandinist Milli Azadlıq Cəbhəsi (SMAC) ABŞ-ın dəstəklədiyi hərbi diktator Anastasio Somosu devirərək hakimiyyəti ələ almışdır. Məlum idi ki, Nikaraquanın Milli qəhrəmanı 1930-cu illərdə Amerika işğalçılarına qarşı mübarizə aparan Auqusto Sesario Sandinonun şərəfinə adlandırılan təşkilat ABŞ-a qarşı yönəlmiş xarici siyasət həyata keçirəcəkdir. Sandinistlər sosialist ideyalarına rəğbət bəslədiklərini də gizlətmirdilər.

ABŞ qarşısında “İkinci Kuba” probleminin meydana çıxacağı şübhəsiz idi. Nikaraqua ilə qonşu ölkələrdə - Qvatemala, Honduras və Salvadorda da güclü partizan hərəkatları başlamışdı. Mərkəzi Amerikanın amerikapərəst rejimlərinin bir-birinin ardınca süqut etməsi Sovet təsirini Meksika sərhəddinədək genişləndirə bilərdi.

Belə bir şəraitdə ABŞ-da prezident seçkilərində Ronald Reyqan qalib gəldi. Lakin kommunizm təhlükəsini Amerika qitəsindən birdəfəlik uzaqlaşdırmaq istəyən və bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsini əsas vasitə kimi görən Reyqan özündən əvvəlki ABŞ prezidenti Ford və xüsusilə Karterin dövründə bu təşkilatın imkanlarının xeyli azaldığının şahidi olmuşdu.

Nəzakət Məmmədova
Azvision.az üçün


Teqlər: CİA   İran   Çevriliş  





Xəbər lenti