İdman yarışlarına ev sahibliyi bizə nə verir? – TƏHLİL

   İdman yarışlarına ev sahibliyi bizə nə verir? –    TƏHLİL
  10 İyun 2019    Oxunub:5255
Avropa Liqasının Bakıda keçirilən final oyunu ətrafında həm daxildə, həm də xaricdə müzakirə və mübahisələr hələ də bitmir. 4 il öncə, bax elə bu vaxtlar ilk Avropa Oyunlarının başlanması tarixi yaxınlaşdıqca, bu möhtəşəm hadisənin Azərbaycanda baş tutacağı faktına sevinənlər ilə əleyhdarları arasında mübahisə və müzakirələr daha çox qızışırdı. İlk gündən məsələnin məhz iqtisadi tərəfləri daha çox araşdırılırdı. Bəziləri ölkəmizdə keçiriləcək bu tədbirə nəzərdə tutulandan artıq vəsait xərçləndiyini və bunun heç bir halda geri qayıtmayacağını, digərləri görülən işlərin rentabelli olacağını söyləyirdilər.
Qitə səviyyəli bu cür kütləvi tədbirlərin və yarışların bütün istiqamətlərdə əhəmiyyəti olduqca böyükdür. İqtisadi yüksəlişə, siyasi sabitliyə sahib olan ölkələrin belə tədbir və yarışlara ev sahibliyi etməyə çalışması da adətən, bundan irəli gəlir. Bu cür tədbirlərin keçirilməsi böyük məbləğdə maliyyə vəsaitləri tələb etsə də, sonda iqtisadi yüksəlişin daha da sürətlənməsi və ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin artmasına gətirib çıxarır. Bu mənada, bəziləri məsələyə çox bəsit yanaşır və Avropa Oyunları keçirilib başa çatan kimi dərhal “möcüzə” baş verəcəyini gözləyirdilər. Halbuki, söhbət dərhal nəticə əldə olunacağından getmir və gedə də bilməzdi.

Ümumiyyətlə, ölkəmiz son illər ərzində bir sıra mötəbər beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi edib ki, futbol üzrə Avropa Liqasının final oyunu da bunlardan biri idi. Bu yarış və tədbirlər yüksək səviyyədə keçirilməklə, Azərbaycanımız qeyd olunan sahədə hər dəfə çox mükəmməl təşkilatçılıq bacarığının olduğunu nümayiş etdirərək, heç bir inkişaf etmiş ölkədən geri qalmadığını sübuta yetirib. Əgər əksi olsaydı, yeni yarışlar və müxtəlif tədbirlər bir daha ölkəmizdə keçirilməz, Bakıya ev sahibliyi həvalə olunmazdı.

Avropa Liqasının finalı oyunun Bakıda keçiriləcəyi 2 il öncə, 2017-cı ildə məlum oldu. Həmin vaxt məsələn, Seviliya və İstanbul kimi şəhərlər də buna namizəd idi. Lakin Bakı rəqabətdən qalib çıxdı. Niyə? Çünki təkrar edirəm ki, əvvəlki bir sıra mötəbər tədbirlərə necə ev sahibliyi etdiyimiz göz qabağında idi. İstər birinci Avropa və İslam oyunlarında, istərsə də digər tədbirlərdə Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğu, iqtisadi cəhətdən inkişaf etdiyi açıq nəzərə çarpmışdı. Ölkəmiz daha yaxşı tanınaraq, Avropa və dünya ölkələri ilə sıx inteqrasiyaya hazır olduğumuzu ortaya qoymuşdu. Odur ki, getdikcə, güclənən bütün antitəbliğat kampaniyalarına rəğmən, Bakıya maraq artmaqdadır. Və bütün bunlar da ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər gətirməkdədir.

Bəli, istənilən tədbir xərcdir və onun keçirilməsinə, təşkilinə vəsait xərclənir. Xüsusən də söhbət beynəlxaq xarakterli yarış və tədbirlərdən gedərsə... Bütün bunlar Azərbaycan tərəfdən böyük səxavətlə həyata keçirilib, keçirilməkdə də davam edir. Ona görə də, hər növbəti tədbirlər bir az da artıq səviyyədə baş tutur. Buna səbəb həm də odur ki, əldə olunan nəticələr yüksək qeydə alınır.

Sual edirəm: hansı dövlət və hökumət bu və ya digər tədbirə sərf etdiyi məsrəfi heç olmasa "başa-baş" geri götürməsə, təkrar vəsait xərcləyər? Təkcə bir-iki fakta toxunum ki, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından və 2016-cı ildə baş tutmuş birinci “Formula”dan sonra Azərbaycana gələn turistlərin sayı 22% artdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirildi və bu dəfə müsəlman ölkələrindən gələn turistlərin sayı çoxaldı. 2017-ci ildə turistlərin sayı 20% artdı. “Formula-1” yarışında xidmət sektoruna 300 milyon dollara yaxın vəsait daxil olub.

Ona görə də, turizm hazırda kənd təsərrüfatı məhsullarının ixracından ölkəyə daha çox vəsait gətirən sahəyə çevrilib. Keçən il Azərbaycana turizmdən 2 milyard dollar vəsait daxil olub.

Ümumiyyətlə, bu cür yarışların keçirilməsi nəqliyyatın inkişafı (daşımaların artması və sair) deməkdir, ticarətin genişlənməsi (satış həcminin yüksəlməsi) deməkdir, xarici turistlərin ilkin və daha sonra təkrar axını deməkdir, xidmət sektorunun yükünün çoxalması ilə onun püxtələşməsi və inkişafı deməkdir, ölkəyə xarici valyuta axını deməkdir, mövcud infrastrukturun daha da müasirləşdirilməsi perespektivi deməkdir, ən adi rabitənin də belə gəlirlərinin əhəmiyyətli dərəcədə artması deməkdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Qısa desəm, ölkəmizin əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumən təxminən, 60 min nəfər təşkil edib.

Yeri gəlmişkən, Bakı Olimpiya Stadionu tikiləndə bunun sonradan faydasız bir obyekt olacağını söyləyənlər var idi. Halbuki, sözügedən tikilinin verəcəyi səmərəni konkret olaraq məhz Avropa Oyunlarına bağlamaq və bundan gözləmək sadəlöhvlük idi. Bu kimi infrastruktur obyektlər Azərbaycanda bütövlükdə xidmət sektoruna möhtəşəm bir töhfə hesab olunurdu. Və onun verəcəyi səmərə təkcə, bir-iki tədbirə hesablanmayıb. Daha bir sual edirəm: 68700 yerə sahib bu arena olmasa idi, yuxarıda sadaladığım faydaları necə götürə bilərdik?

Hələ bizə yaxın gələcəkdə daha belə bir möhtəşəm tikilinin lazım gələcəyini indidən söyləsəm, yanılmaram. Məsələn, Gəncədə və yaxud Naxçıvanda da bu cür stadion tikilə bilər. Yəni, sözün qısası, belə bir mötəbər yarış və tədbirlərin ölkəmizdə keçirilməsi iqtisadiyyatımızın qeyri-neft sektoru üçün elə töhvələr verir ki, bunu illər keçdikcə görəcəyik. Siyasi qazanclarımız isə ayrı söhbətin mövzusudur.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İdman   Yarışlar   Avroliqa   Formula  





Xəbər lenti