Erməni diasporunun “qara günləri”: Nə baş verir? – TƏHLİL

      Erməni diasporunun “qara günləri”:    Nə baş verir? –    TƏHLİL
  15 İyun 2019    Oxunub:7923
Bu həftə Fransanın Qrenobl şəhərinin məhkəməsinin ermənilərə növbəti zərbəni vuraraq, daha 4 xartiyanı ləğv etməsi artıq kifayət qədər ciddi məsələdir. Çünki belə görünür ki, indiyə qədər Fransada olduqca güclü təsirə malik olmuş erməni lobbi və diasporu həm dayaqlarını, həm də təsir imkanlarını itirməkdədir.
Ümumiyyətlə, mənzərəyə geniş bucaq altında baxsaq, hazırda erməni diasporu və lobbisi Qərb yarımkürəsində qara günlərini yaşamaqdadır. Ötən il Bundestaqdakı “Almaniya üçün alternativ” adlı ermənipərəst sağ radikal fraksiyanın Qarabağ ilə bağlı sorğusuna hökumətdən belə cavab gəlmişdi ki, həmin ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Amerikada erməni diasporu son vaxtlar maliyyə sıxıntısı keçirdiyini gizlətmir və istədiyi məbləğləri toplaya bilmir. İspaniyada və Almaniyada ötən il erməni mafiyasına qarşı keçirilən ardıcıl əməliyyatlardan sonra Avropa erməni kriminalının nə demək olması ilə yaxından tanış oldu və onların mənəvi-sosial dayaqları xeyli zəiflədi.

İndi isə ermənilərin ənənəvi olaraq çox güclü olduqları Fransada artıq qanunsuz rejimlə imzalanmış 5 xartiya ləğv olunub. Bu, o deməkdir ki, erməni lobbi və diasporu Avropada faktiki heç zaman indiki qədər aciz vəziyyətdə olmamışdı. Nə baş verir?

Bir tərəfdən, Avropadakı erməni lobbi və diasporunda nəsildəyişmə prosesi gedir. Yeni nəsildə Şarl Aznavur, Monserrat Kabalye, Baronessa Koks kimi güclü, tanınmış simalar yoxdurlar. Yeni fəalların çoxu qanunsuz fəaliyyətə bulaşmış orta və aşağı səviyyəli siyasətçilərdirlər. Onların da böyük qismi Paşinyan hökumətilə normal münasibətlər qura bilmir.

İkincisi və daha vacibi, Azərbaycanın Qərbin həm hökumətlərinə, həm də cəmiyyətlərinə təsir imkanları xeyli dərəcədə artıb. Bu istiqamətdə aparılan işlər nəticəsini verir: Biz özümüzə lazım olan informasiyaları indi daha rahat, asan şəkildə Qərb ictimaiyyətinə çatdıra bilirik. Onlar da Azərbaycanın maraqlarına əvvəllər heç vaxt göstərmədikləri həssaslıqla yanaşırlar. Çünki artıq hər kəs başa düşür ki, Azərbaycanla Ermənistan heç vaxt müqayisə edilə bilməzlər: Ermənistan əgər daşınması çətin olan “qulpsuz çemodan”dırsa, Azərbaycan faydalı və böyük xeyir verə bilən tərəfdaşdır.

Üçüncüsü, son illərdə Azərbaycanda keçirilən qlobal tədbirlərin - forumların, idman yarışlarının diplomatik effekti artıq özünü göstərməyə başlayır. Zamanında deyirdik ki, bunlar uzunmüddətli investisiyalardır. Və budur: Həmin investisiyalar artıq siyasi-diplomatik dividendlərini gətirməyə başlayır.

Dördüncüsü, Ermənistanın da Azərbaycan kimi balanslı və çoxtərəfli, tarazlı siyasət aparmaq cəhdləri iflasa uğrayıb. Çünki bunu Azərbaycan edə bilərdi və edir də, Ermənistan isə yox. Çoxtərəfli siyasət – Ermənistan kimi dövlətin həyata keçirə bilməyəcəyi qədər çətin və mürəkkəb konsepsiyadır. Hər şey bir qırağa, Ermənistanın ən azından potensialı buna imkan vermir. O, ancaq kiminsə, hansısa bir qüvvənin vassalı ola bilər. Və belə görünür ki, ermənilərin eyni zamanda iki ağaya qulluq etmək niyyətləri nənki baş tutmur, hətta əksinə, Qərbdə qıcıq oyadır. Buna görə də, ermənilərin öz əleyhinə çevrilir.

Artıq Qərb mətbuatında və ekspertlərin fikirlərində bu meyl açıq-aşkar hiss olunur. Bəziləri açıq şəkildə soruşurlar: Eyni zamanda həm NATO-nun, həm də Rusiyanın kampaniyalarına qoşulmaq nə deməkdir? Həm Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olmaq, eyni zamanda, Avropa Birliyinə can atmaq, Tərəfdaşlıq Sazişi imzalamaq və NATO ilə əməkdaşlığı genişləndirməklə Ermənistan hansı oyunu oynayır?

Eyni vaxtda iki ağanın süfrəsindən yemək, iki həyətin inəyinin südündən içmək əlbəttə, pis deyil. Amma həmin ağalar artıq özləri ermənilərə işarə verirlər ki, haça-paça qalmaq dövrü bitir, yavaş-yavaş ayaqlarını bir yerə yığmaq və seçimini etmək vaxtıdır. Çünki strateji seçim, strateji tərəfdaşlıq artıq ciddi məsələdir. Və bu istiqmətdə irəli getdikcə, Ermənistanın ikibaşlı oyunları davam etdirməsi çətin olacaq.

Bütün bunlar isə o deməkdir ki, Fransada başlayan proses hələ sadəcə Avropadakı erməni lobbi və diasporunin iflasından xəbər verən tumurcuqlardır. Çiçəklər və meyvələr daha betər olacaq.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Erməni-diasporu   Erməni-lobbisi  





Xəbər lenti