Mən özüm yazacağam...

Mən özüm yazacağam...
  29 Noyabr 2013    Oxunub:2430
Elnur KƏLBİZADƏ

`Xeyr a, cənab molla mən özüm yazacam Həzrəti Abbasa. Yazacam ki, sən cənab molla heç əməlli-başlı ərəb dilini bilmirsən, amma gəlib burda bizə moizə oxuyursan. Elə günü bu gün yazıb göndərəcəm Həzrəti Abbasa`.
(“Qəm pəncərəsi” filmi – Kefli İsgəndərlə Mollanın dialoqundan)

Yəqin ki, çoxumuz bu filmi izləyib. Molla Kefli İsgəndərin “Ərəbcə çörəyə nə deyərlər?” sualının qarşılığında “Ərəbistanda çörək olmaz, orda düyü yeyərlər”, “Bəs düyüyə nə deyərlər?” sualının qarşılığında isə “Camaat düz deyirmiş ki, sənin başın xarabdır. Ağlın başına gəlməsə, məktub yazacağam Həzrəti Abbasa!” deyir.


Bu, o molla idi ki, o zaman mədrəsələrə rəhbərlik edir, xalqın balalarına bilikləri öyrətdiyini iddia edirdi. Bu, sadəcə iddia idi. Özü “ərəb dərsini tamam eləməmiş, minbərə çıxan” mollanın özünün bildiyi bir şey olmadığı üçün insanlara da kor cəhaləti təbliğ edirdi. Təbii ki, o zaman “mürtəd” elan edilən Kefli İsgəndərlər olmasaydı, yəqin ki, biz hələ uzun zaman inanacaqdıq ki, dünya bizim kəndimizdən və yaxınlıqdan axan çaydan ibarətdir, Həzrəti Abbas da durub çayın o biri başında çayla gələn məktubları oxuyur.

Sonda da külli aləm, ətrafdakı xalqlar bizi görüb gülümsəyəcək və bizə ikinci və üçüncü növdən olan millət kimi baxacaq, hörmət etməyəcəkdilər. Çünki öndə gedən mollalarımız, öyrədənlərimiz özlərinə hörmət etmirdilər. Nəinki, ərəb dilində, hətta Azərbaycan dilində də düz-əməlli danışmırdılar. Məsələn, deməkdən ki, “Böyük İslam pəhləvanı” mövzusunu danışmaq üçün şagird Qasımın oğlu Əhmədə söz verilir, deyirdilər ki, “Böyük İslam pəhləvanı Qasımın oğlu Əhmədə söz verilir”. Yaxud da deməkdən ki, “Nəhcül bəlağə”nin müəllifi Əli ibn Əbu Talibdir, deyirdilər ki, “Nəhcül Bəlağə”nin müəllifi Əli Əkbərdir.

Hə, bütün bunlar gülməlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində Mirzə Cəlil bunları görürdü və gözündən yaş gələnə qədər gülürdü. Bu millətin müəlliminin, mollasının, mövlasının cahil ikən gənclərə nə öyrədə biləcəyini təsəvvür edirdi, sonra da ağlaya-ağlaya gülürdü. Yəqin ki, biz də ağlamaqla gülmək arasında eyforiya vəziyyətində qalardıq deyilmi? Məsələn, Azərbaycanın dövlət himninin sözlərini Əhməd Cavad əvəzinə Cavad Heyyət yazıb, - deyildiyini eşitsəydik.

Mən eşitdim. Həzrəti Abbasa məktub da yazdım. Amma çaya ata bilmədim. Həm indi çayın qırağına getmək təhlükəlidir, həm də Araz çayının kürə qoşulub Xəzər dənizinə axdığını bilirəm...


Teqlər:  





Xəbər lenti