Səlim Müslümov kadr islahatlarını davam etdirir

Səlim Müslümov kadr islahatlarını davam etdirir
  30 Noyabr 2013    Oxunub:1451
“İlk tələb etdiyim məsələ Tibbi-Sosial Ekspert komissiyalarında mövcud qüsurların aradan qaldırılmasıdır.

Dünən mətbuatda da müvafiq komissiyanın 14 rəhbərinin işdən azad edildiyi haqda məlumat verildi. Biz statistik göstəricilər əsasında orta respublika göstəricisindən mənfi istiqamətdə yuxarı göstəricilərə malik olan komissiyaların sədrlərini cəzalandırdıq. Bu proses davam edəcək”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.

O bildirib ki, verilən məlumata görə, 17 700-dən artıq şəxs yerlərdə TSEK-lərdə müayinələrdən keçib və onlara əlillik verilməsi barədə qərar qəbul olunub: “Pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondu və ya yerli orqanlardan müavinət almaq məqsədilə onlara sadəcə arayış verilməli idi. Amma bu sənəd onlara verilməyib. Onların içində 2011-ci ildən qalan onkoloji, dializ, hətta birinci qrup xəstələr var idi. Biz təcili surətdə bu məsələ ilə məşğul olduq. Bir gündə 2 280-dən artıq şəxsə müvafiq arayışın verilməsi təmin olunub”.

S.Müslümov əlavə edib ki, digər 15 mindən artıq şəxsin işlərinə isə demək olar ki, 5 gün ərzində baxılıb: “Təxminən 10 mindən çox işə baxılıb. Bu nə çətin məsələ idi ki, insanları 2 il süründürüblər?”

Nazir qeyd edib ki, ümumiyyətlə, arayışların verilməsi, ünvanlı sosial yardımların təyin olunması avtomatlaşdırılacaq və digər məsələlərə yeni baxış, yeni yanaşma olacaq.(apa)


Teqlər:  





Xəbər lenti