"Ziddiyyətli adam": Avropa Komissiyasının yeni sədri kim olacaq və ondan nə gözləyə bilərik? – TƏHLİL

     "Ziddiyyətli adam":    Avropa Komissiyasının yeni sədri kim olacaq və ondan nə gözləyə bilərik? –    TƏHLİL
  15 İyul 2019    Oxunub:4423
Avropa İttifaqının ali icra orqanı sayılan Avropa Komissyasının hazırkı sədri Jan-Klod Yunkerin səlahiyyət müddəti bitmək üzrədir və ondan sonra sözügedən posta ən real namizəd kimi Manfred Veberin (Manfred Weber) seçiləcəyi gözlənilir. Bəs bu seçim Avropa İttifaqı ilə tərəfdaş olan dövlətlərə, o cümlədən bizə nə vəd edir?
2014-cü ildə Avropa Komissiyasının sədri vəzifəsinə Jan-Klod Yunker seçilərkən İttifaq daxilində ciddi fikir ayrılıqları vardı. Əsasən Britaniya və Macarıstan açıq şəkildə Yunkerin seçilməsini istəmirdilər. Brüsseldə keçirilən gərgin görüşlərin və danışıqların sonucunda avroskeptiklərin istəyinin əksinə olaraq, sədr vəzifəsinə Jan-Klod Yunker seçildi. Baxmayaraq ki, həm baş nazir Devid Kameron, həm də Tereza Meyin zamanında Böyük Britaniya siyasi elitasında Jan-Klod Yunkerə qarşı müsbət siyasi münasibət yox idi. Maraqlıdır ki, Yunkerin seçilməsi prosesi zamanı yaşanan neansların bənzəri Veberin seçilməsində də təkrarlanır.

Avropa Komissiyası Brüsseldə ən böyük səlahiyyətlərə malik orqandır. Bu mənada seçim prosedurunun bir neçə ay davam etməsi normal sayıla bilər. Hər kəsə bəllidir ki, həmin vəzifə uğrunda əsas mübarizə Fransa ilə Almaniyanın arasında gedir. Təbii ki, hər iki ölkə bu vəzifəyə öz vətəndaşını, ya da başqa ölkədə yaşayan siyasi yetirməsini irəli sürməyə çalışır. Hazırda real namizəd kansler Angela Merkelin dəstəklədiyi Avropa Xalq Partiyası alyansından almaniyalı Manfred Veberdir. Lakin Fransa Prezidenti Emmanuel Makron onun bu kürsüyə seçilməsini istəmir. Makronun açıq dəstəklədiyi əsas namizəd isə danimarkalı Marqet Vestaqerdir.

Ziddiyyətli adam

Manfred Veber intiriqalara səbəb olan bir sıra addımları ilə də yadda qalıb. Misal üçün, onun Macarıstanı ağır tənqid etməsinin nəticəsində Budapeştlə Brüssel arasında diplomatik gərginlik yaranmışdı. Şübhəsiz ki, cənab Veber Macarıstanı “topa tutmaqla” Aİ daxilində siyasi nüfuz qazanmağa çalışırdı və nəticədə müəyyən mənada solçu və liberal fraksiyaların dəstəyini əldə edə bildi.

Veberin siyasi portretini ziddiyyətli edən nüanslardan biri də onun mənsub olduğu Xristian Sosialist İttifaqının mövqeyinə zidd gedərək, Avropanın enerji təminatında mühüm rol oyanacaq "Şimal axını-2" layihəsinə qarşı çıxmasıdır. Belə bir açıqlama Veberin Almaniyadakı siyasi reputasiyasını sual atında qoyur. Çünki bu mövqeyi Avropa Komissiyasına sədr seçilməsinə hesablanıbsa da, digər tərəfdən, mənsub olduğu partiyanın konkret siyasi xəttinə tamamilə əks getməsi onunla bağlı şübhələrin çoxalmasına yol açdı.

Başqa bir önəmli faktor isə Manfred Veberin Türkiyənin Avropa İttifaqına üzvülük məsələsinə sərt yanaşmasıdır ki, bu da sözsüz, onun sədr seçilməsinə hesablanmış gedişdir. Bu yolla Fransa və Niderland kimi ölkələrin az da olsa, rəğbətini qazanmış olur. Nəzərə alsaq ki, Makronun ona münasibəti heç də pozitiv deyil, Veberin "Türkiyə heç vaxt Avropa Birliyinə üzv olmayacaq" kimi fikirləri istər-istəməz rəsmi Parisin xoşuna gəlmək üçün manevr sayılır.

Azərbaycana nə vəd edir?

Avropa Komissiyasına yeni sədrin seçilməsi Azərbaycan üçün də əhəmiyyət daşıyır və rəsmi Bakı prosesləri yaxından izləməkdədir. Azərbaycan dövləti Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verir. Avropa Komissiyasının əvvəlki sədrləri ilə rəsmi Bakı arasında münasibətlərin hər zaman xüsusi yeri olub. Prezident İlham Əliyev dəfələrlə öncəki sədrlərin hər birilə görüşlə keçirib, Azərbaycan dövlətinin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini ifadə edib.

Kimin seçilməsi bizim üçün ona görə əhəmiyyətlidir ki, Avropa Parlamenti daxilində ermənipərəst, Azərbaycana qarşı düşmən təbliğatı aparan qüvvələr, eləcə də, dost olmayan şəxslər var. Bütün sadalananları nəzərə alıb, əminliklə söyləmək olar ki, gələcək spikerin seçilməsi bizim üçün hazırda aktual məsələlərdən biri sayıla bilər. Böyük ehtimalla seçiləcək Manfred Veberin bu günə qədər Azərbaycanla bağlı hansısa bir xoşagəlməz, qeyri-konstruktiv fikrinə rast gəlinməyib. Güman ki, Avropa Komissiyasının növbəti sədrinin zamanında da ikitərəfli münasibətlər əvvəlki kimi yüksələn xətt üzrə inkişaf edəcək və şübhəsiz ki, Avropa üçün Azərbaycanın rolu nəzərə alınaraq, yeni sədr tərəfindən Bakıya ciddi siyasi-iqtisadi qiymət veriləcək.

Fərrux Həsənov
Azvision.az üçün


Teqlər: Avropa-Komissiyası   Manfred-Veber  





Xəbər lenti