Mühacirət kəşfiyyatın xidmətində – KƏŞFİYYAT TARİXİ

  Mühacirət kəşfiyyatın xidmətində –    KƏŞFİYYAT TARİXİ
  17 İyul 2019    Oxunub:11997
Hansısa hakimiyyətdən narazı qalıb, xaricə qaçan mühacirlərdən öz dövlətinə qarşı istifadə etmək kəşfiyyat orqanlarının köhnə və sınanmış metodlarından biridir. Bunun ən maraqlı nümunələrindən biri də vaxtilə ingilis kəşfiyyatının fransız mühacirlərdən Napoleona qarşı necə faydalanmasıdır.
1806-cı ilin dekabr ayının 21-də Napoleon İngiltərənin kontinental blokadasını elan edir. O, Fransadakı bütün İngiltərə təbəələrini tutdurur, Avropa və Britaniya adaları arasında ticarət, hətta yazışmalar yasaqlanır. Həmişə belə hallarda olduğu kimi qaçaqmalçılıq inkişaf etməyə başlayır. Baxmayaraq ki, Fransa qanunlarına görə sərt cəzalandırılırdı, İngiltərə və Fransa arasında qaçaqmalçılıq getdikcə artmağa başladı.

Təbii ki, qaçaqmalçıların xidmətindən ingilis kəşfiyyatçıları, Fransadakı həmfikirlərilə gizli əlaqə saxlayan royalist sui-qəsdçilər və mühacirlər də istifadə edirdilər. Bu, olduqca təhlükəli idi, yüzlərlə agent fransız polisinin əlinə keçərək, ölüm cəzasına məhkum edilmişdi. Həmin dövrdə çoxsaylı fransız royalistləri və Napoleonun düşmənləri İngiltərədə mühacirətdə idilər. İngiltərə Napoleonu hakimiyyətdən uzaqlaşdırmaq üçün əksinqilabçı qüvvələrin hazırladıqları sui-qəsdləri maliyyələşdirirdi.

İngiltərədə toplaşmış royalistlər qraf de Artua, şahzadə Konde və hersoq Berriyskinin ətrafında qruplaşaraq, Napoleona qarşı sui-qəsdlər hazırlayırdılar. Orada habelə Jorj de Kadudalın başçılığı altında digər qəsdçilər dəstəsi də formalaşmışdı. Onlara Fransadakı əlaltıları ilə əlaqə yaratmaq və vəziyyət barədə məlumat əldə etmək lazım idi.

Həmin dövrdə öz məşuqəsi Jülyen Sperlə “De Kombremon” qəsrində məskunlaşmış Ratel adlı abbat çoxlu pul müqabilində İngiltərəyə məlumatlar göndərirdi. O, qadını da bu işə cəlb etmişdi və əvəzində İngiltərə kəşfiyyatından Jülyen üçün də pul alırdı. Britaniya məmurları ondan xərclər barədə hesabat tələb etdikdə məlum oldu ki, kəşfiyyat tərəfindən verilən on səkkiz min funt sterlinqin və üç yüz min frankın müqabilində abbat heç bir qiymətli məlumat verməyib, pulları isə özünə və mademuazel Sperə xərcləyib. Lakin digər abbat, Leklerk öz işinə məsuliyyətlə yanaşaraq, royalistlərə Fransada baş verən proseslər barədə vaxtlı-vaxtında, dolğun və əhatəli məlumatlar göndərmişdi.

Tarixçilər onu fəal, inadkar, diribaş, çevik, konspirasiya qaydalarına dəqiqliklə riayət edən, təmənnasız xidmət göstərən şəxs kimi səciyyələndirirlər. O, əqidəcə royalist olduğuna görə ideya əsasında İngiltərədə sığınacaq tapmış royalistlər tərəfindən konfidensial əməkdaşlığa cəlb olunmuşdu. Parisdə yaşayan abbat Leklerk ölkədə baş verən hadisələr barədə o dərəcədə geniş məlumata malik idi ki, hətta İngiltərə kəşfiyyatı onun fransızlar tərəfindən şəbəkəyə nüfuz etdirilmiş agent olduğundan şübhələnmişdi. Lakin tezliklə ona qarşı olan inamsızlıq aradan qalxır. Abbat özünə məlum olan bütün mənbələrdən məlumat toplayır və bir sıra insanları etibarlı şəxs və agent qismində royalistlərlə konfidensial əməkdaşlığa cəlb edirdi. Onun mənbələri arasında ticarətçilər, xırda məmurlar, polis əməkdaşları, zabitlər, hətta Napoleon ordusunun generalı da vardı. Xüsusilə yüksək rütbəli məmurların və zabitlərin arvadları ilə söhbətlər zamanı o, maraqlı məlumatlar əldə edirdi.



Napoleonun İngiltərəyə göndərilmək üçün hazırlanan qoşunlarının təlim keçdiyi “Bulon düşərgəsi” haqda da abbat Leklerk xeyli əhəmiyyətli məlumatlar toplamağa nail olmuşdu. Onun agenturası azsaylı, lakin olduqca məlumatlı idi. Məsələn, agentlərdən biri Fransa Hərbi Nazirliyinin Brestdəki nümayəndəsi, digəri isə İmperiya Donanmasının İnzibati Şurasının işçisi idi. O, İngiltərə ilə əlaqə saxlamaq üçün öz katibi Pyer Mari Pua ilə birlikdə sahilyanı şəhərlərə gəlirdi. Balıqçı mehmanxalarından birində yoxsul balıqçılarla bir yerdə əyləşərək, yeyib-içən Leklerk və köməkçisi onları konyaka qonaq edir, söhbət əsnasında balıqçılara izah edirdilər ki, ticarətçidirlər və Londonda yaşayan qohumlarını miras məsələsi ilə bağlı xəbərdar etməlidirlər. Hətta məktubda siyasi çaların olmadığına əminlik yaratmaq üçün Pyer Mari Pua onu ucadan oxuyurdu. Əslində isə məktubun mətnində sətirlər arasında gözlə görünməyən mürəkkəblə digər məktub – agentura məlumatı yazılmışdı. Balıqçılardan kimsə çoxlu pul müqabilində məktubu balıq tutulan zaman rastına çıxan ingilis gəmisinə ötürməyə razı olurdu.

Belə balıqçılardan biri Filipp adlı fransız idi. Filipp Treporda kiçik baqqal dükanının sahibi idi. O, bir çox dostlarını, yerli məktəb müəllimi Düponşeli və arvadını agent qismində bu işə cəlb etmişdi. Filipp ingilis gəmisinə çatdırılacaq məktubu gizli ciblərinə daşıyır və hər dəfə buna görə iyirmi frank alırdı. Leklerk onu xəbərdar etmişdi ki, əgər qəflətən polis həbs etsə və ya sorğu-suala çəksə, belə bir əfsanə uydyrsun ki, məktubu sahildə tapıb və onu Bulon polis məntəqəsinə aparırdı.

Leklerk ruhani olduğundan, royalistlərə sadiq mömin şəxslər ona evlərində sığınacaq verirdilər. O, olduqca yüksək mənəvi keyfiyyətlərə malik, Napoleona və inqilaba fanatikcəsinə nifrət bəsləyən şəxs olduğu üçün aristokrat dairələrdə çoxlu tərəfdarları meydana gəlmişdi. Abbatın etibarlı köməkçilərindən biri də mademuazel de Russel de Previl idi. 1804-cü ildə iyirmi yaşı yenicə tamam olmuş qızı cazibədarlığına görə “Nimfa” adlandırırdılar. Əyləncələrə meylli olan bu qızın kəşfiyyat barədə heç bir təsəvvürü yox idi. Leklerkin nə ilə məşğul olduğunu bilən qız (bəlkə də bekarçılıqdan və ya macəra axtarmaq məqsədilə) ona kömək etmək fikrinə düşür və bu barədə abbata müraciət edir. Leklerk bu təklifi qəbul edir və mademuazel de Russel de Previl tezliklə onun əvəzolunmaz köməkçilərindən birinə çevrilir. Fransa polisinin arxivlərində o, “Nimfa de Russel de Previl” adı ilə qeydiyyata alınmışdı.
Mademuazel de Previl gənc oğlan kimi geyinərək, Dübyusson soyadını qəbul edir və royalist casusu kimi təhlükəli bir işlə məşğul olmağa başlayır. Leklerk üçün məxfi yazışmaların qəbulu və ötürülməsi onun vəzifəsinə daxil idi. Məlumat əldə etmək məqsədilə o, dəfələrlə Dyep və Amyenə getmişdi.

Tezliklə fransız polisi abbat Leklerkin və Nimfanın izinə düşür. Onlar Abbervildə, Ptiryü Notrdam küçəsində madam Deni adlı qadının evində gizlənirlər. Leklerkin həbs olunmuş agentlərindən biri balıqçı Filipp dindirilmə zamanı həmin yeri polisə nişan verir. Lakin madam Deninin orta əsrlərdə tikilmiş evinin bir neçə gizli giriş-çıxışı olduğundan, abbat və Dübyusson polislər gələnədək aradan çıxırlar. Fəqət möhkəm qorxan madam Deni abbat Leklerkin casusluq fəaliyyətini təsdiqləyən sənədlərin olduğu saxlanc yerini jandarmaya göstərir.

Məktəb müəllimi Düponşelin və balıqçı Deppuanın köməyi ilə abbat Leklerk və katibi Pyer Mari Pua qayıqla İngiltərəyə qaçmağa müvəffəq olurlar. Ruan şəhərində məşvərət keçirən hökumət komissiyası tərəfindən Abbat Leklerk, onun katibi Pyer Mari Pua və köməkçisi Nimfa de Russel de Previl qiyabi olaraq ölüm cəzasına məhkum edilirlər. Sonradan Almaniya vasitəsilə İngiltərəyə qaçmış Nimfaya ölüm cəzasına məhkum olunmuş yeniyetmə kimi Britaniya hökuməti tərəfindən ildə altı yüz frank məbləğində təqaüd təyin edilir. Leklerk bir müddət İngiltərədə yaşadıqdan sonra Almaniyanın Münster şəhərinə gedir və oradan özünün Fransadakı agentləri ilə əlaqələrini bərpa etməyə çalışır. İmperiya polisi onun Bulon dairəsindəki fəaliyyətini dondursa da, Leklerk öz agenturasını Normandiya sahillərinə çıxarmağa və yenidən İngiltərə ilə etibarlı kəşfiyyat əlaqələri yaratmağa nail olur.

Nəzakət Məmmədova
Azvision.az üçün


Teqlər: Kəşfiyyat   Mühacirət   Napoleon  





Xəbər lenti