Prezident bəyanatla çıxış edib

Prezident bəyanatla çıxış edib
  12 Mart 2013    Oxunub:1596
Martın 11-də Zaqreb Bəyannaməsinin imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç mətbuata bəyanatlarla çıxış ediblər.
"Mən yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Çox şadam ki, son illər ərzində Xorvatiya uğurla inkişaf edir. Mən burada birinci dəfə 2005-ci ildə olmuşam. O dövrdən bu günə qədər Sizin ölkəniz böyük və uğurlu yol keçmişdir, yaxın aylarda Avropa İttifaqına üzv olacaqdır", deyə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında deyib.
"Biz bu gün əməkdaşlığımızın bütün istiqamətlərini geniş müzakirə etdik. Bir daha görürük ki, Xorvatiya ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Sizin Azərbaycana keçən il etdiyiniz səfər və səfərin nəticələri, bu gün keçirdiyimiz danışıqlar və indicə imzalanmış bu mühüm sənəd bir daha bu əlaqələrin strateji xarakterini vurğulayır. Bizim aramızda çox intensiv siyasi dialoq aparılır. Bizim siyasi əlaqələrimiz mükəmməldir. Bu səfər və bu gün apardığımız danışıqlar bunu bir daha təsdiqləyir. Biz belə gözəl zəmin üzərində mütləq güclü iqtisadi tərəfdaşlıq da qurmalıyıq. Bu istiqamətdə artıq mühüm addımlar atılır. Əminəm ki, gələcək illərdə daha da geniş iqtisadi əməkdaşlıq mümkün olacaqdır", deyə Prezident bildirib.
Dövlət başçısı bildirib ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olan enerji məsələləri də uğurla öz həllini tapır.
"Azərbaycan Xorvatiyanı xam neftlə təmin edən ölkələrdən biridir. Bizim sizin bazarınızdakı payımız getdikcə artır. Gələcəkdə Azərbaycanın zəngin qaz resurslarının Avropa qitəsinə çatdırılması nəticəsində Xorvatiya bu sahədə də mütləq bizim tərəfdaşımız olacaqdır. Bildiyiniz kimi, bizim zəngin resurslarımız vardır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr, xüsusilə TANAP layihəsi və onun uğurlu icrası Azərbaycan qazının Avropa məkanına gətirilməsinə şərait yaradacaqdır. Təbii, Xorvatiya bu istiqamətdə də bizim yaxın tərəfdaşımız olacaqdır", deyə İlham Əliyev qeyd edib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan investisiyalarının Xorvatiyaya yatırılması məsələləri də bu gün müzakirə olundu.
"Əminəm ki, gələcək aylarda konkret nəticələr olacaqdır. Bu gün imzalanacaq sənədlərin arasında birgə hökumətlərarası komissiyanın yaradılması da nəzərdə tutulur. Gələcək illərdə bu komissiya çərçivəsində bütün iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu gün, eyni zamanda, turizm, nəqliyyat, yüksək texnologiyalar sektorundakı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Hər bir istiqamət üzrə çox gözəl imkanlar vardır. Təbii ki, humanitar sahədəki əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət sahəsində əməkdaşlığa hər iki tərəfdən çox böyük maraq vardır. Əminəm ki, bu sahədəki əməkdaşlıq ümumi əməkdaşlıq mənzərəsini tamamlayacaqdır.
Bu gün, eyni zamanda, regional məsələlər, regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları da müzakirə edildi. Fürsətdən istifadə edib, cənab Prezident, Xorvatiya dövlətinə bu məsələ ilə bağlı göstərdiyi mövqeyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan sənəddə də öz əksini tapıb. Bütün beynəlxalq hüquq normaları tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir və Azərbaycan torpaqları işğalçılardan azad olunmalıdır. Ölkələrin suverenliyi və ərazi bütövlüyü bu məsələnin həllində üstünlük təşkil edir. Münaqişənin həlli ancaq bu prinsiplər üzərində mümkündür.
Biz bir daha görürük ki, bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür. Xorvatiya-Azərbaycan əlaqələri, eyni zamanda, Azərbaycan-NATO əməkdaşlığının bir tərkib hissəsidir. Bu əlaqələr də uğurla icra edilir. NATO-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün gözəl perspektivlər vardır və Xorvatiya bu məsələlərdə Azərbaycanı daim dəstəkləyir.
Bir sözlə, səfər zamanı apardığım danışıqlar və imzalanmış ciddi siyasi sənəd və bu gün imzalanacaq digər sənədlər əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Xorvatiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi vardır. Biz bu möhkəm zəmin üzərində gələcəyə çox nikbinliklə baxırıq və uğurla gedəcəyik. Bir daha, cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə və diqqətə görə Sizə minnətdaram", deyə Prezident bəyanatla çıxışı zamanı qeyd edib.


Teqlər:





Xəbər lenti