Araz Əlizadə: “Belələrinin bir adı var – vətən xaini”

Araz Əlizadə: “Belələrinin bir adı var – vətən xaini”
  12 Mart 2013    Oxunub:1881
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə son günlər ölkə gündəminin əsas mövzularından biri olan əsgər ölümləri və bu ölümlərdən öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr mövzusunu geniş təhlil edib. Məsələ ilə bağlı xalqa müraciət ünvanlayıb.

Müraciətdə hər bir Azərbaycan vətəndaşının əsgər ölümlərindən duyduğu kədər və bu kimi halların qarşısının alınması üçün hər şeyə hazır olması vurğulanır :

“Mənim fikrimcə, döyüş əməliyyatları keçirməyən hərbi hissələrdə əsgər ölümü halları baş verirsə, orada təkcə ulduzlar yox, “başlar da” getməlidir. Qanunun aliliyinə əsaslanaraq, bu şəxslərə qarşı ən kəskin tədbirlər görülməlidir. Və bu halda Azərbaycanda “hürkütməsən, saymaq mümkün olmayan” insan haqları müdafiəçiləri quyruqlarını qısıb susmalı və bu insanları qorumalıyıq deyib, xaricdən pul istəməməli və ağızlarını yummalıdırlar. Çünki Azərbaycan hər birimizin vətənidir, onu qorumaq hər birimizin borcudur və bu zaman quş beyinli məşhur insan haqları müdafiəçisi olan bir xanımın bildirdiyi, “bu insan Harvard Universitetini bitirib və o, orduda xidmət etməyə bilər”, fikri dilə gətirilməməlidir. Azərbaycan Konstitusiyasına əsasən, bütün insanlar bərabərdirlər və kiminsə pulu varsa və o, xaricdə təhsil ala bilirsə, bu, onun hüquqlarının, hansısa imtiyazlarının daha çox olması demək deyil. Eyni zamanda da, kimsə zabitdirsə, o quldar deyil, əsgər isə – qul deyil. Və əgər hərbi əməliyyat keçirilməyən şəraitdə hər hansı bir əsgərimizi itiririksə, bunun günahkarları ən ağır cəzaya məruz qalmalıdırlar.

Mənim fikrimcə, əgər gənclərimizin hərbi əməliyyat keçirilməyən şəraitdə əsgər ölümlərinə ürəyi ağrayırsa, bu, çox yaxşı haldır. Deməli, cəmiyyətdə vətənpərvərlik hissi var. Lakin əfsuslar olsun ki, cəmiyyətimizdə bu vətənpərvərlik hissindən sui-istifadə edib xarici dövlətlərin təhriki və pulu ilə Azərbaycanda inqilab etmək, Azərbaycanı uçuruma sürükləmək və Azərbaycanı viran qoymaq istəyən əclaflar da az deyil. Liviyaya NATO qüvvələrinin bombaları yağış tək tökülərkən, belə əclaf partiya sədrlərindən biri utanmadan jurnalistə dedi ki, kaş Azərbaycana da bomba yağaydı, biz də hakimiyyətə gələydik. Belələrinin bir adı var – vətən xaini.

Mənim fikrimcə, bu süni inqilablar heç kəsə yaxşı heç nə verməyib. İlk – Amerikasayağımı deyim, Klintonsayağımı deyim – inqilablar Tunis və Yəməndə baş verdi, hakimiyyət dəyişikliyi oldu və xalq heç nə qazanmadı. Sonra keçid oldu Misirə. Misirdə xalqın çiyinində hakimiyyətə Məhəmməd Mursi və “Müsəlman qardaşları” gəldilər. Amerika Dövlət Departamentinin o zamankı başçısı Hillari Klinton öz övladı – Məhəmməd Mursi və “Müsəlman qardaşları”na baxıb, fəxr elədi və dedi: Məhəmməd Mursi nümunəvi siyasətçi obrazıdır. Buna təəccüblənmək lazım deyil, çünki xanım Klintona demokratiya yox, öz xəstə ambisiyalarının reallaşması lazım idi. Çünki əri Bill Klintonun Ağ Evdəki sevgi macəraları onu o qədər alçaltmışdı ki, bu xanım sanki dünyaya meydan oxuyurdu. “Müsəlman qardaşları” parlamentə seçilər-seçilməz başladılar gərgin mübahisələrə: həyat yoldaşı rəhmətə gedəndən neçə saat sonra, ərin rəhmətliklə cinsi əlaqəyə girmək hüququ var? (Bərəkallah, “Müsəlman qardaşları”nın qeyrətinə.) Sanki Misirdə Hüsnü Mübarəkə qarşı inqilab elə buna görə baş vermişdi, axı onun vaxtında buna tam qadağa qoyulmuşdu. Xanım Klintonun demokrat adlandırdığı Məhəmməd Mursi isə Konstitusiya Məhkəməsinin hüquqlarını heçə endirib, yeni Konstitusiya ilə qadınları rəsmi surətdə ikinci dərəcəli insan elan etdi (sanki Məhəmməd Mursiyə qəyyumluq edən xanım Klintonun əri ilə Ağ Evin Oval kabinetinin iki qapısı arasında erotika ilə məşğul olon Levinskaya yox, ərəb qadınları idi və Hillari onlardan intiqam alırdı). Eyni zamanda da ali məhkəmə səlahiyyəti dini universitetin Ali Şurasına verildi. Bu, XXI əsrdə Amerikanın Misir xalqına verdiyi demokratiya idi.

Sonra növbə Liviyaya çatdı. NATO ölkələri, ilk növbədə Fransa və Türkiyə tərəfindən silahlandırılan, ərəb ölkələrindən yığılmış macəra axtaranlar Liviyada vətəndaş müharibəsi etdilər. NATO dövlətləri, BMT Təhlükəsizlik Şurasının uçuşsuz zona elan edilmiş, Liviya hava məkanında ora-bura şığıyır və Liviyanı bolluca bombardman edirdilər. Firavan yaşayan Liviya xalqı, onsuz da mənə heç nə olmayacaq deyib, kənara çəkildi və ölkədə hakimiyyət muzdlu gəlmələrin əlinə keçdi. Əlbəttə, onar ona görə döyüşüb hakimiyyətə gəlməmişdilər ki, ələ keçridiklərini, Müəmmar Qəzzafi etdiyi kimi, Liviya qəbilələri ilə bölüşsünlər. Qəzzafinin vəhşicəsinə qətlə yetirilməsi xəbəri Hillari Klintona çatanda, qəh-qəhə ilə dedi: gəldik, gördük və öldürdük. Yəni bu vəhşiliyi Amerika Birləşmiş Ştatlarının törətdiyini heç boynundan da atmırdı.

Mənim fikrimcə, Liviya qəbilələrinə nə olubsa, haqqına olub. Çünki öz cəmahiriyyərilərini qorumadılar, hərəsə öz yaxasını kənara çəkdi. Qəzzafi şücaət göstərsə də, görünür, o da etdiklərinin cəzasını almışdı, çünki Sarkozi və Berluskoni kimilərə pul verərək, dostluğu pul ilə almaq istyirdi. Unutmuşdu ki, “ilandan, əqrəbdən yar ola bilməz”.

Növbə Suriyaya çatıb. Suriyanı viran qoyublar və orada müharibə hələ davam edir, Amerika sayağı, NATO-sayağı demokratiya on minlərlə insanın həyatına son qoyub və bir-iki il əvvəl zəngin ölkəni xarabalığa çevirib.

Vətənpərvər gənclərimiz də Azərbaycanın viran qalmasını, vətən xainlərinin, muzdluların hakimiyyətə gəlməsini istəyirlər? Mənim fikrimcə, yox! Əgər yüzminlərlə pulu Azərbaycanda stabilliyi pozmağa yönəldən xarici dövlətlər çiçəklənən Azərbaycan, demokratik Azərbaycan görmək istəyirlərsə, buyursunlar, təcavüzkar Ermənistana elə təsir göstərsinlər, ona qarşı elə tədbirlər görsünlər ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarını azad etsinlər. Əgər işğal olunmuş Azərbaycan torpaqları azad edilərsə, bu, xarici dövlətlərin Azərbaycan demokratiyasına sanballı töhvəsi olar və o zaman nə qeyri-hərbi şəraitdə, nə də hərbi əməliyyatların gedişində azərbaycanlı balaları ölməz.

Mənim fikrimcə isə, nə qədər çalışsalar da, Azərbaycan xalqı ölməz olaraq qalacaq”.



Teqlər:  





Xəbər lenti