İstanbulda III Xəzər forumu başladı

İstanbulda III Xəzər forumu başladı
  05 Dekabr 2013    Oxunub:1343
Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı: "Xəzər hövzəsi ilə sıx əməkdaşlıq nəticəsində Türkiyə dünya enerji nəqlində körpü rolunu oynayan ölkəyə çevrilib".

Dekabrın 4-də İstanbulda III Xəzər Forumu başlayıb. AzVision.az xəbər verir ki, Xəzər Strateji İnstitutunun təşkil etdiyi forumu İnstitutun baş katibi Haldun Yavaş açaraq tədbirin əhəmiyyəti və məqsədləri haqqında məlumat verib.

Forumda çıxış edən Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı bildirib ki, forumun müştərək məqsədi etibarlı bir gələcək üçün enerji və nəqliyyat dəhlizləri ilə ölkələri, şəhərləri və insanları bir-birinə bağlamaqdır. Xəzər regionunun dünya iqtisadi sistemindəki iqtisadi potensialından danışan Hayati Yazıcı Transanadolu qaz boru xəttinin (TANAP) Avrasiyanın enerji tarixində bir inqilab olduğunu vurğulayıb.

Cənub Qaz Dəhlizinin bölgə və Avropanın enerji təhlükəsizliyi üçün önəminə diqqəti cəlb edən nazir qeyd edib ki, dəhliz Xəzərdə hasil olunan qazın, habelə Şərqi Aralıq dənizi, türkmən və Şimali İraq təbii qazının nəqlində də önəmli bir xətt vəzifəsini yerinə yetirəcək.

Gələn il Bakı-Tiflis-Qars dəmiryolunun inşasının tamamlanmasını qarşıya məqsəd qoyduqlarını xatırladan H. Yazıcı bu layihə sayəsində Londondan yola çıxacaq qatarın Marmaray və Bakı-Tiflis-Qars dəmir yolu ilə Xəzər dənizindəki Aktau limanı bağlantısı üzərindən fasiləsiz şəkildə Pekinə qədər getməyi hədəfləyən infrastrukturu yaratmağı hədəflədiklərini vurğulayıb.

“İpək yolu” və “Karvansaray” layihələrindən da danışan Hayati Yazıcı qeyd edib ki, “Karvansaray” layihəsi tarixi İpək yolunun üzərində Şərq-Qərb ölkələri ilə məhdudlaşmır, Avropa və Asiyanı Afrikaya bağlayan və çoxşaxəli nəqliyyatı ehtiva edən Şimal-Cənub xətlərini də özündə birləşdirir.

Forumda çıxış edən Azərbaycan Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov isə əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan neft strategiyasının əsas prinsipləri barədə danışıb. Ölkə neftinin dünya bazarına təhlükəsiz şəkildə çıxarılmasının neft strategiyasının əsas hədəflərindən biri olduğunu xatırladan Şahmar Mövsümov Azərbaycanın güclü maddi dəstəyi ilə həyata keçirilmiş və keçirilməkdə olan Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və TANAP kimi layihələrin bu strategiyanın tərkib hissələri olduğunu vurğulayıb. Dövlət Neft Fondunun şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərdiyini, buna görə də ölkə vətəndaşlarının Fonda güvəndiyini deyən Şahmar Mövsümov prezident İlham Əliyevin təlimatı ilə təhsilə xüsusi diqqət yetirdiklərini və yeni kadrlar yetişdirilməsi sahəsində layihələri maliyyələşdirdiklərini bildirib.

İşini sabah davam etdirəcək tədbirdə Azərbaycandan Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Elnur Aslanov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, millət vəkilləri və ekspertlər iştirak edir. (APA)


Teqlər:  





Xəbər lenti