Qanadlı ölüm: Quşlar təyyarələrin ən böyük düşmənidirlər – FAKTLAR

    Qanadlı ölüm:  Quşlar təyyarələrin ən böyük düşmənidirlər –    FAKTLAR
  23 Avqust 2019    Oxunub:42770
Azərbaycan Hərbi Hava Qüvvələrinə aid “MİQ-29” qırıcısının polkovnik-leytenant Rəşad Atakişiyevin ölümü ilə nəticələnmiş qəzaya uğramasının səbəbləri ilə bağlı Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanata əsasən, təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan “MiQ-29” tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlərin mütəxəssislər tərəfindən təhlili nəticəsində müəyyən edilib ki, qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olan təyyarə, havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və nəticədə pilot ağır xəsarətlər alıb.
Pilot Rəşad Atakişiyevin təyyarənin idarəetməsini bərpa etmək cəhdləri ağır xəsarətlər aldığı üçün mümkün olmayıb və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

1,6 tonluq “MİQ-29” təyyarəsinin adi quşla toqquşma nəticəsində qəzaya uğraması, nə qədər qəribə səslənsə də, əslində reallıqdır: Bütün dövrlərdə aviasiya üçün ən böyük təhlükələrdən biri məhz quşlarla toqquşma risqi olub. Məsələn, saatda 220 kilometr məsafə qət edən təyyarənin 1 kq. çəkiyə malik quşla toqquşması nəticəsində zərbənin ağırlığı 1 ton, saatda 800 km. qət edən təyyarənin 4.5 kq quşa çarpması nəticəsində yaranan zərbənin gücü isə 100 ton təşkil edir. “MİQ-29” qırıcısının 2450 km/saata qədər surət yığdığını nəzərə alsaq, bu təyyarənin hətta kiçik bir quşla toqquşması nəticəsində yaranacaq zərbənin faciəvi nəticələr vərəcəyini əvvəlcədən demək olar.



Statistikaya əsasən, quşla toqquşma adətən aşağı yüksəkliklərdə baş verir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının məlumatina görə, il ərzində dünyada 10 minə yaxın bu tip qəza baş verir. Quşlarla təyyarələrin toqquşma hallarını minimuma endirmək üçün aeroport və aerodromlarda xüsusi pirotexnika, hava topları, lazerlər və s.-dən istifadə olunur.



Hava dəhlizləri daimi olaraq xüsusi təlim keçmiş yırtıcı quşlar, yaxud dronlar vasitəsilə nəzarətdə saxlanılır. Məsələn, Kanada aeroportlarında xüsusi olaraq bu məqsədlə hazırlanmış “roboquş”lardan (Robird) istifadə edirlər. Cənubi Koreya və Britaniya alimləri isə yeni dronu sınaqdan keçiriblər. Koreyanın Qabaqcıl Texnologiyalar İnstitutu ilə London İmperial Kollecinin alimlərinin birgə ərsəyə gətirdiyi “çoban robot”ların köməyilə quşların uçuşlarını idarə etmək mümkün olacaq ki, onların təyyarələrlə toqquşmasının qarşısı alınsın. BBC-nin məlumatına görə, təkcə Britaniyada ildə orta hesabla 1500 dəfə quşlarla təyyarələrin toqquşması baş verir.



Quşlarla toqquşma halları ilə daha çox mülki aviasiya təyyarələri üzləşdikləri üçün, belə qəzalarla bağlı çoxlu misallar gətirmək olar. Ancaq ölkəmizdə hərbi təyyarənin qəzaya uğradığını nəzərə alaraq, məhz son illərdə baş vermiş qırıcı qəzalarıyla bağlı bir neçə misal gətirmək istərdik.

Bu ilin mart ayında Hindistanın Racastxan əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə aid “MİQ-21” döyüş təyyarəsi qəzaya uğradı. Xoşbəxtlikdən, pilot katapultanın köməyilə sağ qurtula bildi. Qəzanın səbəbi ilə bağlı irəli sürülən ilkin versiya Pakistan tərəfinin havadan Hindistan təyyarəsinə zərbə endirməsi idi. Lakin aparılan araşdırmalar nəticəsində məlum oldu ki, qırıcının qəzaya uğramasının səbəbi havada quşla toqquşması olub.



Suriyada 2018-ci ildə Rusiya Hərbi Kosmik Qüvvələrinə aid SU-30 SM qırıcısının hər iki pilotunun ölməsi ilə nəticələnən qəzasının səbəbi də quşlarla toqquşma olmuşdu. Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunurdu ki, quşlar təyyarə ilə toqquşma nəticəsində mühərikin içinə düşüb, nəticədə pilotlar idarəetməni itirərək qəzaya uğrayıblar.



2018-ci ilin oktyabr ayının 5-də Moskva yaxınlığında Rusiya Pilot Məktəbinin rəisi, Rusiyanın Milli Qəhrəmanı Aleksandr Krutovun idarə etdiyi dördüncü nəsil MİQ-29 döyüş təyyarəsi qəzaya uğradı. Qəzanın səbəbi yenə də quşla toqquşma idi.



Misalların sayını artırmaq da olar. Amma güman edirik ki, ehtiyac yoxdur – göstərilən səbəbə şübhə etməmək üçün bunlar da kifayətdir.

Tofiq Vahid
AzVision.az



Teqlər: MİQ-29   Qəza  





Xəbər lenti