Uşaq pulu hansı formada olmalıdır? – TƏHLİL

   Uşaq pulu hansı formada olmalıdır? –    TƏHLİL
  11 Sentyabr 2019    Oxunub:5636
Bu yaxınlarda sayca 10 milyonuncu vətəndaşımızın dünyaya gəlişini böyük sevinc və qürur hissiylə qarşılamağımız və qeyd etməyimizin fonunda “uşaqpulu”nun bərpa edilməli olub-olmaması haqqında gedən kəskin müzakirə və mübahisələrin ortaya çıxması təəccüb doğurur. Əvvəla, ona görə ki, bu məsələ görəsən, niyə məhz indi yada düşüb və ya düşür? İkincisi, biz nə istəyirik: Əhalimizin sayının daha çox olmasını, yoxsa bu sahədə artım sürətinin azalmasını? Üçüncüsü, biz, ümumiyyətlə, “uşaq pulu” dedikdə, nəyi nəzərdə tuturuq - bu söz, nəyi ifadə edir?
Bəri başdan qeyd edim ki, uşaq pulu - sosial müavinət növüdür, dövlətin öz vətəndaşlarının qayğısına qalma vasitələrindən biridir. Yəni, kəmiyyətin artmasına dəstək deməkdir. Və eyni zamanda, keyfiyyətə nail olmaq baxımından da dövlətin köməyidir. Axı əhalinin təkcə sayı yox, sağlamlığı da önəmlidir!

Məlum olduğu kimi, cari ildən ölkədə hökumət və dövlət tərəfindən genişmiqyaslı sosial paket həyata keçirilir. O, demək olar ki, bütün istiqamətləri əhatə edir. Gələcəkdə paketə daxil olan tədbirlər daha da təkmilləşdirilmiş şəkildə həyata keçiriləcək. Elə məsələlər var ki, tətbiq olunduqca yenilənməyə ehtiyac yaranır və daha təkmil, ünvanlı və effektli xarakter daşımaq tələbi yaradır.

Məsələn, götürək, ünvanlı sosial yardımı. Zaman keçdikcə aydın olur ki, bunu verməkdənsə, əhalini məşğulluğa cəlb etmək daha məqsədəuyğundur. Və bu məqsədilə müvafiq mexanizmlər hazırlayıb, tətbiq etmək tələb olunur. O mənada ki, vətəndaşlar ələbaxımlığa öyrəşməsinlər. Eləcə də, digər sosial müdafiə xarakterli tədbirlərin icrasında da, zaman keçdikcə bu cür ayrı-ayrı nüanslar ortaya çıxır. Yəni, əslində nəyin daha səmərəli və məqsədəuyğun olması tədricən aydınlaşır.

Uşaqpulu məsələsinə də öncə bu prizmadan yanaşmaq lazımdır. Başqa sözlə, bunu da yuxarıda qeyd etdiyim sosial paketin tərkib hissəsi kimi nəzərdən keçirtmək tələb olunur. Yəni, bir halda ki, sosial dövlət modelinə keçid yolunda irəliləyirik və hökuməti vətəndaşların rifahını başlıca vəzifə sayan, onların iqtisadi-sosial əmin-amanlıqlarını qorumağa çalışan bir mexanizm şəklində görmək istəyirik, o zaman bu ölkə ərazisində dünyaya gələn hər bir insan ana bətnindən çıxan gündən dünyasını dəyişənədək hərtərəfli şəkildə qayğı ilə təmin olunmalı və başı üzərində həmişə dövlətin kölgəsini hiss etməlidir.

Odur ki, uşaqpulu məsələsinə əslində daha həssas və diqqətlə yanaşmaq vacibdir. Ümumiyyətlə, dövlətin sosial müdafiə və təminat siyasəti əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan həssas qrupuna yönəlik xarakter daşımalıdırsa, bu zaman mərkəzi yerdə mütləq uşaqlar dayanır. Çünki uşaqlar və qocalar əhalinin dövlətin sosial müdafiəsinə ən çox və ilk növbədə ehtiyacı olan təbəqəsi sayılır. Uşaqların sosial müdafiəsi məsələsi nə demoqrafik, nə əlil, nə başqa cür fiziki yardıma ehtiyacı olan, nə valideynini itirən, nə valideynləri hərbi və yaxud hər hansı peşə qulluqçuları sayılan və sair kimi qruplar üzrə çeşidlənərək, baxılmalı olan bir məsələ deyil. Bu, vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalı olan məsələdir.

Bəli, bizdə dövlət mövcud imkanları çərçivəsində və bəlkə də bundan daha çox vətəndaşların yanında dayanır. Ümumiyyətlə, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi, sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur. Bundan əlavə, zəlzələ, subasma, yanğın və digər fəlakətlər baş verən kimi, dövlət dərhal vətəndaşın yanında peyda olur. Banklarla vətəndaşlar arasında problem yaranan kimi dövlət yükün altına girdi və vətəndaşına yardım etdi. Düzdür, hər bir ölkədə dövlət vətəndaşa xidmət edir və etməlidir də. Ancaq heç bir ölkədə dövlət çiyinlərində bizdəki qədər yük daşımır. Halbuki, bazar iqtisadiyyatı şəraitində məsuliyyət və zəmanət bölüşdürülməlidir, çünki dövlətin olduqca vacib və ağır vəzifələri var. O, hər şeylə yüklənməli deyil.

Ancaq bütün bunlara rəğmən, Azərbaycanda sosial dövlət modelinə tam olaraq çatmaq üçün hələ çox məsafə qət etmək tələb olunur. Çünki ümumi gəlirlər bölgüsündə problemlər mövcuddur. Təkcə bir misal çəkim ki, minimum əməkhaqqının yaşayış minimumu səviyyəsini keçməsinə yalnız bu il nail ola bildik. Halbuki, dövlət gəlirlərimiz 2015-2016-cı illərə kimi indikindən də yüksək idi. Buna rəğmən, qeyd etdiyim göstəricilər arasında bərabərləşmə və üstünlük bu il əldə oluna bildi. Niyə və nəyin hesabına? Bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində...

Demək istədiyim budur ki, hesab edirəm, uşaqpulu da bərpa olunmalı və bu sahədə çox mükəmməl və dəqiq bir mexanizm işlənib hazırlanmalıdır. Sual oluna bilər ki, niyə?

Bəli, bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinə yönəlik sayca 10-dan çox aylıq sosial müavinət növü mövcuddur. O cümlədən, birdəfəlik ödənişlər də həyata keçirilir. Və bunların hər birinin də səviyyəsi dövlət başçımız tərəfindən müvafiq sərəncamlar ilə demək olar ki, hər il artırılır. Ümumiyyətlə, dövlət büdcəmizə diqqət yetirsək, onun xərclər hissəsinin əsasını sosial məsrəflərin təşkil etdiyini görərik. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxunu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişi təşkil gedir.

Onda belə çıxır ki, ölkədə əlavə olaraq, dövlət tərəfindən sosial müdafiə siyasətinə və tədbirlərinə ehtiyac yoxdur? Sözsüz ki, bu, səhv yanaşmadır. Dövlət büdcəsi xərclərinin yarıdan çoxu əməkhaqqı, pensiya, müavinətlərin ödənişinə getsə də, əlavə sosial müdafiə tədbirlərinə yenə ehtiyac var.

Bundan əlavə, yuxarıda da qeyd etdim ki, zaman keçdikcə sosial müdafiə və təminat siyasətində ayrı-ayrı nüanslar ortaya çıxır və çıxmalıdır da. Yəni, əslində nəyin daha səmərəli və məqsədəuyğun olduğu tədricən, öz təsbitini tapır.

Bu mənada, məsələn, dövlət tərəfindən uşaqların sosial müdafiəsinin təşkili və maddi qayğılarının qarşılanması məqsədilə bir neçə adda müavinətlər ödənişindənsə, bir adda aylıq uşaqpulu ödənişi daha məqsədəuyğun sayılmalıdır.

Düşünürəm, uşaqpulunun verilməsində fərdi yanaşma əsas məsələ olmalıdır. Belə ki, maliyyələşdirmə, məsələn, müəyyən yaş dövrünə qədər hər bir uşağı əhatə etməli olsa da, sonradan əlil, yardıma ehtiyacı olan, valideynini itirən uşaqlar seçilə üzrə seçilsə də mümkündür. “Yaş dövrü” dedikdə isə, bunu təhlil etmək lazımdır. O cümlədən, uşaqpulunun təyinatı və məqsədi əsas götürülməlidir. Yeri gəlmişkən, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat təşkil edir. Məsələn, sözügedən məsələdə məbləğin müəyyən edilməsində əgər, bu meyar əsas götürülərsə, fikrimcə, yaş həddi ən aşağısı məktəbəqədər dövrü əhatə edə bilər. Lakin bir daha təkrar edirəm ki, bu sahədə mükəmməl təhlil və hesablama aparmaqla müvafiq mexanizm işlənib hazırlanmalıdır.

Yeri gəlmişkən, müasir dövrdə uşaqların sosial və maddi ehtiyacları heç də 65 yaşdan yuxarı təbəqəyə aid vətəndaşların sosial və maddi ehtiyaclarından az deyil. Və getdikcə də, bu ehtiyaclar daha sürətlə artır. Cəmiyyətə və dövlətə arzuolunan sayda və eyni zamanda fiziki olaraq tam sağlam övlad və vətəndaş bəxş etmək isə durmadan artan bu uşaq xərcləri fonunda getdikcə çətinləşir.


Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: Uşaq-pulu  





Xəbər lenti