Yeni casus qalmaqalı: Rusiya hökumətindəki ABŞ agenti kim imiş? - TƏHLİL

     Yeni casus qalmaqalı:   Rusiya hökumətindəki ABŞ agenti kim imiş? -    TƏHLİL
  13 Sentyabr 2019    Oxunub:7338
Amerikanın “CNN” telekanalının verdiyi məlumata görə, 2017-ci ildə ABŞ kəşfiyyatı Rusiya hökumətində çalışan casusunu bu ölkədən gizli şəkildə qaçırmağa nail olub. Məlumata əsasən, casusun qaçırılması barədə qərar ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və rusiyalı səfir Sergey Kislyak ilə görüşündən sonra verilib.
Belə ki, ABŞ-ın xüsusi xidmət orqanları həmin danışıqlarda Trampın Rusiyalı nümayəndələrə bəzi məxfi məlumatları açmasından ehtiyatlanaraq, öz casuslarını xilas etmək qərarına gəliblər. Tramp Suriyaya aid olan məxfi məlumatları bölüşüb və bu məlumatları İsrail xüsusi xidmət orqanlarından aldıqlarını bildirib.

“CNN”-in sonradan verdiyi məlumatda qeyd olunur ki, Donald Trampın 2017-ci ildə “Böyük iyirmiliy”in Hamburqda keçirilən sammiti zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra casusun xilas edilməsi barədə qərar qəbul olunub. Məlumatda bildirilir ki, qapalı keçən görüşdən sonra Tramp şəxsən tərcüməçilərdən bütün qeydləri almış və danışıqlara dair hər hansı məlumatın yayılmasına qadağa qoymuşdu.

Məsələ ilə bağlı “New York Times” qəzeti də araşdırma aparıb və qəzetin yaydığı məlumatda bildirilir ki, “yüksəkçinli casus” on ilə yaxın Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 2016-2017-ci illərdə ona Rusiyanı tərk etmək təklif olunsa da, imtina edib. Qəzet casusun Rusiyanı tərk etməsinin Trampla heç bir əlaqəsinin olmadığını iddia edir. Həmçinin məlumatda bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi məhz bu casusun informasiyası əsasında Amerikada prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi qənaətinə gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “CNN”-in məlumatını təkzib edərək bildirib ki, 2017-ci ildə keçirilən görüş zamanı Tramp heç bir sirri açıqlamayıb. ABŞ-ın Mərkəzi Kəşviyyat İdarəsinin nümayəndəsi Brittani Brammel də “CNN”-in məlumatını qeyri-dəqiq adlandırıb. Prezident Tramp isə “CNN” telekanalını “feyk” informasiya yaymaqda günahlandırıb.

Gizli casus kimdir?

Rusiyanın “Kommersant” qəzeti apardığı araşdırma nəticəsində belə bir qənaətə gəlib ki, həmin casus Rusiya Prezidentinin Administrasiyasında çalışmış Oleq Smolenkov ola bilər. Məlumata əsasən, 2017-ci ildə bəzi internet-qəzetlərdə Çernoqoriyada Rusiyalı məmurun ailəsi ilə birlikdə itməsi barədə xəbər yayılmışdı. Belə ki, Smolenkov həyat yoldaşı və övladları ilə birlikdə Moskvadan Çernoqoriyaya gəlmiş, orada isə naməlum şəkildə qeyb olmuşdu. Hətta, Rusiyanın Təhqiqat Komitəsi baş vermiş hadisə ilə bağlı cinayət işi də açmışdı. Araşdırma nəticəsində o da məlum olub ki, hadisədən bir il sonra Smolenkov ABŞ-ın Virciniya ştatının Stafford şəhərində 925 min dollar dəyərində mülkə sahib olub.



Rusiya prezidentinin mətbuat katibi Peskov Smolenkov soyadlı şəxsin həqiqətən Prezident Administrasiyasında çalışdığı və bir neçə il əvvəl işdən azad olduğu barədə məlumatı təsdiqləyib. Peskov cəsus barədə yayılan məlumatı uydurma adlandırıb və əlavə edib ki, Smolenkovun hər hansı vacib informasiyaya çıxışı olmayib.

Cəsus olduğu ehtimal edilən Oleq Smolenkov 1969-cu ildə anadan olub, 90-cı illərin sonlarından etibarən Rusiya XİN aparatında müxtəlif vəzifələrdə çalışıb. 2000-ci illərdə Rusiyanın Vaşinqtondakı səfirliyində ikinci katib olub və məhz burada çalışdığı vaxt onun ABŞ kəşfiyyatı ilə əlaqəyə girməsi mümkündür. Həmin vaxt Rusiyanın ABŞ-dakı səfiri olmuş Yuri Uşakov vəzifəsini dəyişdikdən sonra Smolenkovu da öz yanına aparıb. Smolenkov əvvəlcə Nazirlər Kabinetində, sonradan isə Prezident Administrasiyasında işləyib. Uşakov hazırda Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisidir və Smolenkov son 5 il ərzində onun yanında baş məsləhətçi vəzifəsində işləyib.

“Vedomosti” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Smolenkov bu vəzifədə çalışarkən xüsusi xidmət orqanlarından daxil olan vacib məluatlara çıxışı olub.

Smolenkovun taleyi necə olacaq?

Maraqlıdır ki, Oleq və Antonina Smolenkovlar 3 övladları ilə birlikdə ad və soyadlarını dəyişmədən ABŞ-da yaşamaq qərarına gəliblər. Amerikanın “NBC” telekanalı Smolenkovun ailəsi ilə birlikdə yaşadığı evdə çəkiliş aparmaq istəsə də, qara avtomobillərdə olan naməlum şəxslər jurnalistləri evin ətrafından uzaqlaşdırıblar. Hadisədən bir gün sonra rusiyalı casus yaşayış yerini tərk edib.



Avropa Kəşfiyyat Xidməti Akademiyasının direktor müavini Cozef Fitsanakis “BBC”-yə müsahibəsində bildirib ki, qaçaq casuslara Amerikada yüksək səviyyəli həyat şəraiti yaradılmaqla yanaşı, onlar xidmətlərinə görə böyük miqdarda vəsaitlə mükafatlandırılırlar. Eyni zamanda, onlar Amerikada müvafiq iş yerləri ilə təmin olunurlar. Adətən belə cəsuslar kəşviyyatçıların hazırlandığı xüsusi tədris ocaqlarında işləyirlər.

Cozef Fitsanakis qeyd edir ki, keçmiş cəsusun öz ad və soyadıyla yaşaması adi haldır . Çünki artıq uzun müddətdir qəbul olunan ənənəyə görə, nə ABŞ, nə də Rusiya qaçaq cəsusların öz ərazilərindən kənarda fiziki məhvi üzrə əməliyyatlar keçirmirlər. Bununla belə, Amerika dövləti qaçaq casusların mühafizəsini təmin edir. Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının üzərinə düşən əsas vəzifə qaçaq casusların komfortlu həyat tərzinini nümayiş etdirməkdir ki, başqa şəxsləri də əməkdaşlığa həvəsləndirsinlər.

Tofiq Vahid
Azvision.az üçün


Teqlər:





Xəbər lenti