Səudiyyəyə dron hücumu: Yeni savaş başlaya bilər – TƏHLİL

      Səudiyyəyə dron hücumu:    Yeni savaş başlaya bilər –    TƏHLİL
  17 Sentyabr 2019    Oxunub:3886
Sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının ən iri neft obyektlərinə 10 ədəd pilotsuz uçan cihaz vasitəsilə hücum təşkil olunub, nəticədə həmin obyektlərdə yanğın baş verib. Hücum nəticəsində “Saudi Aramco” şirkətinə məxsus Abkaik və Hurays şəhərlərində yerləşən neftayırma zavodları partladılıb. Ölən və yaralanan olmayıb, yanğının qarşısı alınıb.
Abkaykda yeləşən zavod dünyanın ən böyük neftayırma zavodudur. Hücumlar nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı sutkada 5.7 milyon barrel, yəni 50 faiz azalıb. Bu, dünya üzrə ümumi neft hasilatının 5 faizinə bərabərdir. Krallıqda neft hasilatının 50 faiz aşağı düşməsi qara qızılın qiymətinə təsirsiz ötüşməyib. “Brent” markalı neftin qiyməti 19 faiz artaraq 72 dollar, “West Texas” markalı neftin qiyməti isə 15 faiz qalxaraq, 63 dollara çatıb və son dörd ayın ən yüksək göstəricisi qeydə alınıb. Eyni zamanda dollar və avronun digər valyutalara nisbətdə ucuzlaşması müşahidə olunub.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın istehsal həcminin bir hissəsinin ehtiyatda saxlanılan neft hesabına təmin olunacağını bildirməsi, ABŞ prezidenti Donald Trampın isə dünya bazarında çatışmayan neftin təmin edilməsi üçün Amerikanın rezerv ehtiyatlarından istifadə olunacağını bəyan etməsi neft bazarında qiymətlərin sabitləşməsi gətrib çıxardı. Bundan sonra “Brent” markalı neftin qiyməti 68 dollara düşərək, sabit qalıb.

ABŞ ilə İranın münasibətlərinin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanının iri neft obyektlərinə hücumun təşkil olunması geosiyasi gərginliyi daha da artırıb və Yaxın Şərqdə yenidən müharibənin alovlanacağı barədə proqnozların səslənməsinə əsas yaradıb. Hücumlara görə məsuliyyəti Yəməndə yerləşən qiyamçı-husidlərin “Ənsar Allah” təşkilatı öz üzərinə götürüb. Bundan dərhal sonra Səudiyyə Ərəbistanı husidlərin mövqelərinə aviazərbələr endirib.



Vaşinqton isə “Ənsar Allah”ın üzvlərinə inanmır və iddia edir ki, hücumların arxasında Tehran dayanıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun İran hökuməti tərəfindən təşkil edildiyini bildirib və əlavə edib ki, “Hücumların Yəməndən həyata keçirildiyini sübut edən heç bir dəlil yoxdur”. İran XİN-nin nümayəndəsi Abbas Musavi isə Pompeonun ittihamlarını əsassız adlandırıb. İranın hərbi-kosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə isə ABŞ-a xatırladıb ki, Amerikanın 2 min km. radiusda yerləşən bütün hərbi baza və tankerləri İran raketlərinin yetişəcəyi zonadadır və Tehran muharibəyə hazırdır. “Ancaq nə ABŞ, nə də İran müharibəni başlamaq istəmir”,- deyə Hacızadə əlavə edib.

2012-ci ildə baş vermiş “Ərəb baharı”ndan sonra Yəməndə şiə-husidlərlə sünnilər arasında vətəndaş müharibəsi davam edir. Yaranmış ənənəyə uyğun olaraq, sünniləri Səudiyyə Ərəbistanı, şiələri isə İran dəstəkləyir. Rusiya Suriyada olduğu kimi, Yəməndə də İrana dəstək göstərir. Yəmənin geostrateji əhəmiyyəti onunla bağlıdır ki, bu ölkənin sahillərini Ədən körfəzi və Bab-əl-Məndəb boğazı yuyur. Səudiyyə Ərəbistanı nə qədər neft istehsal etsə də, onu Avropaya daşıyan tankerlər Hörmüz boğazı-Ədən körfəzi-Bab-əl-Məndəb boğazı marşrutu ilə hərəkət etməlidirlər. Yeri gəlmişkən, 2012-ci ilə qədər Yəmənin prezidenti şiə Əli Abdullah Saleh, vitse-prezidenti isə sünni Mənsur Hadi idi. Başqa sözlə desək, ölkəyə nəzarət İranda olduğu üçün, paralel olaraq neft ixracı marşrutları da onun nəzarətində idi. “Ərəb baharı” ilə Saleh hakimiyyətdən devrildi və prezident postuna Mənsur Hadi yiyələndi. Amma şiə-husudlər bununla razılaşmadılar. Hazırda ölkənin yarısına şiələr, yarısına isə sünnilər nəzarət edir.

Səudiyyə Ərəbistanına qarşı həyata keçirilmiş son hücumlar, kimin təşkil etməsindən asılı olmayaraq, Amerikaya İran yaxud Yəmənə silahlı müdaxilə üçün əsas yaradır. Hələ ki, prezident Donald Tramp açıq şəkildə İrana qarşı ittiham irəli sürməyib, ancaq bununla belə, Səudiyyə Ərəbistanı ilə məsləhətləşmələrin davam etdiyini bildirib. Əgər silahlı müdaxilə qərarı verilərsə, ilk növbədə hücumun Yəmənə qarşı həyata keçiriləcəyini ehtimal etmək olar. Bu, bir daha göstərəcək ki, Boltonun istefası Amerikanın “qırğı” siyasətinin başa çatması anlamına gəlmir. Əslində bu addım rəqibin sayıqlığını azaltmaq üçün aldadıcı manevr idi.

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Səudiyyə-Ərəbistanı   Yəmən   Dron   ABŞ   İran  





Xəbər lenti