“Bala qırğı”: Trampın xarici siyasət üzrə yeni müşaviri də köhnənin yolunu gedcək – TƏHLİL

      “Bala qırğı”:    Trampın xarici siyasət üzrə yeni müşaviri də köhnənin yolunu gedcək –    TƏHLİL
  25 Sentyabr 2019    Oxunub:4698
Dünyanın ən güclü dövlətinin “boz kardinalı” vəzifəsində “müharibə qırğısı” kimi tanınmış Con Boltonu əvəz edən Robert O`Brayen kimdir? Prezident Donald Tramp özü sayca dördüncü müşavirin haqqında “Twitter”də belə yazıb: “Hazırda Dövlət Departamentində girovlarla iş üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsini uğurla icra edən Robert O`Brayeni Milli Təhlükəsizlik üzrə yeni müşavir təyin etdiyimi böyük sevinc hissilə bildirirəm. Mən Robertlə çox və ağır işləmişəm. O, işinin öhdəsindən yaxşı gəlir”.
Etiraf etməliyik ki, bir çox dünya ölkələrinin taleyi məhz Amerikanın xarici siyasi xəttindən asılı olaraq, dəyişə bilər. Ona görə də, bu suallar kifayət qədər ciddidir: O`Brayenin prezidentin belə yüksək etimadını qazanması nə ilə bağlıdır? Onun təyinatı Amerikanın xarici siyasi xəttində nə kimi dəyişikliyə səbəb olacaq?

İxtisasca hüquqşünas və politiloq olan Robert O`Brayen əvvəllər yüksək postlar tutmayıb. Uzun illər ABŞ Dövlət Departamentində çalışmış O`Brayen Əfqanıstanda məhkəmə islahatları üzrə birgə komissyanın amerikalı həmsədri, ABŞ-ın mədəniyyət obyektləri üzrə məşvərətçi komissyasının üzvü olub. BMT strukturlarında iş təcrübəsinə malik olmaqla yanaşı, ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan mayor rütbəli zabitidir. “Larson O`Brien” hüquq şirkətinin həmtəsisçilərindədir. ABŞ prezidentliyinə namizədlər Skot Uoker, Ted Kruz və Mit Romninin xarici siyasət üzrə məsləhətçisi olub. 2013-2014-cü illərdə Respublikaçılar partiyasının xətti ilə Ukrayna və Gürcüstanda keçirilən seçkiləri müşahidə edib. 2018-ci ildən etibarən Dövlət Departamentində girovlarla iş üzrə prezidentin xüsusi nümayəndəsi vəzifəsində çalışır.

Məhz bu vəzifədə çalışdığı müddətdə bir sıra səs-küylü işlərdə uğur qazanması Robert O`Brayenə prezident Donald Trampın xüsusi etimadını qazandırdı. Yəməndə 2017-ci ildə oğurlanaraq 18 ay girov saxlanılmış Amerika vətəndaşı Denni Berçin azad olunmasını Donald Tramp xüsusi təmtəraqla qeyd edərək, böyük nailiyyət kimi qiymətləndirdi. Amerikalı girovun azad edilməsinə həsr olunmuş mərasimdə çıxış edən Robert O`Brayen “Prezident heç bir güzəştə getmədən, heç bir girov mübadiləsi etmədən öz iradəsinin gücünə amerikalıların evlərinə qayıtmasına nail oldu”,- deməklə, bu uğuru Trampın adına yazdı.



Türkiyədə casusluqda ittiham edilərək, həbs olunmuş keşiş Endryu Bronsonun azad edilməsi Robert O`Brayenin danışıqlar aparmağı və nəticə əldə etməyi bacaran siyasətçi imici qazanmasına gətirib çıxardı.

Digər səs-küylü hadisə isə İsveçdə həbs olunan məşhur amerikalı reper Eysap Rokkinin (Asap Rocky) azadlığa çıxaraq, vətəninə qayıtması idi. Reperin məhkəməsində ABŞ dövləti adından nümayəndə qismində iştirak edən Robert O`Brayen İsveç tərəfi ilə apardığı danışıqlar nəticəsində Eysap Rokkinin şərti azadlığa çıxmasına nail oldu. Hər üç hadisə Donald Trampın ölkədaxili reytinqinin yüksəlməsində təsirli faktor oldu.

O`Brayenin 2016-cı ildə qələmə aldığı “Nə qədər ki Amerika yatırdı: Böhranlı dünyada Amerikanın liderliyini necə təmin etmək olar?” adlı kitabında onun xarici siyasətə dair fikirləri yer alır. O`Brayenin öz kitabında 44-cü prezident Barak Obamanı kəskin tənqid etməsi, guman ki, Donald Trampın diqqətindən yayınmayıb. O`Brayen 2015-ci ildə İranın nüvə proqramı üzrə işləri dayandırması müqabilində ona qarşı sanksiyaların ləğvini nəzərdə tutan müqavilənin imzalanmasını “Obamanın ağılsızlığı” və “fəlakət” adlandıraraq, bu müqaviləni 1938-ci ildə Britaniyanın baş naziri Nevil Çemberlinin imzaladığı Münhen sazişi ilə müqayisə edib (Həmin sazişə əsasən Adolf Hitler Çexoslavakiyanın bir hissəsini ilhaq etmişdi). “Bizim inqilabçı İrana güvənə biləcəyimizə və onun nüvə silahı yaratmaq məqsədindən əl çəkəcəyinə aid heç bir dəlil yoxdur”,- yazan O`Brayen keçmiş milli təhlükəsizlik üzrə müşavir Con Boltonun “şinel”indən çıxdığını bir daha nümayiş etdirib. Xatırladaq ki, Con Bolton 2005-ci ildə ABŞ-ın BMT Təhlükəsizlik Şurasında nümayəndəsi işlədiyi vaxt O`Brayen onun müavini olub.

Yeni təyinat onu göstərir ki, Tramp xarici siyasətində əvvəlki hədəflərindən geri çəkilmək niyyətində deyil ancaq bu hədəflərə nail olmaq üçün ətrafına tərəfdaş toplamalıdır. Məhz bu səbəbdən ona beynəlxalq müstəvidə danışıqlar apara bilən və nəticələr əldə etməyi bacaran siyasətçi lazım idi ki, bu məsələdə seçim O`Brayenin üzərində dayandı.

Tofiq Vahid
Azvision.az



Teqlər: RobertO`Brien   Tramp  





Xəbər lenti