Amulsar: Paşinyan qızıl tələyə necə düşdü – TƏHLİL

      Amulsar:    Paşinyan qızıl tələyə necə düşdü –    TƏHLİL
  25 Sentyabr 2019    Oxunub:10125
Amulsar - Ermənistanın ən böyük qızıl mədənlərindəndir. Burada 40 ton təmiz qızılın olduğu deyilir. Qızıl mədənindən istifadənin ağır ekoloji nəticələrə gətirib çıxaracağı hazırda Ermənistanda böyük qalmaqala səbəb olub. O dərəcədə ki, bu məsələ hətta Paşinyan iqtidarının sarsılmasına gətirib çıxara bilər.
Bəzi müşahidəçilər hesab edirlər ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millz 2018-ci ildə səlahiyyəti başa çatıb gedərkən incə diplomatik ifadə və jestlərlə Amulsarın istismarının vacibliyinə işarə vurmuşdu. Məhz bu səbəbdən Paşinyan qızıl mədəninin istismarına çalışır, lakin ekoloqların, yerli əhalinin güclü müqaviməti ilə qarşılaşıb.

Ekoloqlar Cermuk, Arpaçay, Varatan, Göyçə gölünə böyük zərər dəyə biləcəyi haqda xəbərdarlıq edirlər. Lakin Amulsardan istifadəyə imkan verməmək Paşinyanın Qərblə münasibətlərinə birbaşa təsir göstərə bilərdi. Bunu dərk edən Ermənistanın baş naziri Feysbukda canlı yayımda bildirib ki, yatağın istismarına imkan veriləcək.

Avqust ayının ortalarında Ermənistanın İstintaq Komitəsi qızıl mədəninin istismarının ekologiyaya zərər verməyəcəyi barədə araşdırma dərc etdi. Lakin mədənin istismarının əleyhdarları iddia edirlər ki, İstintaq komitəsi ərazini deyil, müvafiq sənədləri öyrənib və onların əsasında nəticə əldə edib. Bir saatdan artıq müddətdə canlı yayımda ictimaiyyətə müraciət edən Paşinyan qızıl mədəninin müasir ekoloji standartlara uyğun istismar ediləcəyini bildirib. Lakin yaxınlıqda yaşayan yerli əhali və ekoloji təşkilatlar qətiyyətlə buna qarşı çıxırlar. Qızılın istismarı zamanı hər il 100 ton sodium-sianid turşusunda istifadə olunacağı onları narahat edir.



“Baqramyan, 26” ünvanında etirazçıların toplaşması "Qarabağ klanı"nı da hərəkətə gətirib. Əslində, etirazları onların təşkil etdiyi gün kimi aydındır. Bununla onlar Paşinyanı çıxılmaz vəziyyətdə qoymaq, həm əhali, həm də qızıl mədənini istismar etmək istəyən beynəlxalq şirkət və onun himayəçiləri ilə qarşıdurmaya sürükləmək istəyirlər. Burada prezident Armen Sarkisyanla Paşinyanın fikir ayrılığı da mümkündür. Belə ki, 2013-cü il mayın 28-də şahzadə Çarlz Armen Sarkisyanın dəvətilə Yerevana gəlmişdi. Britaniya səfirliyi səfərin şəxsi məqsədlə olduğunu iddia etsə də, ekoloqların etiraz nümayişi və Amulsar qızıl mədəni yaxınlığındakı Cermuk mineral suyunun mənbəyinə zərər gələ biləcəyi çağırışı İngiltərə kral ailəsinin Ermənistandakı qızıl istismarında iştirakını təsdiq edirdi. Halbuki, şahzadə Carlzın özünün dəstəyilə fəaliyyət göstərən Dünya Vəhşi Təbiət fondunun təşəbbüsü ilə Ermənistan hökuməti Amulsar qızıl mədəni yaxınlıgında Cermuk Milli Parkını yaratmağa başlamışdı. Lakin qızıl mədəninin istismarına lisenziya verilməsi bu işləri yarımçıq qoydu.

Ekoloqların şahzadə Carlza etirazı da bununla bağlı idi. Paşinyan əhalidən Cermuka gedən yolu açmağı xahiş edib. O, bildirib ki, qızıl mədənində istismar işləri 2020 və ya 2021-ci ildən tez başlamayacaq. Halbuki, ölkə beynəlxalq şırkət qarşısında öhdəlik götürüb və onun yerinə yetirilməməsi Ermənistanın imicinə xeyli zərbə vura bilər.

“Lydian International” şirkəti 2006-cı ildən maraq göstərdiyi Amulsarın istismarından Ermənistan dövlət büdcəsinə cəmi 10 faiz pay verməyi nəzərdə tutur. Lakin bu, Ermənistana ən böyük investisiya qoyuluşlarından biridir. 325 milyon dollar həcmində və 1300 iş yeri olmaqla, Amulsar Ermənistanın ümumü daxili məhsulunun ildə 1,4 faiz, yaxud 185 milyon dollar artması deməkdir. Lakin korrupsiyalaşmış ölkədə həmin məbləğin Ermənistan büdcəsinə çatması təbii ki, mümkün deyil, üstəlik, qızıl mədəni ətrafında yaşayan əhali səfalət həddində dolanır və onların vəziyyətinin bundan sonra da yaxşılaşacağı inandırıcı deyil.

Bu, faktiki böyük fırıldaqçılıqdır və Paşinyan da bu avantürada çox çətin seçim qarşısında qalıb. İstənilən seçim onun zərərinə olacaq. Rusiyapərəst oliqarx, parlamentdə təmsil olunmuş "Çiçəklənən Ermənistan" partiyasının sədri Tsarukyan da Amulsarın istismarının əleyhinə çıxıb. O, Paşinyana yerli əhalinin rəyini nəzərə almalı olduğunu xatırladıb və özü də lazım gələrsə, etirazçılara qoşulacağını deyib.



Artıq Böyük Britaniya bu məsələyə münasibət bildirib. Lakin “Lydian International” şirkətinin tərəfini saxlaması səbəbindən Britaniya XİN özü də tənqidlərə məruz qalıb. Britaniya Foreign Office-i ilə “Lydian International” arasında sıx kontaktlar, habelə, İngiltərənin Yerevandakı səfirliyinin bu prosesdə iştirakı anti-demokratik akt kimi qiymətləndirilir. 2013-cü ildən 2018-ci ilədək səfir özü başda olmaqla Britaniya səfirliyi əməkdaşlarının “Lydian International” nümayəndələri ilə intensiv görüşlər keçirməsi Britaniyanın bu mübahisəli məsələdə iştirakının sübutu kimi ciddi tənqid olunub. Yanvardan iyuladək 55 belə görüş keçirilib. Yuxarıda qeyd etdiyimiz kimi, Yerevandakı ABŞ səfirliyi də Amulsarın istismarına etiraz etmir. O zaman Paşinyanın hakimiyyətə gəlməsindən sonra ona qarşı ən böyük etirazın arxasında kimin durmasını təxmin etmək çətin deyil.

2007-ci ildə Rusiyada dərc olunan elmi jurnalda Amulsarda uranın, radioaktiv maddələrin olması isbat edildi. Bundan sonra Ermənistan hökuməti və “Lydian International”, faktiki İngiltərə arasında qızğın mübahisə başladı. Üstəlik, əhalinin 74 faizi orada aparılan kəşfiyyat işləri zamanı başağrısı, əsəb pozğunluğu və s. xəstəliklərə tutulduqlarını bildiriblər. Bu ilin əvvəlində 41 beynəlxalq ekoloji QHT Paşinyana müraciət imzalayaraq oradakı işlərin dayandırılmasını tələb ediblər. Britaniya Foreign Office Amulsar məsələsində “Lydian International” şirkətini müdafiə etdiyi üçün ötən il Ermənistanın bir sıra QHT-ləri kraliçanın ad günü münasibətilə İngiltərənin Ermənistandakı səfirliyində təşkil olunmuş tədbiri boykot etmişlər.

Məsələnin maraqlı tərəflərindən biri odur ki, Ermənistan prezidenti Armen Sarkisyan “Lydian International” şirkətinin Direktorlar Şurasının üzvüdür. Deməli, Paşinyan İngiltərə, ABŞ, Ermənistan prezidenti, xalq, demokratiya və öz reputasiyası arasında ciddi seçim etmək məcburiyyətində qaldı və birinciləri seçdi. Bu, Paşinyanın imicinə vurulmuş böyük zərbə olacaq və onun xalqın tərəfində dayanmış, onun iradəsini əsas prinsip hesab edən siyasətçi imicindən bir addım da uzaqlaşdırdı.



Nəzakət Məmmədova
Azvision.az üçün




Teqlər: Amulsar   Qızıl   Paşinyan  





Xəbər lenti