“Bakıya 600 min avroya gəlmişəm” - MÜSAHİBƏ
İfaçının ölkəmizə sevgilisi Beren Saatla gələcəyi bildirilsə də o, tək gəlmişdi. Kənan bəy özü isə bunu aktrisanın serial çəkilişlərinə görə zamanın olmaması ilə əlaqələndirdi.
Kənan Doğulu ilə baş tutan maraqlı müsahibəni təqdim edirik:
–Kenan bəy, bu, Bakıda gerçəkləşən sayca dördüncü konsertinizdir. Budəfəki konsertinizdə nə kimi dəyişikliklər etmisiniz?
–Budəfəki konsertimdə musiqi repertuarımı dəyişdirmişəm. Bundan əvvəl konsertə gələndə bir neçə Azərbaycan mahnıları səsləndirmişdim. Bu dəfə isə azəri mahnıları ifa etməyi düşünmürəm. Yeni albomumdakı mahnılarla buradakı tamaşaçılarımı sevindirəcəyimi ümid edirəm. Buna görə çox həyəcanlıyam. Düşünürəm ki, mahnılarım tamaşaçıların xoşuna gələcək.
–Bizim müğənnilərlə duet oxumağı necə düşünürsünüzmü?
–Elə bir layihə ilə heç kim mənə müraciət etməyib. Amma niyə də olmasın? Gələcəkdə hər şey ola bilər. Müğənniləriniz gözəl layihələrlə mənə müraciət etsə, onları dəyərləndirməyə çalışaram.
–Bəs bizim ifaçılardan kimi tanıyırsınız?
–Əslində heç kimi tanımıram. Daha çox köhnə, əfsanə olmuş müğənnilərinizi, sənətçilərinizi tanıyıram. Misal üçün Əzizə Mustafazadənin adını çox eşitmişəm. Gənc ifaçılarınızı izləmək üçün zamanım olmur, ona görə də çox təəssüflənirəm.
–Bəs Türkiyə şou-biznesinə qatılmış ifaçılarımızdan necə –Röya, Aygün Kazımova, Brilliant Dadaşova və s. Onları da tanımırsınız?
–Yox, bu ifaçıların heç birini tanımıram.
–Eşitdiyimizə görə buradakı konsertə görə 60 min avro alacaqsınız. Bu xəbər doğrudurmu?
–(Gülür), yox 600 min avroya gəlmişəm.
–Belə çıxır ki, siz Tarkandan da baha konsert verirsiniz...
–Bəli, mən hər kəsdən baha gəlirəm (gülür).
–Kenan bəy, sizin Beren Saatla toyunuzla bağlı xəbərlər burada da çox maraq dairəsinə çevrilib. Bilmək istəyərdik, toya hazırlıq gedirmi?
–Evlilik mövzusu özəl olduğu üçün bu barədə açıqlama vermək istəmirəm. Evlilik məsələlərini ailə içində danışacağıq. Ümid edirəm ki, yaxın zaman çərçivəsində baş verəcək. Qismət.
–Türkiyə mətbuatında demək olar ki, hər gün sizin ata olacağınızla bağlı xəbərlər yazılır. Bu xəbərlər doğrudurmu?
–Elə bir şey yoxdur. Bu yanlış xəbərdir. Əslində çox istəyərdim ki, övladım olsun. Neçə ildir ki, söyləyirəm ki, kaş ki, övladlarım olardı. Ümumiyyətlə uşaqları çox sevirəm. Mənim üçün övladın fərqi yoxdur, oğlan, ya qız. Arzulayaram ki, əkiz övladım olsun. Mənə belə suallar verməyin utanıram.
–Beren Saatın “Benim dünyam” filmi hər kəsin maraq dairəsinə çevrildi. Beren həqiqətən qüsurlu olsaydı, onunla münasibətinizi yenə də bu şəkildə davam etdirərdiniz?
–Bu, çox çətin bir sualdır. Əgər sonradan qüsurlu olsaydı təbii ki, onunla sevgi münasibətlərimi davam etdirərdim. Ancaq əvvəlcədən, anadangəlmə qüsurlu doğulsaydı inanmıram ki, o məni görüb vurulardı. Və ya mən onu hansı şəkildə görərdim, onun mənə sevgisini necə bilərdim, orasını deyə bilmərəm. Çünki işin bu tərəfini heç zaman düşünməmişəm.
–Siz filmi izlədinizmi?
–Bəli. Filmi qalada izlədim və başlayandan bitənə kimi ağladım.
–Bildiyimiz qədər sizin Amerikada gerçəkləşdirdiyiniz layihələr var. Sizdən xarici mahnılar gözləyəkmi?
–Bəli. Siz hər şeyi doğru eşidirsiniz(gülür). Amerikadakı ifaçılarla bir çox layihələrim var. Bundan əlavə, bir neçə məşhur ifaçılarla danışıqlar gedir. Sizə təkcə onu deyə bilərəm ki, ingilis dilində biri-birindən gözəl mahnılar ifa edəcəyəm. Açıqlama vermək üçün tezdir, çünki hələ müqavilə imzalamamışıq.
–Sosial şəbəkələrdə aktivsinizmi?
–Bəli. Bacardığm qədər “Facebook”dan, “Twitter”dən, “İnstagram”-dan istifadə edirəm.
–Sizin fan səhifələrinizi izləyirəm, ancaq şəhərimizdə olduğunuzla əlaqədar heç bir şəkil paylaşmamsınız. Şəhərimizi sevmədinizmi?
–Elə düşünməyin. Hələ ki, şəhəri gəzməyə çıxa bilmədim, bunun üçün vaxtım olmadı. Bu gün bütün günü istirahət etmişəm. Çölə çıxmadım. Ona görə şəhərinizlə bağlı heç bir şey paylaşmamışam. Ancaq çox istəsəniz oteldəki saxsı qabların şəkillərini paylaşaram (gülür). Sabah gedəcəyim üçün də gəzməyə çıxıb şəkil çəkdirə də bilməyəcəm. Bundan öncəki səfərimdə şəhərinizi gəzməyə imkanım olmuşdu. Şəhəriniz çox gözəldir.
–Kenan bəy, 20 ilinizi səhnədə doldurdunuz, səhnədən getmək üçün nə qədər zamanınız qalıb?
–Mən müğənniyəm. Başqa bir işim və ya biznesim yoxdur. İşim səhnəyə çıxmaq, mahnılar bəstələmək və insanların könlünü oxşayan mahnılar ifa etməkdir.
–Yəni 50 yaşında Kənan Doğulu səhnədə olacaqmı?
–Ola bilər. Niyə də olmayım. Madonna 60 yaşındadır. Hər kəs onu çox sevir. Müğənnilik yaşla olan bir şey deyil. Əgər ifaçı özünü yaxşı hiss edirsə, səhnədə gözəl performans göstərə bilirsə, o qədər də səhnədə qalmaq imkanı var. Əsas odur ki, gənc qalsın, sevilsin və dinlənilsin. Mənim səhnədən nə zaman gedəcəyimi soruşursunuzsa, ölənə qədər oxuyacam.
-Türkiyədə gündəmdə qalmaq çox çətindir. Çünki hər gün bir sənətçi çıxır və kliplərin sayı hesabı yoxdur. Gündəmi əlinizdə necə saxlayırsınız?
–Bəli, Türkiyədə gündəmdə qalmaq, onu əldə saxlamaq çox çətindir. 20 ildir ki, Türkiyə şou-biznesində işləyirəm. Həmişə aktiv olmaq, gündəmdə qalmağa çalışıram, ən əsası hit mahnıları tapa bilmək çox önəmlidir. 17 yaşımdan sənətdəyəm.
–Sezen Aksu ilə münasibətiniz necədir?
–Çox yaxşı. Onunla da işbirlikdən əlavə, yaxşı dostluğumuz da var.
–Xəbəriniz olsun ki, Sezen Aksu artıq Azərbaycanda elə də sevilən sənətçilər sırasında deyil.
- Niyə?
- Çünki o bizim “sarı gəlin” mahnımızı erməni dilində oxuyaraq bizim müəllif hüquqlarımızı tapdaladı. Bunu oxumaqla da kifayətlənmədi. Bizim mahnımızı erməni dilində yeni albomuna da daxil etdi.
- Mən bunları bilmirdim. Ancaq Sezen Aksunu Türkiyədə hər kəs barış elçisi kimi tanıyır. Ümid edirəm ki, zaman gələcək onunla ortaq dil tapıb ünsiyyət qurarsınız. Gün gələcək o da sizin mahnılarınızı oxuyacaq, bununla kifayətlənməyib sizin ifaçılarla da oxuyar. Sizin fikirlərinizi də Sezen xanıma çatdıraram.
Xəyalə Rəis
AzVision.az üçün