İkinci zərbə və nokaut – TƏHLİL

   İkinci zərbə və nokaut –    TƏHLİL
  12 Oktyabr 2019    Oxunub:18585
Gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq. Ona görə, MDB Dövlət Başçıları Şurasının Aşqabaddakı zirvə görüşünün gündəliyindəki məsələlərdən biri də bununla bağlı Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə ediləcək müraciəti idi. Axı bu qələbədə MDB dövlətlərinin xalqlarının böyük rolu var... Amma hamısının yox!
O vaxt bir dövlətin – SSRİ-nin çətiri altında yaşayan xalqların çoxu səmimi şəkildə, ürəkdən faşizmə qarşı mübarizə aparanda, qanlarını axıdanda, bəziləri nasistlərlə işbirliyi qurub, bu yolla öz maraqlarını təmin etməyə çalışırdılar. Bu işdə ermənilər xüsusilə qabağa getmişdilər. Ona görə də, bu gün onları da ümumi Qələbənin 75 illiyi münasibətilə təbrik edəndə əslində həmin savaşda kişi kimi döyüşən milyonlarla insanın ruhuna hörmətsizlik edilir. Bu, böyük tarixi ədalətsizlikdir.

İndiyə qədər bu haqda kifayət qədər yazılıb, faktlar, sübutlar ortaya qoyulub, amma yüksək rəsmi tribunalardan heç kimi bunu açıq deməyə cəsarət etmirdi. Səbəb də aydındır: bunu açıq demək öz sinəsini aqressiv erməni təbliğat maşınının qabağına vermək anlamına gəlir, bu isə çoxlarını qorxudur. Axı ermənilərin dünyada təbliğat imkanları genişdir və heç də hər siyasətçi, yaxud lider onun qabağına çıxmağa risk eləməz. Amma İlham Əliyev tarixi ədaləti bərpa etməkdən çəkinmədi.

- Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub ,- deyə Prezident bildirdi.

İlham Əliyev sözlərini konkret faktlarda da əsaslandırdı. Əvvəla, o, xatırlatdı ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi haqqında xüsusi məruzə təqdim edib. Həmin məruzədə deyilir ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası Üçüncü Reyx ilə əməkdaşlıq edən Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.
Bunun ardınca isə Prezident xatırlatdı ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının VI cildindəki “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə Njdenin haqqında məlumat verilir. Orada deyilir ki, Daşnak ordusunun keçmiş generalı, “Njde” ləqəbi ilə almanlara xidmət etmiş mühacir Ter-Arutyunyan Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu yaradıb. Üstəlik, Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib.

- Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur ,- deyə İlham Əliyev vurğulayıb..

Bu ittiham ağır olduğu qədər də əsaslı idi və Ermənistanın tədbirdə iştirak edən baş naziri Nikol Paşinyan əslində heç nə deyə bilməzdi. Ən yaxşı halda, bəlkə vəziyyəti etiraf edib, qələbəni qazanan insanlardan, onların nəvələrindən üzr istəmək, əvvəlki hakimiyyətin səhvini düzəltmək üçün çalışacağına söz vermək mümkün idi. Amma o, müdafiəyə çox uğursuz bir cəhd edərək, bildirdi ki, guya Qaregin Njde türk işğalına və türklərin təşkil etdikləri erməni soyqırımına qarşı mübarizə aparıb.

40-cı illərdə hansı “türk işğalından” söhbət gedirdi? Soyqırıma qarşı 30 il sonra necə mübarizə aparmaq olar?! Paşinyanın satqın kimi həbs edilən Njdeyə bəraət qazandırmaq üçün onu QULAQ-dakı başqa məhbuslarla müqayisə etməsi isə tamamilə məntiqsiz idi. Əgər QULAQ-da satqın olmayan məhbuslar da var idisə, bu, əsla o demək deyil ki, heç kim satqın olmayıb. Təxminən belə bir anologiya gətirmək olar: Meşədə çaqqal olmayan heyvanlar da varsa, bu, o demək deyil ki, oradakı canlıların heç biri çaqqal deyil. Bir baş nazir üçün belə məntiqi nonsens sadəcə, biabırçılıq idi.

Paşinyanın İlham Əliyevin faktlara əsaslanan ittihamından yayına bilmək üçün onu dövlət başçılarının iclasına hörmətsizlikdə suçlaması isə sadəcə, gülməli oldu. Çünki İlham Əliyev hər zaman əsl diplomat kimi, yüksək tədbirlərin etiket və protokoluna hörmət edərək davranır. Deməyə sözü olmayanda qarşı tərəfə “hörmətsizlik edirsən” kimi absurd ifadələr ünvanlamaq isə arqumentsizliyin, haqsızlığın və mədəniyyətsizliyin göstəricisidir. Həm də ona görə ki, İlham Əliyev Paşinyanın özünə, şəxsinə aid heç nə deməmişdi, sadəcə, Ermənistanda faşizmin təbliğini pisləmişdi. Paşinyan isə əksinə, cənab Əliyevin şəxsinə hücum etməyə çalışdı və biabır oldu. Çünki yüksək diplomatik məharətə malik insanlara bu cür cılız hücum etmək boks çempionuna yumruq atmaq kimi bir şeydir. Ona görə də, bundan sonra İlham Əliyevin verdiyi cavab Paşinyanı sadəcə, diplomatik nokauta saldı.

Bu fikir duelinin nəticəsində açıq-aşkar göründü ki, Paşinyan qətiyyən İlham Əliyevlə hansısa yüksək görüş çərçivəsində dialoq apara biləcək səviyyədə, savadda və hazırlıqda deyil. Bir qədər əvvəl cənab Əliyevin Valday klubunun toplantısında dediyi fikrin sonuna qoyduğu nida işarəsi Paşinyana qiyabi zərbə idisə, bu dəfə həmin zərbə əyani şəkildə endirildi. Yəqin, növbəti dəfə hansısa tədbirdə İlham Əliyevə cavab verməzdən öncə Paşinyan 3 dəfə fikirləşəcək.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: İlhamƏliyev   NikolPaşinyan   Njde  





Xəbər lenti