Anardan yeni film təklifi

Anardan yeni film təklifi
  14 Dekabr 2013    Oxunub:1918
Anar: Yaxşı olardı ki, “Dədə Qorqud” çoxseriyalı televiziya filmi çəkilsin.
Dədə Qorqud abidəsinin açılışının bu günlərdə keçirilməsi təsadüfi deyildir. Çünki dünən biz tariximizin kədərli bir gününü yaşadıq. On il bundan qabaq böyük ulu öndərimiz Heydər Əliyev dünyasını dəyişmişdir. Bu gün isə sevincli bir gün yaşayırıq. Dədə Qorqudun heykəli açılır. Amma Dədə Qorqudun adı da Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Çünki Dədə Qorqud tədbirlərinin dünya səviyyəsində keçirilməsi məhz Ulu Öndərin xidmətidir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Rzayev dekabrın 13-də Bakının Nərimanov rayonunda ucaldılan"Kitabi-Dədə Qorqud" abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışında çıxışı zamanı deyib.

Xalq Yazıçısı sonra çıxışında qeyd edib: "Biz qırğızların dastanı olan "Manas"ın 1000 illik yubileyində iştirak edəndə orada Dədə Qorquddan söhbət düşdü ki, biz də Dədə Qorqudun yubileyini keçirək. Dünyada heç bir yerdə keçirilməyəcək bir səviyyədə Dədə Qorqud yubileyi keçirildi. "Dədə Qorqud" ensiklopediyası çap olundu. Çoxlu qonaqların iştirakı ilə tədbirlər keçirildi. Dədə Qorqudun abidəsi haqqında qərar qəbul olundu. Mən çox şadam ki, Heydər Əliyevin başqa arzuları kimi, bu arzularını da onun oğlu, bizim hörmətli Prezidentimiz bu gün həyata keçirir. Bu gün biz həmin o Dədə Qorqud abidəsinin açılışında iştirak edirik".

Yazıçılar Birliyinin sədri bildirib ki, "Dədə Qorqud" Azərbaycan xalqının müqəddəs kitabıdır: "Mərhum prezidentimiz Heydər Əliyevin bir böyük xidməti də onda oldu ki, o, Dədə Qorqudun məhz 1300 yaşının olduğunu təsdiq etdi. Bu rəqəm havadan götürülməmişdir. Dastanda deyilir ki, Dədə Qorqud Həzrəti Məhəmmədin müasiri idi. Həzrəti Məhəmməd də məlumdur ki, 1300 il bundan əvvəl yaşayıbdır. Bunu biz əsas götürərək Dədə Qorqudun 1300 illiyini təklif etdik. Ulu Öndərin bu qərarından sonra UNESCO da, türk alimləri də bu qərarı qəbul etdi. Bizim bu 1300 rəqəmi təsadüfi bir rəqəm deyildir. Bu, o deməkdir ki, biz ədəbiyyat tariximizi başqa dillərdə yaranan əsərlərlə yox, öz ana dilimizdə, qədim Azərbaycan dilində, oğuz dilində yaranan bir dastanla başlaya bilərik".

Onun sözlərinə görə, bu rəqəmin ikinci əhəmiyyəti isə ondan ibarət idi ki, "Kitabi-Dədə Qorqud"un mətnində bilirsiniz, Azərbaycan şəhərlərinin - Dərbəndin, Bərdənin, Gəncənin, Naxçıvandakı Əlincə qalasının adları vardır. Hətta "Gürcüstan", "Abxaziya" sözləri vardır. Amma bir yerdə "Ermənistan", "erməni", "hay" sözü yoxdur. Bu da onu sübut edir ki, 1300 bundan əvvəl də burada ermənilər olmamışlar. Bu da bizim tariximiz üçün çox böyük bir hadisə idi: "Bütün bunları nəzərə alaraq mən bir daha Ulu Öndərimizin ruhuna rəhmət diləyirəm. Təkliflərdən biri də o idi ki, - o vaxt Ulu Öndər bu təklifi də məmnuniyyətlə qəbul etmişdi, - çoxseriyalı "Dədə Qorqud" televiziya filmi çəkilsin. Hörmətli Prezidentimiz İlham Əliyev də burada qeyd etdi ki, "Dədə Qorqud" həm də bütün türk dünyasını birləşdirən bir əsərdir. Yaxşı olardı ki, belə bir çoxseriyalı televiziya filmi çəkilsin. Mən Sizdən xahiş edirəm, cənab Prezident, bunun da təşəbbüsü Azərbaycandan gəlsin".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılış mərasimində iştirak etmişdir. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunmuşdur. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.

Müasir dövrdə "Kitabi-Dədə Qorqud" dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə "Dədə Qorqud" bədii filmi çəkilmişdir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdır. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı "Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Sərəncama əsasən, Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılmışdır.
Dövlətimizin başçısı kompleksdə həyata keçirilən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlamış, mütəmadi olaraq əraziyə gələrək müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə geniş imkanlar açaraq paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park haqqında ətraflı məlumat verdi.

Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə üzrə müasir səviyyədə yeni park salınmışdır. Bu istirahət məkanı paytaxtın ən böyük parklarından biridir. Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, müasir standartlara uyğun işıqlandırma sistemi qurulmuşdur. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Park Azərbaycan Diplomatik Akademiyasının yanında salınmışdır. Burada ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı toplanan məlumatlar şübhəsiz ki, şəhər sakinlərinin, qonaqların, xüsusilə də Azərbaycan Diplomatik Akademiyasının yerli və əcnəbi tələbələrinin informasiya almasında mühüm rol oynayacaqdır.

Parkda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.


Teqlər:





Xəbər lenti