Bayrağın mistik rolu

    Bayrağın mistik rolu
  09 Noyabr 2019    Oxunub:9957
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Son illərdə Bayraq Günümüz bütün ölkədə əsl bayram kimi qeyd olunur. Və bu, düzgündür, məhz belə də olmalıdır. Çünki xalqı xalq edən amillərdən biri də dövlət bayrağının müqəddəsliyini dərk etməkdir. Bayraq həm dövlət, həm də xalq üçün ayrı-ayrılıqda çox önəmli simvoldur. Nədədir onun önəmi? Gəlin, baxaq.
Dövlət təkcə siyasi institutlardan və qanunlardan ibarət deyil. Bunlar dövlətin cismidir. Amma dövlətin ruhu da var ki, bu – onun bayrağıdır. Nə qədər ki, dövlət sağdır, canlıdır, onun ruhu – bayrağı da göylərində dalğalanacaq. Əgər bayraq enirsə, rəmziliyini, müqəddəsliyini itirirsə, demək, dövlətin ruhu sönür; bundan sonra onun cisminin də yaşaması mümkün deyil.

Amma ən maraqlısı odur ki, Bayraq – həm də xalqın ruhunun əksidir. Bir xalqın keçmişi, indisi, gələcəyi – hamısı onun bayrağında əks olunub. Bu ruh nə qədər güclüdürsə, xalqın öz varlığını sürdürmək, böyümək və güclənmək əzmi də bir o qədər çox olur.

Beləcə, maraqlı nəticə alınır: Bayraq – eyni zamanda həm dövlətin, həm də xalqın ruhudur. Onların ikisini birləşdirən yarımistik simvoldur. Məhz bayrağın sayəsində xalq və dövlət sanki bir ruhu olan iki cismə çevrilirlər. Bu yolla bayraq onları eyni ruhi-mənəvi sferada bütünləşdirir.

Dövləti gücləndirən də insanların bayraq sevgisi olur. Çünki bayraq sevgisi - öz bayrağını ucaltmaq üçün nəsə etmək arzusunu doğurur. Məhz bu arzu insanları irəliyə, uğurlara, qələbələrə doğru aparır. Bir idmançının çətin yarışdan qalib çıxmasının səbəbi təkcə rəqibini yenmək ehtirası deyil, həm də bayrağını ucada görmək şövqüdür.

Hər kəs bayrağını heç olmasa bircə zərrə yüksəltmək arzusu ilə yaşasa, övladlarını bu amalla böyütsə, belə insanların birlikdə əmələ gətirdiyi xalq dünyanın ən böyük xalqı, dövlət isə ölçülərindən asılı olmayaraq, dünyanın ən böyük dövləti olar.

Bayraq, bax, buna görə vacibdir – o, xalqla dövlətin arasında mənəvi enerji mübadiləsinin getdiyi ruhi kanaldır. Onu həmişə qorumaq lazımdır ki, xalqla dövlətin bağlılığı itməsin. Çünki əks təqdirdə nə dövlət varlığını davam etdirə bilər, nə də xalq.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Bayraq   Azərbaycan-Bayrağı   Bayraq-Günü  





Xəbər lenti