Miqrant alverinin yeni ölçüləri: Kərimlinin ətrafında çəmbər daralır

      Miqrant alverinin yeni ölçüləri: Kərimlinin ətrafında çəmbər daralır
  21 Noyabr 2019    Oxunub:9672
Azərbaycandan Avropaya qanunsuz miqrant göndərən siyasi dəllalların fəaliyyəti haqqında son bir neçə ildə xeyli fikirlər söylənmişdi. Amma ötən həftə Almaniyanın hüquq-mühafizə orqanlarının açıqladığı faktlardan sonra məsələnin mahiyyəti dəyişdi. Hər kəsə aydın oldu ki, bu haqda deyilənlər və yazılanlar heç də bəzilərinin düşündüyü kimi, müxalifətə atılan “böhtan” deyilmiş.
O da aydınlaşdı ki, miqrant alverinin gerçək miqyasları deyildiyindən və təsəvvür edildiyindən qat-qat böyük imiş. Məsələn, sənədlərə görə, Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzinin sədr müavini Mehdi Xəlilbəyli 2015-ci ildən bu yana mühacir alverindən 300 000 avro qazanc əldə edib. Nəzərə alsaq ki, o, bu proseslərdə iştirak edən şəxslərdən sadəcə biridir, hətta birincisi də deyil - partiyada ondan daha böyük “boss”lar da var,- o halda söhbətin milyonlarla avrodan getdiyi aydın olur.

Almaniyanın Koblenz şəhərinin məhkəməsinin qərarına əsasən təqsirləndirilən şəxslərdən biri - bu şəbəkənin əsas fiqurlarından olan Rəşad Məmmədovun ifadələri daha dəhşətli mənzərə yaradır. Onun dediklərinə görə, mühacir alveri zamanı hətta Azərbaycan qadınının namusu da biznes obyekti olub. Bəzi gənc xanımlar oturum statusu almaq üçün müxalifətin Avropadakı rəhbər şəxslərinin yatağından keçməli imişlər... Yəni sözün həqiqi və ən pis mənasında bir mafiya strukturundan söhbət gedir, müxalifətdən yox!

Mühacir biznesinin ifşa olunan cinahı hələ ki əsasən Müsavata bağlı hissəsidir, amma reallıqda AXCP sədri Əli Kərimli daha geniş qanunsuz mühacir alveri şəbəkəsinə nəzarət edir. Şübhəsiz ki, ən yaxın gələcəkdə bunun da üstü açılacaq.



Yada salaq ki, hələ 2016-ci ildə Azərbaycan Respublikasının Baş prokurorluğunda Avropa ölkələrinə qanunsuz miqrasiyasının təşkili və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi başlanmışdı. İstintaq zamanı 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlardan ikisi miqrantlar üçün saxta sənədlər hazırlamağa görə azadlıqdan məhrum edilmişdilər. Digər 9 şəxs ölkə hüdudlarından kənarda olduqları üçün beynəlxalq axtarışa verilib. Həmin 9 nəfərdən biri Əli Kərimlinin bacanağı Rauf Hüseynovdur. O, hazırda İsveçdə yaşayır. AXCP üzvü olan Rauf Hüseynov xarici ölkələrdə yaşamaq icazəsi verən “oturum izni” almaq məqsədilə saxta sənədlər hazırlamaqda, xüsusilə Nəsimi rayon polis idarəsi və həmin idarənin 20-ci polis bölməsi adından saxta sənədlər tərtib etməkdə ittiham olunur.

Axtarışa verilmiş həmin 9 nəfərdən daha biri “Azadlıq” qəzeti və Qənimət Zahidin rəhbərlik etdiyi “Turan TV”-nin müxbiri, hazırda Niderlandda yaşayan Fikrət Hüseynovdur. F.Hüseynov qanunsuz miqrasiyanın təşkili məqsədilə AXCP-nin rəhbər şəxslərinin razılığı və icraçılığı ilə partiyanın rəsmi sənədlərini saxtalaşdırmaqla, xeyli miqdarda qanunsuz gəlir əldə edib. Onların bəxti hələlik sadəcə bunda gətirib ki, Almaniya ərazisində yaşamırlar. Amma şübhəsiz, Avropada qanunsuz miqrasiyaya qarşı əməliyyatlar da təkcə Almaniya ilə məhdudlaşmayacaq... Yəni bildirçinin bəyliyinin bitməsinə elə də çox qalmayıb.

Hazırda Avropada “mühacir” adı ilə fəaliyyət göstərən dəstənin üzvləri də qanunsuz miqrant biznesində fəal iştirak edirlər. Cinayət işində adı keçən şəxslərdən biri facebook-da “Azad söz” səhifəsini idarə edən Tural Sadıqlıdır. İstintaq materiallarına görə, Tural Sadıqlı Almaniyada yaşamaq üçün ora köçmüş Xəqani Xəlilova oturum icazəsi almaq üçün saxta sənədlər (Yasamal rayon məhkəməsi və Bakı şəhər prokurorluğunun çağırış vərəqələri) düzəltməyi vəd edərək, bunun müqabilində pul alıb. Sübut üçün buyurun: Bu da Tural Sadıqlının qanunsuz miqrant alverində iştirakını təsdiq edən Nürnberq polis idarəsinin Azərbaycanın Almaniyadakı səfirliyinə məktubu.



Xəqani Xəlilov istintaqa verdiyi ifadəsində deyir: “2016-cı ilin aprel ayının axırlarında Nürnberq şəhərində Azərbaycan əsilli Tural Sadıqov ilə qarşılaşdım. Tural uzun müddət Almaniyada yaşadığından, mən ondan burada mənim üçün oturum icazəsi almaqda kömək göstərməyini xahiş etdim. Tural bu işdə kömək edə biləcəyini deyərək, bildirdi ki, bunun üçün Azərbaycanda siyasi fəaliyyətimə görə təqiblərə məruz qalmağım haqqında sənədlər lazımdır və bunu 800 avroya düzəldə bilər. Mən razılaşdım, lakin bildirdim ki, bu pulu birdəfəlik verə bilməyəcəyəm, əlimə düşdükcə, hissə-hissə ödəyərəm. Bir qədər sonra, təxminən 2016-cı ilin iyun ayında Tural mənə guya Müsavat partiyasının keçirdiyi mitinqdə iştirak etdiyimə görə həbs olunmağım barədə möhürlənmiş qərar və guya istintaqa çağırış vərəqəsi verdi...”



Daha sonra ifadədən məlum olur ki, Xəqani Xəlilov Tural Sadıqlıya hissə-hissə 700 avro pul ödəsə də, sonda oturum ala bilməyib. Buna görə də, pulunu geri tələb edib... Düşünməyə tam əsas var ki, o, bu şəkildə aldadılan yüzlərlə insandan sadəcə, biridir. Görün, sosial şəbəkədə özünü “bloger” kimi təqdim edərək, Azərbaycanı gözdən salmağa çalışanlar əslində, özləri kimdirlər və nə ilə məşğul olurlar!
Yeri gəlmişkən, Əli Kərimliyə yaxın “bloger” Fatimə Mövlanlının da məhz Tural Sadıqlının vasitəsilə Almaniyaya getməyi planlaşdırdığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar, görünür, əsassız deyilmiş...

Artıq qanunsuz miqrant alverinə qarşı reydlər Avropanın digər ölkələrində də keçirilir. “Söyüş şəbəkəsi”nin məşhur nümayəndəsi Rafael Piriyev Fransada saxlanılıb və əldə etdiyimiz məlumata görə, artıq Fransa tərəfi onun Azərbaycana deportasiyasına hazırlaşır.
Aldığımız informasiyalara əsasən, proses Fransadan əlavə, Niderlandda da davam etdiriləcək. Bu istiqamətdə Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycandan olan həmkarları ilə yaxından əməkdaşlıq edirlər. Demək, yaxın günlərdə Fikrət Hüseynov, onun şefi Qənimət Zahid, Tural Sadıqlı və bu cinayətlərdə iştirak etmiş digər şəxslərin də qapısı döyüləcək.

Bu adamların əksəriyyətinin AXCP sədri Əli Kərimliyə bağlılığını nəzərə alsaq, aydın olar ki, onun ətrafındakı dairə daralmaqdadır. Qanunsuz miqrant alverində AXCP-nin, konkret olaraq, onun sədri Əli Kərimlinin iştirakının ifşa olunacağı gün də uzaqda deyil.

Tariyel Həsənov

Azvision.az



Teqlər: Miqrant-Alveri   Əli-Kərimli  





Xəbər lenti