YAP-ın təşəbbüsü nəyə hədəflənib? - ŞƏRH

   YAP-ın təşəbbüsü nəyə hədəflənib? -    ŞƏRH
  28 Noyabr 2019    Oxunub:16086
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub. Deputatlar yekdilliklə bu təklifi dəstəkləyiblər.
5-ci çağırış Milli Məclisin buraxılması mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi uğurlu və çevik siyasətə adekvat olmaması, son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılır. Bu baxımdan YAP Siyasi Şurası islahatlara dəstək məqsədilə Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini məqsədəuyğun hesab edir.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədovun sözlərinə görə, partiya üzvləri belə qənaətə gəliblər ki, islahatlar qanunvericilik sahəsindən də kənarda qalmamalıdır. Bu baxımdan, genişmiqyaslı islahatların Milli Məclisi əhatə etməsinin zamanı yetişib.

"Prezident İlham Əliyevin apardığı islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahələri əhatə edir və dövlətimizin daha da inkişafına hesablanıb. Aparılan islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə edir. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qərara gəliblər ki, bu gün Siyasi Şuranın iclasında üzvlərin əksəriyyətinin iradəsini ifadə edərək, yekdil mövqe nümayiş etdirərək, parlamentin də yenilənməsi Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olacaq" , - deyə Ə.Əhmədov hakim partiyanın mövqeyini açıqlayıb.

Azərbaycanın Ali qanunverici orqanı olan Milli Məclisin yenilənməsi, orada köklü islahatların aparılması gözlənilən idi. Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayırdı ki, islahatlar qaçılmazdır və bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək.

Ölkəmizdə sosial, iqtisadi, siyasi və digər sferaları əhatə edən inqilabi islahatların qanunverici orqandan yan keçməsi mümkünsüzdür. Hazırki parlamentin tərkibinin yenilənməsi, gənc və perspektivli kadrların orada təmsil olunması, vətəndaşlarla işləməyi bacaran, seçicilərin problemini dinləyən, hər zaman onların yanında olan, xüsusilə qanunvericilik sisteminin təkminləşdirilməsinə fayda verə biləcək, eləcə də beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etmək iqtidarında olan deputatlara daha çox ehtiyac duyulur.

Parlament dövlət başçısının həyata keçirdiyi çevik siyasətə adekvat olmalı, deputat mandatı daşıyan parlamentarilər qeyd olunan kriteriyalara cavab verməlidirlər. Azərbaycanda davam edən ümumi islahatlar çərçivəsində qanunvericilik sistemində də islahatlar labüddür. Parlamentin çağdaş dövrün tələbələrinə uyğun daha peşəkar və çevik olması günün əsas tələblərdən biridir. Nisbətən yaşlı və təcrübəli deputatlarla yanaşı, xarici dil biliklərinə malik istedadlı gənclər Milli Məclisdə təmsil olunmaqla qanunvericilik sisteminin inkişaf etdirilməsinə öz töhfələrini verə bilərlər.

YAP Siyasi Şurasının qəbul etdiyi qərarı vaxtında atılmış addım və islahatlara dəstək kimi qiymətləndirmək olar. Və yalnız islahatlar yolu ilə yenilənən qanunverici orqan ölkədə aparılan siyasətə adekvat ola, Azərbaycanın daha da qüdrətlənməsinə, inkişafına öz dəstəyini verə bilər.

Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada ilk onluqdayıq. Bu, əlbəttə, Azərbaycan üçün böyük uğurdur. Ölkə rəhbərliyi isə daha böyük nailiyyətlərin əldə edilməsində israrlıdır və bu məqsədlə islahatları davam etdirmək niyyətindədir.

“İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır” , - deyə Prezident İlham Əliyev bu yaxınlarda Bakı Dövlət Universitetinin yubiley mərasimində bildirib.

Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, hazırda Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, çünki nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir və Azərbaycan bu prosesdən kənarda qala bilməz.

Ümumilikdə, ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və müasir dünyanın çağırışlarına uyğun olmaqla Azərbaycanı ən nüfuzlu ölkələr sırasına qaldırmağa, hər bir azərbaycanlının maraqlarını təmin etməyə yönəlib. Milli Məclisi əhatə edəcək növbəti islahatlar da vətəndaşların maraqlarına xidmət edəcək.

Anar Rüstəmov
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti