`Şahdəniz-1`-də qazın hasilatı artırılacaq

`Şahdəniz-1`-də qazın hasilatı artırılacaq
  18 Dekabr 2013    Oxunub:1256
"bp"nin vitse-prezidenti: "Şahdəniz-1" çərçivəsində qazın hasilatı artırılacaq.
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin I mərhələsi çərçivəsində illik qaz hasilatının həcmini 9-dan 10,4 milyard kubmetrədək artırmaq planlaşdırılır. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı "bp"nin "Şahdəniz"in işlənməsi üzrə vitse-prezidenti Al Kuk Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əlavə 1,4 milyard kubmetr isə yeni müqavilə çərşivəsində ARDNŞ-yə satılacaq: "Bu yeni müqavilə hər iki tərəf üçün sərfəlidir və "Şahdəniz" layihəsinin reallaşdırılması üçün yeni imkanlar açır".

A.Kuk əlavə qaz həcmlərinin satışının dəyərini kommersiya sirri olduğuna görə açıqlamayıb.

O, qeyd edib ki, hazırda hasilatın artırılması üzrə işlər aparılır və "bp" ötən həftə rekord göstəricilər əldə edib: "Həmin göstəricini illik ekvivalentə çevirəndə təqribən 9,8 milyard kubmetr qaz təşkil edir".

Vitse-prezident bildirib ki, yataqda qaz hasilatı 5 quyuda aparılır: "Şahdəniz" üzrə müqavilənin fəaliyyət müddətinin 2048-ci ilədək uzadılması çox vacibdir. Çünki biz yataqda uzunmüddətli kəşfiyyat işlərini planlaşdıra bilərik".

Onun sözlərinə görə, yataqda 3 sahə mövcuddur: "Həmin sahələrdə seysmik işlərin aparılması planlaşdırılır. Yataqda kəşfiyyat işləri davam edir. Məqsəd məlumatların təkrar təhlilidir. Bu da öz növbəsində, yataqda daha çox ehtiyatın ola biləcəyi baradə danışmağa imkan verir".


Teqlər:  





Xəbər lenti