Trampın impiçmenti: Növbəti addımlar necə olacaq – TƏHLİL

      Trampın impiçmenti:    Növbəti addımlar necə olacaq –    TƏHLİL
  26 Dekabr 2019    Oxunub:6619
Donald Tramp Amerika tarixində Konqresin Nümayəndələr Palatası tərəfindən barəsində impiçment elan edilmiş 3-cü prezident oldu. Əgər ABŞ parlamentinin yuxarı palatası olan Senat 2020-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılan toplantısında impiçment qərarını dəstəkləyərsə, Donald Tramp prezident kürsüsünü tərk etməli olacaq. Bundan sonra növbədənkənar prezident seçkiləri elan olunacaq və yeni prezident seçilənə qədər prezidentin səlahiyyətlərini vitse-prezident, yəni Mayk Pens icra edəcək.
Amerika konstitusiyasına əsasən, əgər ölkə prezidenti dövlətə xəyanət, rüşvət, həmçinin başqa ciddi cinayət və hüquq pozuntularına yol verərsə, qanunverici orqanın nümayəndələri onu vəzifəsindən kənarlaşdıra bilərlər. Həmçinin, konstitusiyada prezidentin xidməti mövqeyindən öz şəxsi maraqları üçün istifadə etməsi də impiçment üçün əsas kimi göstərilir.

Qeyd etdiyimiz kimi, ABŞ tarixində indiyə qədər üç prezidentə qarşı impiçment qərarı tətbiq olunub. 1868-ci ildə Konqres prezident Endryu Consonu prezidentlikdən kənarlaşdırmaq istəyib, 1998-ci ildə isə anoloji qərar prezident Bill Klintonla bağlı qəbul olunub. Hər iki halda Senat Nümayəndələr palatasının impiçment təşəbbüsünün qarşısını alaraq, prezidentlərin öz postlarında qalmasına nail olub. 1974-cü ildə prezident Riçard Nikson impiçment qərarı ilə üzləşəcəyini bildiyinə görə istefa vermişdi.

Donald Trampa qarşı Konqresin Hüquq komitəsi tərəfindən iki ittiham irəli sürülüb və keçirilən səsvermədə konqresmenlər hər iki ittihamı dəstəkləyiblər. Birinci ittihamda prezident vəzifəsindən sui-istifadə etməkdə, ikinci ittihamda isə konqresin işinə maneələr yaratmaqda təqsirləndirilir. Vəzifədən sui-istifadə barədə ittihamda Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə bu ilin 25 iyul tarixində baş tutmuş telefon danışığı nəzərdə tutulur. Həmin danışıq zamanı Ağ Ev rəhbəri özünün ukraynalı həmkarlndan keçmiş vitse-prezident Co Baydenə qarşı təhqiqatın başladılmasını xahiş etmişdi. Belə ki, Co Baydenin oğlu Hanter 2014-2019-cu il tarixlərində Ukraynanın neft-qaz şirkəti olan Burisma şirkətinin direktorlar şurasının üzvü olub və onun korrupsiya sxemlərinin iştirakçısı olması barədə iddialar səslənməkdədir. Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini nəzərə alaraq, Demokratlar partiyasının üzvləri belə qərara gəliblər ki, Donald Tramp xarici ölkənin rəhbərini ABŞ-dakı prezident seçkilərinə müdaxiləyə təhrik edib.

Bundan əlavə, Donald Trampın prezident administrasiyasının nümayəndələrinin Konqresin impiçmentlə bağlı dinləmələrində iştirakına qadağa qoymasını Demokratlar Partiyasının üzvləri Nümayəndələr Palatasının işinə maneə yaratma kimi qiymətləndirib və ittiham kimi irəli sürüblər.

Senatda impiçmentlə bağlı dinləmələr münsiflər məhkəməsi formasında keçirilir və iclasa qanunvericiliyə əsasən, Ali Məhkəmənin rəhbəri sədrlik edir. Numayəndələr Palatasının üzvləri ittihamçı qismində iştirak edir, Ağ Evin təyin etdiyi vəkillər isə cavabdehi müdafiə edirlər. Hər iki tərəf iş üzrə şahidlər dəvət etmək və sübutlar irəli sürmək səlahiyyətlərinə malikdirlər. Senat üzvləri münsif rolunu oynayırlar və son qərar onların səsindən asılıdır.

İmpiçment haqqında qərarın qüvvəyə minməsi üçün Senat üzvlərinin 3/2-nin, yəni 100 senatordan 67-nin bu qərarın lehinə səs verməsi tələb olunur. Hazırda 100 senatordan 53-ü respublikaçı, 45-i demokrat, 2-i isə müstəqildir. Bu o deməkdir ki, demokratlar prezidentin impiçmentinə nail olmaq üçün 45 demokratla yanaşı, 20 respublikaçı və 2 müstəqil senatorun da dəstəyini qazanmalıdır. Demokratların buna nail olacağə inandırıcı deyil və məhz bu səbəbdən, Senatın impiçment qərarını dəstəkləyəcəyini və Trampın vaxtından əvvəl prezident postu ilə vidalaşacağını demək doğru olmaz.

Digər tərəfdən, 2020-ci ilin seçki ili olduğunu nəzərə alsaq, hətta bir sıra demokrat senatorların belə, prezidentə qarşı impiçment qərarına qoşulmayacağını ehtimal etmək olar. Bunlar əsasən Donald Trampın populyar olduğu ştatlardan seçilmiş senatorlardır ki, onlar növbəti seçkidə öz tərəfdarlarını itirməkdən ehtiyatlanırlar.

Odur ki, Demokratlar partiyasının prezidenti vəzifəsindən kənarlaşdıra bilməyəcəyini bilə-bilə bu addımı atmalarının əsas məqsədi Trampın reytinqini aşağı salmaq, həmçinin prezident seçkilərində namizədləri olan Co Baydenin korrupsiya qalmaqalına bulaşmaqdan xilas etmək idi. Gedən proseslərin daha çox partiyaların gələcək seçkilərdəki maraqlarını təmin etməyə hesablandığını əminliklə söyləmək olar. Hətta bu günlərdə Amerika senatında “erməni soyqırımı” barədə qətnamənin qəbul edilməsinin belə, ölkədaxili siyasi maraqlara xidmət etdiyini ehtimal edə bilərik. Belə ki, Co Bayden uzun illər Amerikadakı erməni lobbisinin maraqlarından çıxış edib və hətta 1995- 2007-ci illərdə Konqresin erməni məsələləri üzrə qrupunun üzvü olub. Amerika senatında “erməni soyqırımı” barədə qətnamənin qəbulu Respubkaçıların erməni seçiciləri öz tərəflərinə çəkmək istəyilə bağlı olması istisna edilməməlidir.

Tofiq Vahid
Azvision.az



Teqlər: Tramp   İmpiçment  





Xəbər lenti