2019-cu il: Dünyada nələr oldu – TƏHLİL

      2019-cu il:    Dünyada nələr oldu –    TƏHLİL
  28 Dekabr 2019    Oxunub:7195
2019-cu ilin əvvəli ABŞ prezidenti Donald Trampın Çin mallarının idxalına əlavə vergi qoyulmasıyla başlayan Vaşinqton-Pekin ticarət müharibəsi ilə yadda qaldı. ABŞ-ın əlavə vergi tətbiq etməsinə cavab olaraq, Çin də Amerikaya qarşı adekvat addımlar atdı. İlin ortalarından etibarən iki ölkə arasında yeni ticari müqavilənin imzalanması ilə bağlı danışıqlar başlansa da, Honkonqdakı kütləvi etirazlara Vaşinqtonun dəstək verməsi və nümayişlərin dağıdılmasına qarşı çıxması Pekinlə münasibətləri yenidən dalana dirədi. Odur ki, yeni Amerika-Çin ticari müqaviləsinin 2019-cu ildə imzalanması mümkün olmadı.
ABŞ və Avropa Birliyi tərəfindən iqtisadi sanksiyalarla üzləşmiş Rusiya Çin ilə iqtisadi-siyasi əməkdaşlığı daha çox dərinləşdirmək qərarına gəldi və 2019-cu ildə Pekin ilə Moskva bu istiqamətdə bir sıra önəmli addımlar atdılar. Rusiya öz təbii ehtiyatlarını Avropa bazarlarına çıxara bilmədiyi üçün Çin bazarına üz tutmağa məcbur oldu. Çin isə ucuz xammal müqabilində Rusiyaya “Böyük İpək Yolu” layihəsində birgə tərəfdaşlıq vəd edir. Moskva paralel olaraq Çin ilə hərbi-siyasi tərəfdaşlığını gücləndirməyə çalışır ki, Amerikanın təkqütblü dünya hegomonluğu siyasətinə müqavimət göstərə bilsin.

2019-cu ilin avqust ayında “Böyük Yeddiliy”in Fransada keçirilən sammitinə Rusiyanın dəvət olunmaması Qərbin Moskvaya qarşı izolyasiya siyasətini davam etdirdiyini bir daha göstərdi. Dekabr ayında Londonda keçirilən NATO-nun 70 illiyinə həsr olunmuş sammitində qəbul olunan bəyanatda da, Şimali Atlantika Alyansına qarşı ən böyük təhlükənin Rusiya və terrorizm olduğu qeyd edildi. Qərbin Rusiyadan hazırkı məqamda ən böyük tələbi Ukraynadakı münaqişəyə son qoymasıdır. Məhz munaqişənin həllindən sonra ABŞ və Avropa Rusiyaya qarşı sanksiyaları yumşaldacaqlarına söz verirlər.

2019-cu Ukraynada keçirilən prezident seçkilərində qaləbə qazanmış komik aktyor, “Xalqın xidmətçisi” serialında baş rolun ifaçısı olmuş Vladimir Zelenskinin eyniadlı partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq, Radada üstünlüyü əldə edir. Putin ilə Zelenski Ukraynada mövcud olan münaqişənin həllilə bağlı yenidən Normad Formatının bərpası və Fransa ilə Almaniya liderlərinin vasitəçiliyi ilə kifayət qədər konstruktiv danışıqlar aparmağa nail olurlar. Rusiya ilə Ukrayna prezidentləri arasında münaqişə ilə bağlı əldə olununan əsas nəticə kimi əsirlərin mübadiləsi və atəşkəsin elan olunmasını vurğulamaq olar.

ABŞ prezidenti Donald Trampın Zelenski ilə iyul ayındakı telefon danışığı isə ona impiçment bahasına başa gəldi. Tramp ukraynalı həmkarından tələb edirdi ki, Amerikanın keçmiş vitse-prezidenti Co Baydenin oğlu ilə bağlı təhqiqatın aparılmasına göstəriş versin. Vaxtilə Ukraynanın neft-qaz şirkətlərinin birinin idarə heyətində təmsil olunmuş Co Baydenin oğlu Hanter, Trampın fikrincə, Ukraynadakı korrupsiya sxemlərində iştirak edib. Bu telefon danışığı barədə məlumat yayıldıqdan sonra isə ABŞ konqresi Donald Trampın tutduğu vəzifədən öz məqsədləri üçün istifadə etməsi qərarına gələrək, ona qarşı impiçment qərarını qəbul etdi. Qeyd edək ki, keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat partiyasından namizədliyini irəli sürəcəyi gözlənilir.

2019-cu ildə Avropa məkanının ən çox müzakirə olunan mövzusu Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ətrafında baş verən siyasi proseslər oldu. İlin əvvəlində baş nazir seçilən Boris Conson oktyabr ayına kimi ölkəsini ittifaqdan çıxaracağına söz versə də, parlamentdə müxalifətin ciddi etirazları ilə qarşılaşdı. Baş nazirin təklifi ilə Kraliça II Yelizaveta parlamentin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlsə də, bu addım əhalinin narazılığı ilə nəticələndi. Bu səbəbdən, yenidən parlament seçkilərinin keçirilməsi qərara alındı və Boris Conson növbəti dəfə baş nazir seçildi. Yekunda 2019-cu il ərzində də Britaniya Avropa İttifaqından çıxmağa müvəffəq ola bilmədi.

2019-cu ildə Suriyada baş verən proseslər nəticəsində yaranmış yekun mənzərədən Yaxın Şərqdə gələcəkdə formalaşacaq qüvvələr nisbətini müəyyən etmək mümkündür. Amerikanın Suriyadan öz qoşunlarını çıxarması ilə Türkiyə Suriya ərazisinə hərbi müdaxilə edərək 30 km-lik məsafədə ölkənin daxilinədək irəliləyə bildi. Məhz Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirdiyi dövrdə ABŞ qüvvələri illərdir mübarizə apardıqları İŞID terror qruplaşmasının lideri Əl-Baqdadini məhv etməyə müvəffəq oldular.
Türkiyə paralel olaraq öz sərhədboyu ərazilərində mövqe tutmuş kürd terrorçularını məhv tmə üzrə əməliyyatları uğurla həyata keçirdi. Doğrudur ABŞ Konqresi kürdlərə qarşı əməliyyatı Türkiyəyə bağışlamadı və “erməni soyqırımı” barədə qətnaməni qəbul etdi. Beləliklə? 2019-cu il İŞID terror qruplaşmasının sonu və qondarma “erməni soyqırımı”nın Amerika konqresi tərəfindən tanınması ili kimi tarixə düşdü.

( Ardı burada )

Tofiq Vahid
Azvision.az



Teqlər:   Dünya   İlin-hadisələri  





Xəbər lenti