Onsuz çətin olardı: ASAN-ın bacardığı missiya

      Onsuz çətin olardı:    ASAN-ın bacardığı missiya
  29 Dekabr 2019    Oxunub:7904
Bu gün ASAN Xidmətin Azərbaycan üçün nə demək olduğunu təsvir etmək xeyli çətindir. Hazırda getdikcə genişlənən yenilənmə və islahat dalğası əslində ölkədə ilk ASAN Xidmət mərkəzinin açılması ilə başlamışdı. O vaxt bu, Azərbaycanda yeni dövrün başlamaq üzrə olması haqqında bir siqnal idi. Elə də oldu.
Yeni yaradılanda ASAN Xidmətin qarşısında onun formal funksiyasından başqa, çox vacib bir missiya da dayanırdı: Ölkədə yeni məmur tipi formalaşdırmaq, dövlər-vətəndaş münasibətlərində yeni standartlar müəyyən etmək, yeni mədəniyyət yaratmaq.

ASAN Xidmət yaradılana qədər m əmur mədəniyyətin nə olması Azərbaycan vətəndaşına praktikada tanış deyildi . Dövlət ilk dəfə məhz ASAN-ın simasında göstərdi ki, vətəndaşın məmnunluğu onun üçün önəmlidir.

ASAN Xidmət yaradılana qədər “Biz rüşvətin kökünü kəsə biləcəyikmi” sualı hələ də qarşıda dururdu. Yalnız ASAN-ın yaradılması ilə bu suala qəti və birmənalı cavab verildi ki, bəli, biz bunu bacarırıq! 7 ildə 35 milyon insana xidmət göstərmək o deməkdir ki, ən azı 35 milyon rüşvət faktının qarşısı alınıb. Ən azı 35 milyon dəfə vətəndaşın dövlətdən narazı qalmasının qarşısı kəsilib və tam əks effektlə - məmnunluqla əvəzlənib.

Bu gün düşünmək belə istəməzdik, amma işdir, əgər ASAN Xidmət konsepsiyasının tətbiqi nəyə görəsə uğursuz alınsaydı, ölkə yəqin ki, indi olduğu mövqelərdən xeyli geridə qalardı. Çünki ASAN xidmət özündən sonrakı yeniliklərin, tərəqqinin yolunu açdı. Bir məktəbə çevrilərək, özünə bənzəyən, eyni ideologiya və konsepsiya əsasında qurulmuş digər xidmətlərin yaranmasına səbəb oldu. Bütün qurumlar vətəndaşa xidmət məsələsində məhz ASAN-ın açdığı cığırla getməyə başladılar.

Bu gün ASAN – artıq təkcə bir xidmət deyil, bütöv həyat tərzidir. O, Azərbaycan xalqının təkcə dövlət xidmətlərindən faydalanma üsulunu yox, məişətini, təfəkkürünü də dəyişdi. Bütövlükdə cəmiyyətdəki ictimai-sosial münasibətlərə yeni rəng verməyə başladı. Çünki ASAN-a gedib, oradakı yüksək mədəniyyəti görən insan həmin binadan çıxandan sonra da eyni atmosferdə yaşamaq, eyni münasibəti başqa yerdə də görmək istəyirdi. Niyə də yox?! Axı bu, bir qurumda mümkündürsə, demək, hər yerdə ola bilər, demək, biz bunu bacarırıq...

Bax, məhz bu, ASAN-ın ictimai şüura yeritdiyi əsas və çox vacib ideya oldu: BİZ BUNU BACARIRIQ! Biz qibtə etdiyimiz ölkələrdəkindən də yaxşı xidmət görməyi və göstərməyi, rüşvət almamağı, islahatlar aparmağı, dövlət-vətəndaş münasibətlərini yeni səviyyələrə qaldırmağı bacarırıq.
Bir halda ki, bacarırıq, davamı niyə gəlməsin ki?!

Və davamı da gəldi: Bu günkü Azərbaycanla ilk ASAN Xidmət mərkəzinin yenicə istifadəyə verildiyi 2012-ci ildəki Azərbaycanın arasında olduqca böyük fərq var. Bu 7 ildə ölkə inanılmaz dəyişmələr, təkamül yolu keçib. Və bu təkamülün həm ilk addımı, həm də ilk qaranquşu ASAN Xidmət olmuşdu.

Bu gün Azərbaycanı ASAN-sız təsəvvürə gətirmək mümkün deyil. Ölkədə hər bir vətəndaş əmindir ki, üzləşdiyi problemin mütləq ASAN yolu var. Əgər yoxdursa belə, demək, tezliklə olacaq.

Ona görə, ASAN Xidmətdə çalışanlar təkcə xalqa xidmət etmirlər, onlar da həm də bir missionerdirlər, böyük və çox vacib missiya həyata keçirirlər. Çünki tərəqqinin sonu olmur, bu, həmişə davam etməli olan prosesdir. Qabaqda isə mütləq kimlərsə getməlidir...

Vüsal Məmmədov
Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti