Rza Zərrab necə milyarder olub? - DOSYE

Rza Zərrab necə milyarder olub? - DOSYE
  19 Dekabr 2013    Oxunub:5655
Türkiyədə rüşvət və qaçaqmalçılıqda ittiham edilərək saxlanılan azərbaycanlı iş adamı Rza Zərrab kimdir? Gənc yaşlarında Türkiyənin ən varlı iş adam olan Zərrab bu pulları hardan əldə edib?
İndi hamı bu suallara cavab tapmağa çalışır. AzVision.az Rza Zərrabla bağlı türk mətbuatında maraqlı məlumatları toplayıb.

Rza Zərrab Türkiyədə 2008-ci ildən fəaliyyət göstərir. 1984-cü ildə Bakıda doğulan iş adamı hazırda 10 müxtəlif istiqamətdə fəaliyyət göstərən Royal Holdinqin sahibidir.

29 yaşlı Rza Zərrab iş fəaliyyətinə 1996-cı ildən başlayıb. O, “Al Nafees Exchange” və “Al Salam Center Exchange” firmaları ilə Dubayda maliyyə sektorunda fəaliyyət göstərib.

Türkiyədəki fəaliyyətinə isə “Royal” dənizçilik şirkəti ilə başlayıb. 2008-ci il yanvarın 25-də əsası qoyulan şirkətin qurucuları Türkiyənin “Ticaret Sicil” qəzetində belə təqdim olunub: Rza Sərraf, Əhəd Xabaztamımı, Apdullah Həppani, Humayun Zatpəvər və Turqut Həppani.

Şirkətin sərmayəsinin 1 milyon türk lirəsi olduğu qeyd edilir. Şirkətin 900 min lirəlik payı Rza Zərraba məxsusdur. Qısa müddətdə fəaliyyətini genişləndirən şirkət 2010-cu ildə “Royal” Holdinq oldu. Moskvadakı “Radisson” oteli üçün “Royal” Dənizçilik şirkətinin istehsal etdiyi 5 lüks restoran gəmisi şirkətin ən böyük işlərindən biri sayılır.

2011-ci ildə holdinqə başqa bir fəaliyyət sahəsi də daxil oldu. Belə ki, bu tarixdən etibarən şirkət qiymətli mədən ixracına başladı. 2011-ci ilin aprel ayında şirkətin qurucularından biri olan Happani Atatürk adına hava limanında 150 milyon dollar pulu çemodanlarla aparan zaman saxlanılıb. Happaninin Facebook sosial şəbəkəsindəki profilində həmin pullarla fotosu da var idi.



Happaninin Rıza Zərrabın sürücüsü olduğu iddia edilsə də sonradan bu iddia təkzib edilib. Bu hadisədən sonar şirkətin əsas müqaviləsi dəyişdirildi. Bu ilin əvvəlində isə yenə İstanbul Atatürk adına hava limanında Dubaya gedən bir qrupdan şübhələnən polis çantalarda narkotik vasitələr axtararkən dəyəri 30 milyon dollar olan 320 qızıl külçəsi tapıb. Bu qızılların sahibinin isə Rza Zərrab olduğu məlum olub. Qızılı daşıyanlar bu külçələrin qanuni yolla ixrac edildiyini göstərən sənədi polisə təqdim etdikdən sonar qızllar onlara geri qaytarılıb.
Royal holdinqə 8 şirkət daxildir və bu holdinq 10 müxtəlif sektorda fəaliyyət göstərir. 2013-2015-ci illərdə isə turizm, energetika, petrokimya, mədənçilik və informasiya sahələrinə sərmayə qoymağı planlaşdırır. Rıza Zərrabın adı Türkiyədə iş fəaliyyətinə başladığı ildən etibarən hər il Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) hesabatlarında hallanıb. O, fəaliyyətə başladığı gündən etibarən MASAK tərəfindən izlənilib. Bundan başqa Zərrab 3 milyon türk lirəsi verməklə Trabzonspor futbol klubunun sponsoru olmuşdu.

Qeyd edək ki, azərbaycanlı iş adamı Türkiyənin məşhur müğənnisi Ebru Güneşlə ailə həyatı qurub. Bir övladları var.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti