2013-cü ildə ölkə iqtisadiyyatı nə qazandı?

2013-cü ildə ölkə iqtisadiyyatı nə qazandı?
  20 Dekabr 2013    Oxunub:5605
2013-cü il müxtəlif sahələrdə, müxtəlif hadisələrlə yadda qaldı. Başa vurmaz üzrə olduğumuz ildə baş tutan dəyişikliklər iqtisadi sektordan da yan keçmədi. Bu istiqamətdə də mühüm irəlilərişlər qeydə alındı. Azərbaycan bundan əlavə bir neçə yüksək investisiya layihələrinin imzalanması ilə tarixə düşdü.

Bəs, ölkə iqtisadiyyatı 2013-cü ildə nə qazandı?

Millət vəkili və iqtisadçı ekspert ilin iqtisadi təhlilini aparıb.

İqtisadçı-millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu il ölkə iqtisadiyyatı böyük nailiyyətlər əldə edilib.

“2008-ci ildə iqtisadiyyatda başlayan böhran bir sıra Avropa ölkələrində dövlət borcunu və o cümlədən dövlət büdcəsinin kəsrlərini yuxarı həddə çatdırıb. Hətta bu kəsrlər 100 faiz səviyyəsində oldu. Bu baxımdan Azərbaycanda aparılan iqtisadi siyasət digər Avropa ölkələrindən seçildi. Azərbaycanda inflyasiya təxminən 3 faizə yaxın oldu. 2013-cü ildə Azərbaycan bir sıra tarixi və iqtisadi layihələrlə yadda qaldı”.

Deputat hesab edir ki, ilin əl uğurlu layihəsi “Şahdəniz 2”dir.

“Ən uğurlusu 2013-ci ildə “Şahdəniz 2” qaz yatağının müqaviləsinin imzalanması oldu. Müqavilə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi müqavilə idi. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün bu müqavilənin böyük əhəmiyyəti var. Bu müqavilə 1.2 tirlyona yaxın qazı Avropa ölkələrinə nəql edəcək. Bu ildə Azərbaycanda elə bir iqtisadi böhran hiss olunmadı. Manatın məzənnəsi qorunub saxlandı. Iqtisadi cəhətdən bank sistemində müəyyən problemlər yaşandı. Onu da qeyd edim ki, bank faizlərinin aşağı salıması istiqamətində hazırda işlər gedir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı inkişafdadır. Iqtisadi artım təxminən 3 faizə yaxın oldu. Bu il bizi narahat edən sahələrdən biri qeyri-neft sektorunun inkişafı oldu. 2013- cü ildə qeyri -neft sektoru 10 faiz artımla müşahidə olundu. Bu da Azərbaycan üçün yəni, neft istehsal edən ölkələr üçün ən əhəmiyətli məsələlərdən biridir”.

V. Əhmədov həmçinin bu ilin büdcə göstəricilərinin normal olduğunu deyib: “2013-cü ildə normal büdcə idi. 20 milyarda dollara yaxın büdcə idi. Büdcənin həm gəlir, həm də xərc hissəsində ciddi problem yaranmadı. Büdcə bütün xərc hissəsinin 96 faizi yerinə yetirildi. Bu il büdcədən həm də sosial layihələr həyata keçirildi”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə ilin ən uğurlu hadisəsinin “Şahdəniz 2” layihəsinin olduğunu qeyd edib.

“Demək olar ki, builki nəticələr ötən ilki nəticələrlə eynidir. Baxmayaraq ki, bu il yüksək iqtisadi göstəricilərin olacağı proqnozlaşdırılırdı. 2013-cü il Tanap və “Şahdəniz 2” layihəsinin imzalanması ilə yadda qaldı. İlin sonunda isə benzinin qiymətinin bahalaşması ilə artan inflyasiya və bu inflyasiyanın fonunda ailə büdcəsinin xərclərinin strukturunun dəyişməsi də sosial baxımdan qeyd oluna bilər. İl prezident seçkiləri ili olubdur. Ona görə də hökumətin tərkibində dəyişikliklər baş verib. Bu baxımdan xüsusilə də, Kənd Təsərüffatı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş verən hadisələr yadda qalan hadisələr kimi qiymətləndirilə bilər”.

İqtisadçı ekspert əlavə edib ki, 2013-cü ildə iqtisadiyyatın artım tempi ilə inkişafı gözlənilən olsa da, nəticə fərqi oldu.

“Dünya bazarında neftin qiymətinin yüksək olması son nəticədə imkan verdi ki, büdcə proqnozlaşdırıldığından da çox təmin olunsun. Neftin qiymətinin baha olması, həm də Dövlət Neft Fondunun gəlirlərinin artması bütövlükdə, neft gəlirlərinin çox olması, iqtisadiyyatda daxili məhsulun digər pozitiv dəyişiklikləri iqtisadiyyata müsbət təsirni göstərdi. Builki iqtisadi artım tempi elə də yüksək deyil, orta səviyyəli artım tempi ilə müşahidə olunur. Demək olar ki, bu ilki nəticələrlə ötən ilki nəticələri ilə eyniləşdirmək olar”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti