2020-ci ildə neftin qiyməti necə olacaq? – TƏHLİL

   2020-ci ildə neftin qiyməti necə olacaq? –    TƏHLİL
  14 Yanvar 2020    Oxunub:9224
Yeni onilliyin başlanğıcı sayılan 2020-ci il ərzində də neftin dünya bazar qiymətləri əvvəlkitək ölkəmiz üçün diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri olaraq qalmaqda davam edəcək. Yəni, ölkə iqtisadiyyatına xarici təsirlərin olub-olmayacağı, makroiqtisadi vəziyyətin möhkəmliyi buna bağlı olacaq. Bu, təkcə Azərbaycan üçün deyil, gəlirləri neftin satışından asılı olan bütün ölkələr üçün xarakterik haldır.
Bəs, neftin qiyməti bu il ərzində necə dəyişəcək? Hansısa sürprizlər baş verə bilərmi?

Artıq uzun müddətdir, dünya bazarlarında bu sahədə vəziyyət stabildir. Belə ki, 2016-cı ilin ikinci yarısından etibarən OPEC+ ölkələrinin hasilatı azalmaq haqda təşəbbüslərindən sonra ABŞ-ın qiymətləri aşağı salmaq istəyi tədricən uğursuzluğa məruz qaldı. Və bazarlarda qiymətlərin diqtə yolu ilə idarə olunması dayandı. Neft hasilatçısı olan ölkələr əslində, bununla sübut etdilər ki, maraqlarını qorumaq naminə lazım gələrsə, birgə addım atmaq iqtidarında və imkanındadırlar. Xüsusən də, sözügedən ölkələrin başında duran Səudiyyə Ərəbistanı əyani olaraq göstərdi ki, ABŞ ilə nə qədər yaxın müttəfiq olsa da, neftin qiyməti məsələsində öz marağını tam olaraq qurban vermək fikrində deyil.

60 ABŞ dolları bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsidir. Və bayaq qeyd etdiyimə uyğun olaraq, OPEC+ ölkələrinin hasilatı azalmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında sabitləşib. Belə ki, bu və ya digər siyasi hadisə və proseslərin nəticəsində qiymətlər arada 60 dollardan aşağıya və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan çox uzağa getməyib.

Neftin qiyməti siyasi hadisə və proseslərə həssasdır. Bu, daim belə olub və belə qalmaqda davam edəcək. Əslində, dünyada baş verən bir çox siyasi hadisə və proseslər də, elə məhz neftlə əlaqədardır. Xüsusən də, Yaxın Şərq regionunda... İranla bağlı hadisələrin fonunda nefti bahalaşması da bunu bir daha sübut etdi. Belə ki, hələ heç bir hərbi toqquşma baş vermədiyi halda neftin qiyməti 70 dollara yaxınlaşdı. İndi təsəvvür edək ki, əgər, regionda hərbi əməliyyatlar da başlasa, vəziyyət necə olacaqdı...

Lakin regionda hərbi toqquşmanın baş verəcəyi real deyil. Bununla belə, söhbət, neftin qiymətindən gedərsə, bəli, qiymətlər bu ilin ən azı birinci yarısı ərzində 60 dollardan yuxarıda qalacaq. Yox əgər, təkrar edirəm, hərbi toqquşma da baş verərsə, neft 100 dollaradək qalxa bilər.

Bu cür senari bu və ya digər neft ölkəsi üçün sərfəli sayılsa da, arzuolunan deyil. Çünki bunun ümumən neqativ təsirlər də yaradacağı təcrübədə az sübuta yetməyib. Neftin yüksək qiyməti uzunmüddətli olaraq heç bir ölkəyə xeyir gətirməyib və gətirə də bilməz. Odur ki, qiymətlər əslində, sabit qalsa yaxşıdır. Ancaq dünyada neftlə bağlı bir neçə amil var ki, bazarlarda qiymətləri həm yüksəldə, həm də ucuzlaşdıra bilər.

Bunlardan birincisi odur ki, nefti ucuzlaşmağa sövq edən ABŞ-dakı şist sənayesi və bu sahədə fəaliyyət göstərən şirkətlər borc altında batıb gedirlər. Bir ara ucuz kredit və istiqraz vəsaitləri hesabına fəaliyyətlərini durmadan genişləndirən şist sənayesi və ona aid qurumlar indi həmin vəsaitləri geri qaytarmalıdırlar, pul isə yoxdur. Odur ki, 2015-ci ildən bəri 200-dən çox şirkət müflis olduğunu bəyan edib. Təkcə bu il 41 milyard dollar vəsait qaytarılmalıdır.

İkincisi, dünyada bu il ərzində elektromobil istehsalı sahəsində böyük inqilab yaşanacağı gözlənilir. Xeyli yeni modellər təqdim ediləcək, təkliflər sərfəli xarakter daşıyacaq, maraq artacaq. Bu, neftin qiymətinə ən azı psixoloji təzyiq yarada bilər.

Üçüncü amil isə ondan ibarətdir ki, iqlim dəyişikliyi - temperaturun yüksəlməsi, 2019-cu ilin Yer kürəsində ən isti il olması və buna görə baş verən təbii fəlakətlər, 2020-ci ilə qədəm qoyan kimi Avstraliyada meşə yanğınları və sair kimi hadisələr, neft-qaz sənayesini böyük basqı ilə qarşılaşdırır. Bu isə o deməkdir ki, investisiyalar azalacaq.

Dördüncüsü isə, təklifin real olaraq tələbi üstələməsi faktdır. Hələ yuxarıda qeyd etdim ki, 2016-cı ilin ikinci yarısından etibarən OPEC+ ölkələrinin hasilatı azaltmaq haqda təşəbbüslərindən sonra ABŞ-ın qiymətləri aşağı salmaq istəyi uğursuzluğa məruz qaldı. Paralel olaraq isə bərpaolunan enerji mənbələri inkişaf edir. Yola saldığımız 2019-cu il ərzində ABŞ başda olmaqla demək olar, bütün inkişaf etmiş ölkələr bu sahədə ciddi irəliləyiş əldə ediblər. Və bu il sözügedən tendensiyanın daha da böyük vüsət alacağı gözlənilir.

Sonda yenə geosiyasi amilin üzərinə gələrək, qeyd edək ki, ABŞ ilə İran arasında münasibətlərdən başqa, Liviyada vətəndaş müharibəsi və Venesuelada hadisələrin inkişafı da qiymətlərə təsir göstərəcək.

Ölkəmizə gəldikdə isə, 60 dollar ətrafında dalğalanma Azərbaycanı qane edir və bu, əslində, bütün neft hasilatçısı olan ölkələrə də sərfəlidir. Keçən il dövlət büdcəmizdə qiyməti 60 dollar səviyyəsində götürmüşdük, bu il isə 55 dollar. Hökumət özü üçün riski artırmayıb, əksinə azaldıb. Odur ki, yeni qədəm qoyduğumuz bu il ərzində neftin qiyməti sarıdan Azərbaycanımızı istənilən halda heç bir təhlükə gözləmir. Bu, dəqiqdir.


Pərviz Heydərov
Azvision.az
üçün


Teqlər: Neft   Neftin-qiyməti  





Xəbər lenti