Gənc sahibkarların Qəbələ Forumu keçirilib

Gənc sahibkarların Qəbələ Forumu keçirilib
  21 Dekabr 2013    Oxunub:1731
Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc sahibkarların Forumu keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “Gənc Mühasiblər”, “Gənclər üçün Təhsil Mərkəzi” və “Sosial İqtisadi İnkişafa Dəstək” ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən forum gənc iqtisadçıları və sahibkarları Azərbaycanda gedən iqtisadi proseslər, bu proseslərə təsir edən xarici və daxili amillər, prioritet sahələr və dayanıqlı inkişafa mane olan problemlər barədə peşəkar səviyyədə məlumatlandırmaq məqsədi daşıyıb. Forum iştirakçılarının həmin məsələlərlə bağlı şəxsi fikir və düşüncələri öyrənilmiş, ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakını artırmaq üçün həyata keçirilən layihələr müzakirə olunub.

Forumda Qəbələ, İsmayıllı və Oğuz rayonlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar, ekspertlər və əlaqədar dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qazanılan uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. F.Heydərov bu tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıdığını qeyd etmiş, sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin uğurla icra olunduğunu, iş adamlarının fəaliyyət dairəsinin genişləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını vurğulayıb. Milli Məclisin deputatı tövsiyə xarakterli çıxışında bildirib ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və perspektivləri nəzərə almalıdırlar.
Qəbələ Forumunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Qədirov, “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış ediblər.

Daha sonra “Makroiqtisadi göstəricilər iqtisadi və sosial inkişafın yüksəlişindən xəbər verir”, “Dövlət Məşğulluq Xidməti tərəfindən gənc işaxtaranların sahibkarlıq fəaliyyətinə başlamalarına kömək göstərilməsi”, “Sahibkarlıq fəaliyyətinin inkişafında bankların rolu”, “Sahibkarlıqda strateji istiqamətləndirmə: Gələcəyə baxış” və digər mövzularda məruzələr dinlənilib.

Həmçinin forumda Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də çıxış etmiş, kiçik və orta sahibkarlığın aktivləşdirilməsi və inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq hazırlanacaq təkliflər paketinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.


Teqlər:





Xəbər lenti