Dünyanın ən məşhur 10 mövhumatı

Dünyanın ən məşhur 10  mövhumatı
  23 Dekabr 2013    Oxunub:6897
Müasir insanın həyatında mövhumat önəmli rol oynamasa da, müəyyən qədər qalmaqdadır. Mövhumatlar cəmiyyətin və onun mədəniyyətinin formalaşmasında böyük önəmə malikdir. Nənələrin qədim nağılları, şəhər əfsanələri, yaxud sadəcə, qorxulu nağıllar olsun, onların hər birinə inananlar var.
Bütün dünyada ən geniş yayılmış 10 mövhumat isə bunlardır:

At nalı uğur gətirir

Bəzi insanlar qapının üstünə nal asmağın evə xeyir gətirdiyini və insanı gecə kabuslarından xilas etdiyin düşünür. Bu inanc nalda 7 dəliyin olması ilə bağlıdır. 7 isə uğurlu rəqəm sayılır. Bundan başqa, nalın hazırlandığı dəmir, inanca görə, gecə kabuslarımızda gördüyümüz qorxulu ruhları qova bilir.

Qara pişik şərdir

Demək olar, hər kəs bilir ki, qara pişik sizin qarşınızdan keçəndə, bu, uğursuzluğa yozulur. Bu mövhum bizə orta əsrlərdən gəlib. Pişiklərlə yaşayan (adətən yaşlı) tənha qadınların ifritə hesab olunması və özlərinin də pişiyə çevrilə bilməsi ilə bağlı inanc bu mövhumatın yaranmasına səbəb olub.

Qarğalar

Belə bir inanc var ki, bir dəfəyə çoxlu sayda qarğa görmək sizə gələcəyinizi göstərə bilər. Məsələn, ingilis deyimində olduğu kimi: 1qarğa pisliyə işarədir, 2 qarğa xeyirliyə, 3 qarğa sağlamlığa, 4 qarğa pula, 5 qarğa xəstəliyə, 6 qarğa ölümə.

Barmaqla `xaç` tutmaq

Barmaqların bir-birinə `mindirilməsi` jesti xeyrə yozulur. Bu jestin tarixçəsi var. Xristianların təqib olunduqları zamanlarda, onlar bir-birini bu jest vasitəsilə tanıyırdılar.
Bugün barmaqların qatlanması “yalan deyərkən özünü qorumaq” mənasında istifadə olunur. Çox güman ki, bu mövhumat xristian xaçının insanı yalana görə cəhənnəmə vasil olmaqdan xilas etdiyinə inamla bağlıdır.

13 rəqəmi

Bu mövhumat, sadəcə, iddia edir ki, 13 - uğursuz rəqəmdir. Məhz bu səbəbdən bir çox memarlar binaların 13-cü mərtəbəsini, yaxud pilləkənlərdə 13-cü pilləni işarələməkdən imtina edirdilər. 13 rəqəmi qarşısında qorxu o qədər realdır ki, psixoloqlar bütöv bir fobiyanın yarandığından danışırlar: Triskaydekafobiya.

Ulduz axını

Düşən ulduza baxıb, arzu tutmaq mövhumu bir qədər şübhəlidir. Lakin əvvəllər avropalılar hesab edirdilər ki, Allahlar göydən yerə baxırlar və bu zaman buludları araladıqlarından ulduzlar yerə düşürdü. Yunanlar isə düşən ulduzları insanın ruhu hesab edirdilər və bu an arzu tutmağı böyük uğur sayırdılar.

Dovşan pəncəsi

Belə bir talisman sahibi üçün böyük uğura yozulur. İnanca görə fövqəluğura yalnız gecə vaxtı qəbirstanlıqda tutulan, yaxud öldürülən dovşanın sol arxa pəncəsini əldə etməklə nail olmaq olar. Amma görünür ki, dovşan üçün bu, elə də böyük uğur olmayacaq...

Taxtanı taqqıldatmaq

Bunu adətən alınan xoş xəbərdən sonra edirlər. Hesab olunur ki, bununla siz öz uğurunuzu bəd nəzərdən gizlədirsiniz. Deyilənə görə, bu mövhumat bizə insanların ağaclarda yaxşı ruhların yaşadığına inandıqları dövrdən gəlib. Hər hansı ağacı taqqıldatmaqla insan həmin ruhları köməyə çağırır.

Sınmış ayna

Hesab olunurdu ki, Ayna bizdən ruhumuzu qoparan əşyadır. Bəs onu sındırsaq nə baş verər? Əlbəttə ki, bədbəxtlik. Bəzi mövhumatçı mənbələr iddia edirlər ki, ayna tərəfindən qoparılan ruhlar bizim taleyimizə mənfi təsir göstərir. Amma ayna qırılanda onlar heç də azad olmurlar. Mövhumata görə, ruhlar qırılmış aynanın içində qalır.

4 yarpaqlı yonca

4 yarpaqlı yonca vasitəsilə arzu tutmaq ənənəsi keçmiş dövrdə qalsa da, bu bitki hələ də uğur simvolu sayılır. Bəzi xalqlarda hətta ondan həyat yoldaşı tapmaq üçün də istifadə edirdilər. Öncə siz 4 yarpaqlı yoncanı tapmalısınız. Əgər bəxtiniz gətirib, tapsanız, siz onu yeməlisiniz. Bundan sonra uğur gətirən güclər aktivləşir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti