Böyük neft oyunları: Artıq ABŞ da qorxmağa başlayır – TƏHLİL

      Böyük neft oyunları:    Artıq ABŞ da qorxmağa başlayır –    TƏHLİL
  02 Aprel 2020    Oxunub:11279
Məşhur bir misal var ki, su meymunun boğazına çatanda, balasını ayağının altına qoyar. İqtisadi maraq da həmişə sonda bütün siyasi ambisiyalara üstün gəlir. Hazırda dünya neft bazarında elə bir vəziyyət yaranıb ki, nəinki yaxın, hətta orta perespektiv üçün də müsbət proqnoz vermək mümkün deyil. Tələbin getdikcə aşağı düşməsi fonunda hasilatın durmadan artması uğrunda qızğın yarış gedir. Dünya neft bazarı tarixində hələ belə hala rast gəlinməmişdi.
Neftin qiymətini sabit saxlayan OPEC+ ölkələrinin 2016-cı ilin ikinci yarısından etibarən hasilatı məhdudlaşdırmaq haqda birgə verdikləri qərar idi. Əks halda, tələb onsuz da aşağı səviyyədə olduğundan, OPEC+ ölkələri həmin qərarı hələ keçən ilin əvvəlində pozsaydılar, qiymətlər azı 40-45 dollaradək düşəcəkdi. İndi koronavirusla bağlı qlobal iqtisadi fəallığın sıfıra enməsi də buna əlavə olunduğundan, bu gün faktik olaraq, “qara qızıl”a heç bir tələb qalmayıb. Dünyada ilk dəfə elə bir vəziyyət yaranıb ki, “neft” deyilən xammala sanki heç kimin ehtiyacı yoxdur. Parodoksal və olduqca ziddiyyətli məqam isə ondan ibarətdir ki, bununla belə, iri hasilatçılar biri-birinin acığına hasilatı daha çox artırmaq imkanı arayırlar.

Bu mənada aprel ayı lap pis olacaq. Qiymətlər 20 dollardan da aşağı düşə bilər. Məsələn, artıq, Norveç dünya bazarlarında qiymətin 20 ABŞ dolları səviyyəsində olmasına rəğmən, hasilatı daha da çoxaldacağını bildirib. Digər tərəfdən, Səudiyyə Ərəbistanı may ayında hasilatı bir az da artıracağını bəyan edib: Gündə 600 min barrel... Bu isə o deməkdir ki, adı çəkilən ölkənin gündəlik ixrac həcmi 10,6 milyon barrelə qədər yüksələcək. Halbuki, dünyada sutkalıq tələbat sürətlə aşağı düşməkdədir.

Hazırda vəziyyət elədir ki, hətta OPEC+ ölkələri möcüzə nəticəsində yenidən razılığa gəlsələr belə, qiymətlər bahalaşan deyil. Yeri gəlmişkən, OPEC-in qiymətləndirməsinə görə, 2019-cu il ərzində dünyada neftə gündəlik tələbat 99,67 milyon barel təşkil edirdi. İndi təkcə aprel ayında gündəlik tələb qeyd edildiyi kimi, 20 milyon barrel azalarsa, onda qiymətləri daha nə gözlədiyini təsəvvür etmək çətin deyil. Çünki avtomobillərdən istifadə azalıb, təyyarələr uçmur, zavodlar işləmir, adamlar işə getmir - bu, 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhrandan 6 dəfə pis vəziyyətdir. Hazırda təkcə ABŞ-da 193 milyon, ümumən dünyada isə 2,3 milyard insan izoliyasiya şəraitində yaşayır. Dünya üzrə aviasiya sektoru 50 faiz gücündə işləyir. Odur ki, qiymətlərin sabitləşəcəyini gözləmək absurddur.

Lakin bu arada (martın 31-i) ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin telefonla danışdıqları məlum olub. Hər iki prezident neftin dünya bazarında hazırkı qiymət səviyyəsinin nə Amerika, nə də Rusiya üçün sərfəli olduğunu dilə gətiriblər. Vəziyyətdən çıxmaq üçün isə hansı addımları atacaqları hələ bəlli deyil. Belə ki, "qazanı qaynadan" əslində elə Rusiyanın özü ilə Vaşinqtonun əzəli və əbədi müttəfiqi Səudiyyə Ərəbistanı sayılır. Və aydın deyil ki, ABŞ Ər-Riyadı kənarda qoyub, Moskva ilə niyə danışır?!.. Vaşinqton, görəsən, Səudiyyə Ərəbistanını yola gətirə bilməzmi ki, hasilatı artırmasın?

Yeri gəlmişkən, ABŞ üçün neftin 1 barrelinin 40-45 dollar səviyyəsində olması qənaətbəxş rəqəmdir. Rusiya üçün isə bu rəqəm heç olmasa 55-60 dollar təşkil etməlidir. 20-25 dollar heç Səudiyyə Ərəbistanının özü üçün də sərfəli deyil. Sadəcə olaraq, dünyada ən ucuz (4-5 dollar) hasilat məhz Səudiyyədə başa gəldiyindən, Ər-Riyad neft bazarında qiymət çöküşünə Vaşinqton ilə Moskvadan bir az daha çox davamlıdır. Ancaq o da sona qədər deyil.

Göründüyü kimi əslində, bütün tərəflər əziyyət çəkirlər. ABŞ-da neft sənayesi çökür, Rusiyada bütün makroiqtisadi göstəricilər, dayanıqlıq tənəzzülə uğrayır, Səudiyyə Ərəbistanında isə investisiya imkanları tükənir. Bu, bütün dünya iqtisadiyyatı üçün “əyləcin basılması” və “qısa qapanma" deməkdir. Tələbin sıfırlandığı bir şəraitdə hasilatı durmadan artırmaq yolu ilə təklifin şişirdilməsi koronavirus bəlası lap sovuşub getsə belə, qlobal iqtisadiyyatın orta müddətdə əvvəlki vəziyyətə qayıtmasını tamamilə mümkünsüz edir. Təkcə bunu qeyd etmək kifayətdir ki, bilavasitə neft bazarının koronavirusun yaratdığı təsirlərə bundan sonra dözmək imkanı ən çox 3-4 aydır. Sözügedən bəla əgər ilin sonunadək davam edərsə, neftin qiyməti 2022-ci ilə qədər 30 dolları görməyə bilər. Bütün bunlardan ən çox kim əziyyət çəkəcək?! Təbii ki, Birləşmiş Ştatlar...

Ümumiyyətlə, neft sənayesinin uzunmüddətli çöküşü ilə işsizliyin artacağı, həmçinin, dolların beynəlxalq maliyyə bazarlarında mövqeyinin sarsılması Ağ Ev üçün arzuolunan deyil. Odur ki, hesab edirəm, Vaşinqton bu dəfə özü Ər-Riyadı Moskva ilə razılığa gəlməyə sövq edəcək. Bir az əvvəl, yəni OPEC+ ölkələrinin yekdil mövqeyi fonunda neftin qiyməti 60 dollar olarkən Krallığın Kreml ilə məlum sövdələşməsini dəfələrlə sərt tənqid etməsinə rəğmən...


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Neft   Koronavirus  





Xəbər lenti