Çətin günün dövləti – TƏHLİL

   Çətin günün dövləti –    TƏHLİL
  18 Aprel 2020    Oxunub:12022
Bu həftə məlum oldu ki, ölkədə karantin müddətinin uzadılmasına ehtiyac var və dünyadakı əksər dövlətlər kimi, biz də bu addımı atacağıq. Bu, virusla mübarizədə qalib gəlmək üçün vacibdirsə, demək, müzakirəyə ehtiyac yoxdur.
Amma karantinin müddəti uzadılırsa, bundan irəli gələn bir çox başqa məsələlər də yoluna qoyulmalıdır axı. Xüsusilə də, evdə qalmağa məcbur olan əhalinin üzləşdiyi sosial və iqtisadi problemlər də həll edilməlidirlər. Dövlət başçımızın həftə ərzində keçirdiyi bir videomüşavirə və bir videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı.

Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Burada indiyə qədər yürüdülən səhiyyə siyasətinin də danılmaz rolu var. Bəli, sirr deyil ki, Azərbaycanda səhiyyənin vəziyyəti vaxtaşırı müzakirə və mübahisə mövzusu olurdu. Amma necə deyərlər, hər şey çətin anda və müqayisədə bilinər. Hər kəs gördü ki, kimlərinsə müalicə üçün xaricə getmələri heç də ölçü meyarı deyilmiş. Azərbaycanın səhiyyə sistemi koronavirusla mübarizədə dünyanın əksər ölkələrindən daha yaxşı nümunə göstərdi.

Əlbəttə, burada pandemiyanın ilk günlərdən atılan doğru addımların da böyük təsiri var. Əks halda, yəni bu iki istiqamətdə görülən işlər olmasaydı, bu gün ölkədə lap 10 min, 20 min də xəstə ola bilərdi. Fakt odur ki, biz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilmişik. Amma pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən atılan addımları davam etdirmək lazımdır.

Fəqət Azərbaycan dövləti məsələni daha geniş qoyaraq, nəinki addımları davam etdirir, hətta miqyasını da xeyli böyüdür. Bunun necə olacağını isə prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri ilə iqtisadiyyat nazirinin iştirakı ilə keçirilən videoiclasda bildirdi. Əhalinin daha geniş təbəqələrinin yardımla və sosial-iqtisadi dəstəklə təmin olunması üçün dövlət başçısı həmin iclasda nazirlərə konkret tapşırıqlar verdi.

Prezidentin tapşırığı ilə dövlətdən yardım alan insanların sayı birdən-birə 3 dəfə artırılaraq, 200 mindən 600 minə çatdırıldı. Bu, o deməkdir ki, faktik olaraq, ehtiyacı olan heç kim bu yardımdan kənarda qalmayacaq. Beləliklə, bu istiqamətdə olan bütün mübahisələrə son qoyuldu: Dövlət göstərdi ki, məqsəd real olaraq hər şeydən üstün tutduğu vətəndaşı yaranan problemlərin qarşısında tək qoymamaqdır. Həm də təkcə işsizləri yox. Pandemiyadan zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin, 300 minə yaxın mikrosahibkara da maliyyə vəsaiti ayrılıb. Beləliklə, təkcə elə bu 3 kateqoriyadan olan 1 milyon 200 min insan dövlətdən maddi dəstək alacaq. “Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”,- deyə cənab İlham Əliyev videoiclas zamanı vurğulayıb.

Bununla yanaşı, işsiz insanlar kütləvi şəkildə qeydiyyata alınırlar, əmək müqaviləsi olmadan çalışanların iş yerləri rəsmiləşdirilir. Vətəndaşın və sahibkarın səhlənkarlığından, dürüst olmamasından doğan problemləri hökumət təcili və kütləvi qaydada həll edir ki, rəqəmlər real vəziyyəti daha doğru əks etdirsin. Məhz buna görə dövlət başçısı sahibkarlara müraciət etdi ki, qeyri-formal məşğulluğa son qoysunlar: “İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz”.
Göründüyü kimi, dövlət başçısı kölgə iqtisadiyyatında gizlənənlərin haqqında kifayət qədər sərt danışıb. Çünki onların əməli ucbatından fars-major hallarda dövlət real mənzərəni düzgün qiymətləndirə bilmir. Nəticədə isə sosial siyasətin həyata keçirilməsində, bütün həssas təbəqələri əhatə etməsində, mahiyyətinin düzgün anlaşılmasında problemlər yaranır. Bu isə həm dövlətə, həm də əslində elə vətəndaşa qarşı xəyanətdir. Halbuki, dövlət məhz ona görə sosial paketin həcmini üç dəfə artırdı ki, cəmiyyətin bütün həssas hissəsi real olaraq bu qayğının əhatə dairəsinə düşsün. Ancaq bu halda biz qlobal bəlanın öhdəsindən gələ bilərik.

Prezidentin məsələni bu cür qəti qoymasının sayəsində son günlərdə on minlərlə yeni əmək müqaviləsi bağlanılıb. Pandemiya keçib gedəcək, ancaq bu insanların vəziyyətinin rəsmiləşdirilməsi onların əlavə xeyri olacaq.

Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Ona görə də, bu vəziyyətdən qalib çıxmaq üçün nə qədər lazımdırsa, dözməliyik. İnsanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdu, sonra bu rəqəm 2,5 milyard manata qalxdı, son addımlardan sonra vəsaitin həcmi 3-3,5 milyard manatı da ötə bilər. Dövlət xərclərə görə narahat olmur və heç nəyi vətəndaşdan əsirgəmir.

Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Vətəndaşlardan birinin dövlət başçısına müraciətlə yazdığı “Siz bizi bizdən çox düşünürsünüz” cümləsi isə Prezidentin fəaliyyətinə verilən çox dəqiq qiymət sayıla bilər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir.

Tariyel Həsənov
Azvision.az



Teqlər: İlham-Əliyev   Karantin   Evdə-Qal  





Xəbər lenti