Kərimtin rejimi, yaxud, #DanışırK

      Kərimtin rejimi, yaxud, #DanışırK
  20 Aprel 2020    Oxunub:25730
Pandemiyaya qarşı görülən işləri necə siyasiləşdirib, xal qazanmağa çalışmaq olar? İlk baxışdan heç cür. Hamımız evdə qalırıq, karantin rejimini pozan hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq, cəzalandırılır. Virus üçün fərqi yoxdur ki, sən hansı partiyanın üzvüsən. Amma təəssüf ki, siyasi viruslar üçün fərqi varmış.
Hazırda “AXCP” adlanan qrupun bloger-rəhbəri Əli Kərimli bütün dünyadakı siyasi fırıldaqçılara yüksək səviyyəli master-klass keçməkdədir. Mövzu isə belədir: “Dövlətin əhalinin sağlamlığını qorumaq üçün gördüyü tədbirlərdən özünüreklam məqsədilə necə faydalanmaq, bunu hakimiyyətə qarşı necə çevirmək olar?” Biz Əli Kərimlidən hər cür sinizm görməyə alışmışıq, amma etiraf edək ki, budəfəki utanmazlığın səviyyəsi hətta bizim vərdiş etdiyimiz şkala üçün də normadan artıqdır.

Başlayaq oradan ki, karantin qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunan şəxsləri “Koronovirus məhbusları” elan etmək nə deməkdir?! Kimsə müxalifətçidir deyə, hamının karantində otuduğu bir vaxtda rahatca əlini-qolunu sallayaraq, küçədə gəzmək hüququnamı malik olmalıdır?!



İkincisi, bütün dünyada #evdəqal kampaniyasının aparıldığı, hamının evdə oturduğu bir vaxtda özünün evdə qalmağını “ev dustaqlığı” kimi qələmə vermək üçün həyasızlığın hansı səviyyəsində olmalısan?! Özü də, Kərimli heç yerdə işləməyən, bütün günü otağından videolar çəkib, paylaşan adam idi, heç dünyanın düz vaxtı da çölə çıxmırdı axı. Adam zatən həmişə Kərimtin rejimində yaşayırdı. İndi nə oldu, birdən-birə Kərimtin rejimi “ev dustaqlığı”na çevrildi?! Onda belə çıxır ki, hazırda hamımız ev dustağıyıq, mən də bu cümlələri Gültəkin Hacıbəylinin sözlərilə desək, “ev konslagerindən” yazıram.

Kərimlinin isə dediyinə görə, məndən fərqi odur ki, hətta yaza da bilmir, çünki bütün kommunikasiyaları bağlanıb. Buna baxmayaraq, səhifəsindəki postlar əvvəlkindən daha intensiv yenilənir. Düzdür, indi həmin postlar səhifənin “Admin qrupu” adından dərc olunurlar, amma oxuyan kimi bunun şəxsən Kərimli tərəfindən yazıldığı aydın olur – Eyni üslub, eyni dəst-xətt, eyni yazı tərzi... Fərqli olan bircə “Admin qrupu” sözüdür. Şair demişkən, “səsin həmin səsdir, baxışın ögey...”

Başqa bir statusda “Admin qrupu”nun adından Kərimlinin bəyanatı yayılıb. Bununla guya göstərmək istəyirlər ki, Kərimlinin özünün internetə çıxışı yoxdur. Yaxşı, bəs o, həmin bəyanatı “Admin qrupu”na necə göndərib? Göyərçinlə? Yazıb, quşun ayağına bağlayaraq, yola salıb? Yoxsa, əlinə çəkic alaraq, evin borularında Morze kodu ilə döyəcləyib? Axı bəyanatı hansısa "admin qrupu"na göndərməyə imkanı olan şəxs özü onu elə rahatca feysbukda da paylaşa bilərdi. Daha bu tamaşaya nə hacət?!



Bugünlərdə hamı internetin sürətində zəifləmə hiss edir: Çünki insanlar kütləvi şəkildə evdədirlər, online videolara, filmlərə, seriallara baxırlar, canlı yayımlar edirlər... Axşamlar internet xətləri daha çox yüklənir. Belə bir vəziyyətdə youtube-da canlı yayıma qoşula bilməmək o demək deyil ki, sənin “kommunikasiyanı kəsiblər”.

Gəlin, bir anlıq ciddi yanaşaq məsələyə: bir şəxsin dünya ilə kommunikasiyasını kəsmək nə deməkdir? Əgər siz “Amerikanın səsi” kimi bir radiostansiyanın müxbirini evinizə çağırıb, istədiyinizi söyləyir və fikirləriniz də bütün dünyaya yayılırsa, buna “kommunikasiyanın kəsilməsi” demək olarmı? Olar, amma camaatı dolamaq məqsədilə. Eynilə müsahibəni üzü qırxılmamış, “əzgin” vəziyyətdə vermək kimi: Lap hətta tutaq ki, doğrudan da internetini kəsiblər; yaxşı, üzünü də onlayn qırxırsan məgər?!

Yeri gəlmişkən, Kərimlinin “Amerikanın səsi”nin Azərbaycan müxbiri, qocaman jurnalist Tapdıq Fərhadoğluna intervünü necə verməsi də maraqlı məqamdır. Kadrdan hiss olunur ki, Kərimli özü krelosunda oturub və qarşısında ayaq üstündə dayanan jurnalistə aşağıdan-yuxarıya baxır. Eynilə mirzəsinə nəyisə diqtə edən kral kimi. İnanın, burada qətiyyən mübaliğə yoxdur: Kərimlini çoxdan və yaxşı tanıyanlar əla bilirlər: O həmişə jurnalistlərə mirzə kimi yanaşıb və indi də eyni havaları davam edir. Ona görə də, jurnalisti qarşısında ayaq üstdə saxladıb, özünün oturan yerdə danşması onun psixoloji portretinə çox vacib bir cizgi sayıla bilər.

Kral demişkən, başqa bir məqama da diqqət çəkmək yerinə düşər: Onun səhifəsində “#DanışırKərimli” haştaqı peyda olub. Kərimlinin müsahibələri, açıqlamaları indi bu haştaq altında paylaşılır. Qəribədir: Kərimlinin nəsə danışması niyə xüsusi hadisə sayılmalıdır ki? İndiyə qədər hər gün leylü-nahar, şamü-səhər “youtube”da, feysbukda nə gəldi danışan, yazan Kərimli deyildimi? Maraqlısı odur ki, bu haştaq məşhur bir filmin adını xatırladır: “Danışır kral” (2010). Şübhəsiz, Kərimlinin bu siyasi filmdən xəbəri olmamış deyil. Görünür, haştaqı seçərkən də həmin assosiasiyanı yaratmaq istəyib. Jurnalisti qarşında ayaq üstdə saxladıb, özün kresloya yayxanaraq danışanda, doğrudan da, kral havasına girmək çətin deyil.

Səmimi deyim ki, müəyyən mənada mən də razıyam: Bəli, o, doğrudan da, kraldır. Amma verdiyi açıqlama və müsahibələrdə açıq-aşkar ortaya qoyduğu əda ilə göstərmək istədiyi kimi, müxalifətin yox. Bu cür böyük istedadı ölkədəki siyasi marginallar kimi kiçik qrupun miqyasına endirmək haqsızlıq olardı. Kərimli ən azı regional səviyyədə siyasi maxinator və kombinatorların kralıdır. Doğrudan da, ətraf ölkələrə baxanda biz heç bir qonşumuzun müxalifət düşərgəsində onun kimi prinsipsiz, eyni zamanda da hiyləgər və hay-küyçü siyasi fırıldaqçı görə bilmirik. O, ən azı regional miqyasda siyasi kombinatorlar kralıdır. Buna görə də, özlərinin #DanışırKərimli haştaqını dəyişib, Kafka stilində “#DanışırK.” qoysalar, daha yaxşı olar. Qoy, kim necə istəyir, elə də qavrasın.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Kərimli   Karantin  





Xəbər lenti