Qəzetlər nədən yazır?

Qəzetlər nədən yazır?
  15 Mart 2013    Oxunub:1699
Xalq Cəbhəsi

Azərbaycandan ABŞ-a önəmli mesajlar


“Biz Ermənistanla Azərbaycan arasında olan münaqişənin artıq həll edilməsini istəyirik. Bu məsələdə ABŞ-ın da üzərinə əhəmiyyətli vəzifələr düşür”. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilən Türk-Amerika İttifaqının illik konqresində deyib. Diplomat bildirib ki, ABŞ bu problemin həlli üçün yüksək səviyyəli bir nümayəndə təyin etməlidir. Hazırda iki ölkə arasında problemi həll etmək üçün çalışan daimi vasitəçi yoxdur. Səfir qeyd edib ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsi üzrə daimi nümayəndə təyin etməlidir. Azərbaycan Milli Məclisinin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov isə Ermənistanı super güclər ilə bölgədə bəzi ölkələrin oyuncağı adlandırıb. O, Ermənistanın müstəqil olmadığını deyib. Bildirilib ki, ABŞ və Türkiyə gerçəkləri də nəzərə almalıdır ki, daha beş il Ermənistanda gənc nəslə xitabən “Qarabağı biz aldıq, Qərbi Ermənistandakı torpaqlarımızı da (Türkiyənin şərq əyalətlərini) sizlər alacaqsınız” çağırışı edən Serj Sarkisyan hakimiyyətdə olmasın.


Gündəm Xəbər

Rəsul Quliyevin fiaskosu


Məlum olduğu kimi, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, parlamentin sabiq sədri Rəsul Quliyevin hüquqlarını Müdafiə Komitəsi onun müdafiəsi ilə bağlı imza toplama kampaniyası həyata keçirir. ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva Ziyalılar Forumunun əleyhinə bir neçə açıqlama verib. Z.Dünyamalıyeva Ziyalılar Forumundan narazılığını belə ifadə edib: «Məni Ziyalılar Forumundan narazı salan bir sıra məqamlar var. Düzdür, Rəsul Quliyevin Hüquqlarının Müdafiəsi Komitəsi yaranıb və Komitənin bu məsələ ilə bağlı keçirdiyi dəyirmi masaya bir çox qurumlar, o cümlədən Ziyalılar Forumundan nümayəndələr dəvət olunublar. Kimlərsə üzrlü səbəbdən dəyirmi masaya qatılmadı, amma nəticə etibarilə sənədə imza atıldı. Hətta Rüstəm İbrahimbəyov bildirdi ki, Azərbaycanda olmasa da, onun imzası qəbul edilsin. İmza atanlar sırasında Eldar Namazov, Eldəniz Quliyev də var. Ümumi müraciətdən əlavə, fərd olaraq Gültəkin Hacıbəyli, Cəmil Həsənli və başqa bir neçə nəfərə bu kampaniyaya qoşulmaları ilə bağlı müraciət etdik. Amma onlar imtina etdilər. Z.Dünyamalıyevə daha sonra bir qədər də irəli gedərək Ziyalılar Forumunun bəzi üzvlərinin Rəsul Quliyevə qarşı gizli əks-təbliğat apardıqlarını bildirib.

Elşad Abdullayevə qarşı yeni cəbhə açılır

ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsi fəaliyyətini davam etdirir. Martın 8-də isə komitənin ofisinin açılışı olub. Artıq komitəyə vaxtilə ABU-da təhsili bu və ya digər səbəblərdən yarımçıq qalmış tələbələrin, həmçinin təhsilini başa vursa da, diplom ala bilməmiş məzunların özləri və valideynləri müraciət etməyə başlayıblar. Şikayətçilərin (problemlilərin) ərizələri alınır, çeşidlənir və bu sənədlər toplanaraq aidiyyəti dövlət qurumlarının sərəncamına təhvil verilir, sonra isə müvafiq qərar qəbul olunacaq. Komitənin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Ramiz Zeynalov dünən bunları dedi:
-ABU-nun rektoru olmuş, sonradan Fransaya qaçaraq orada məskunlaşmış Elşad Abdullayevin korrupsiya və özbaşınalıq əməllərindən ziyan çəkmiş valideynlərin indiyədək 100-ə yaxını Komitəyə müraciət edib... Komitənin də məqsədi budur ki, bu kütləvi şikayətləri mərkəzləşdirilmiş qaydada və peşəkarlıqla çeşidləmək, aidiyyəti dövlət qurumlarının köməyi və dəstəyi ilə vətəndaşların problemlərinə əncam çəkilməsinə yardım edək.


Yeni Müsavat

İcra başçıları prezidentin tapşırıqlarını necə icra edirlər?


Artıq 12 fevral müşavirəsindən 30 gündən çox ötüb. Bir neçə rayonun icra başçısı ilə danışıb bu ötən müddətdə ölkə prezidentinin bu tapşırıqlarına yerlərdə necə əməl etdiklərini xəbər aldıq. Qaradağ Rayonunun İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, ölkə başçısının tapşırığı ilə rəhbərlik etdiyi rayonda indiyə kimi bir çox quruculuq və abadlıq işləri görülüb. Son illər Daşkəsən rayonunda misli görülməmiş işlər həyata keçirilib. Mən rayon rəhbəri kimi əhali ilə, sahibkarlarla tez-tez təmasda olmaqla yanaşı, rayon ərazisində yerləşən hərbi hissələrdəki vəziyyətlə də yerindəcə maraqlanıram. Xüsusi bayramlarda hərbi hissələrdə görüşlər təşkil edirik. Bundan başqa Nərimanov Rayon İcra Hakimiyyəti tez-tez vətəndaşlarla səyyar görüşlər keçirir. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məmurlara günün tələbinə uyğun olaraq əhali ilə sıx əməkdaşlığın vacibliyi ilə bağlı göstərişlərini verib. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov açıqlamasında deyib ki, rayon sakinlərinin icra hakimiyyəti ilə münasibətləri yüksək səviyyədədir.


Unikal

“Aleks Qriqoryevs qanun çərçivəsində öz cavabını alacaq”

Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Ümumiyyətlə, bu kimi addımlar qanundan kənar proseslərdir. Bunu millət vəkili Asəf Hacıyev ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqoryevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib. Parlament üzvünün sözlərinə görə, əgər ABŞ-ın nümayəndəsi demokratiya haqqında danışırsa, ilk növbədə başa düşməlidir ki, o digər ölkənin daxili işlərinə qarışa bilməz və qarışmamalıdır.

Türkiyənin Azərbaycandakı səfiri İrəvan-Van aviareysinin açılmasına münasibət bildirib

“Bu reysin açılmasını Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik kimi qiymətləndirmək düzgün deyil. Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun İrəvan-Van aviareysinin açılması barədə Azərbaycan mətbuatında dərc olunan məlumatlara münasibət bildirərkən deyib. Səfir bildirib ki, ticarət məqsədli aviareyslərə görə Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmasına dair açıqlamaların ortaya çıxması düzgün deyil.


“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas məsələ gözlənilməz hadisələrin baş verməməsidir”


“Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı planlarından xəbərim yoxdur, amma bilirəm ki, bu barədə narahatlıqlar var”. Bunu Azərbaycan Böyük Britaniya xarici işlər nazirinin müavini, diplomatik xidmətin rəhbəri Saymon Freyzer bildirib. S. Freyzer qeyd edib ki, bu yaxınlarda İrəvana səfər zamanı keçirdiyi görüşlər zamanı bu məsələni qaldırıb: “Düşünürəm ki, vacib olan məsələ yaranmış vəziyyətdə gözlənilməz hadisələrin baş verməməsidir”.


“El” hərəkatının sosial bazası parçalanmış vəziyyətdədir”


""EL" Təşkilatının hərəkat xarakteri daşıyacağı inandırıcı deyil. Çünki təşkilatı yaradanlar arasında öz siyasi fəallığı ilə seçilən adam Eldar Namazovdur. Müəyyən mənada təşkilatda fəallıq göstərənlər arasında Eldəniz Quliyevin də adı var. Bu gün Eldar Namazov hansı sosial bazaya, elektorata söykənirsə, onu demək bir az qəlizdir". Millət vəkili Fəzail Ağamalı belə deyib. Fəzail Ağamalının sözlərinə görə Eldar Namazovun ölkə Prezidenti İlham Əliyevin sosial bazasından bəhrələnməsi ehtimalı sıfıra bərabərdir.


Bakı Xəbər

Ramazan Abdulatipov Azərbaycanla əlaqəli yeni kursa başlayır.

Rusiyada azərbaycanlı biznesmenlər tərəfindən yaradılan "Milyarderlər İttifaqı" barədə söz-söhbət hələ də səngimir. Son dövrlərdə xüsusi diqqət mərkəzinə gələn məsələlərdən biri isə Dağıstan Respublikasının rəhbəri vəzifəsinin icrasının "Milyarderlər İttifaqı"na daxil olan Ramazan Abdulatipova həvalə edirməsilə bağlıdır. Məsələ burasındadır ki, sözügedən şəxs Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu bildirir. Əksər ekspertlər Abdulatipovun təyinatını məhz Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirsə də, onun özü açıqlamalarında artıq fərqli mövqe sərgiləyir. Bununla bağlı o qeyd edir: "Mənim Heydər Əliyevlə hər zaman xoş və isti münasibətlərim olub. Bu münasibətlər Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə də davam edir. Ancaq bizim iqtisadi və mədəni əlaqələrimizin səviyyəsi Azərbaycan və Dağıstanın malik olduğu potensiala cavab vermir".


Teqlər:





Xəbər lenti