“Lütsifer effekti”: Müxalifətdə baş verənlərin psixoloji səbəbləri - TƏHLİL

    “Lütsifer effekti”:    Müxalifətdə baş verənlərin psixoloji səbəbləri -    TƏHLİL
  01 May 2020    Oxunub:12649
“Zahirdə bir cür, batində başqa cür olmaq dində münafiqlik, elmdə isə “dissonans vəziyyəti” adlanır. Dissonans vəziyyəti - olduğu kimi görünməmək və ya göründüyü kimi olmamaq deməkdir. Yəni müxalifətin qeyri-zorakı görünməsi heç də onun qeyri-zorakı olmasını sübut etmir; müxalifət qeyri-zorakı mübarizə apararkən daxildə öz zorakılığını gizlədir. Bu da müxalifətin heç bir nailiyyətə imza ata bilməməsinin əsas səbəbidir”.
Bu sözlər nə politoloqundur, nə siyasi icmalçının, nə psixloqun, nə NLP masterin. Bunu yazan Azərbaycandakı siyasi partiyalardan birinin sədridir. Sitatı təsadüfi seçmədik. Yazanın siyasi partiya rəhbəri olduğunu da bilərəkdən vurğulayırıq.

Hər bir cəmiyyətdə insanların şüurlu olub-olmamasından asılı olmayaraq, müəyyən sosial məsuliyyətləri və rolları var. Məsələn, tələbə bəlli vaxtda universitetdə olmalı, dərslərdə iştirak etməli, yekunda imtahan verib, növbəti kursa adlamalıdır. Eyni fikir başqa zümrələrin təmsilçilərinə də aiddir. Yaxşı, bəs insana ona aid olmayan bir rol verilərsə, necə? Özünü necə aparar, nə edər, dəyişərmi, yoxsa elə olduğu kimi qalıb, aktyortək rolunu oynayıb, parterə keçər?

Mütəxəssislər, psixoloqlar uzun müddət bəzi insanların niyə zorakılığa meyilli olduqlarını, "yaxşı" insanların necə dəyişdiklərini öyrənməyə çalışıblar. Bütün dövrlərin ən populyar sosial psixologiya eksperimentini məşhur amerikalı psixoloq Filip Zimbardo aparıb. Sınağın məqsədi ən çətin vəziyyətdə (həbsxana simulyasiyası) insanların necə dəyişdiklərini araşdırmaq olub.

“Stenford həbsxana sınağı” adı ilə məşhurlaşan bu eksperiment psixoloji sınaqlar tarixinin ən sərt, ən riskli nümunəsidir. Filip Zimbardo Stenford Universitetinin psixologiya şöbəsinin laboratoriyasında “həbsxana” qurur. Və elan verir ki, bir sınaqda iştirak etmək üçün könüllülər yığılır, onların gündəlik qazancı 15 dollar (indiki məzənnə ilə haradasa 92 dollar) olacaq. 30 nəfər toplanandan sonra bu iştirakçılar 2 qrupa ayrılırlar. Bir qrupun “Məhkumlar”, digər qrup “Mühafizəçilər” rolunu oynayacağı elan edilir, daha doğrusu, intervü zamanı hansı qrupda olduqlarıı özlərinə deyilir.

Bu təcrübədə hər şey gerçək həyat təcrübəsinə uyğun olaraq hazırlanır və həyata keçirilir. Məsələn, məhbus rolunda olanlar polis tərəfindən evlərində müxtəlif qurama ittihamlarla həbs olunurlar, yaxınlarının gözü qarşısında qandallanır, ifadələri alınır və barmaq izləri götürülür, paltarları dəyişdirilir, üstləri axtarılır, məhbus geyimləri geyindirilir və s. “Mühafizəçilər”ə isə real həbsxana həyatında olduğu kimi uniforma, dəyənəklər və digər ləvazimatlar verilir.

Beləliklə başlanır, nə başlanır. Təcrübənin ikinci günündə məhbuslar ssenariyə uyğun olaraq, “üsyan” edirlər. Bu ssenaridən xəbərsiz “mühafizəçilər” üsyanı o qədər amansızcasına yatırırlar ki, hətta sınaq keçirən komanda da bu “sürpriz”dən şoka düşür. Yəni bu qədərmi? “Üsyan”ın başçısı təkadamlıq kameraya atılır, bütün məhbusların çarpayıları çıxarılır, çılpaq soyundurulurlar, mühafizəçilərin təhdid və təzyiqləri başlayır.

Sonrakı günlərdə təzyiq və təcavüz o həddə çatır ki, intihara cəhd edən olur, ağalayanlar, qışqıranlar, əsəbləri pozulduğu üçün sınaqdan vaxtından əvvəl azad olunanlara rast gəlinir. Məhkumlar əziyyət çəkir, mühafizəçilər daha da aqressivləşirlər. Qəddarlıq, təzyiq, təhdid, zorakılıq... Sonradan yazılmış hesabatda “mühafizəçilərin” bəzilərinin bu işi sevdiyi qeyd olunur. Əlavə ödəniş olmasa da, evə getmək əvəzinə elə “həbsxana”daca gecələməyi üstün tutanlar tapılır. Mühafizəçilər sanki qırx il imiş bu işi görürmüşlər.

Nəicədə15 günlük nəzərdə tutulan sınaq cəmi 6 gün çəkir. Rollar o qədər qarışır, o qədər əndazə aşılır ki, kənar müdaxilə ilə sınaq yarımçıq saxlanılır. Təsəvvür edirsinizmi? Cəmi bir neçə gün ərzində bütün “məhbuslar” yeni rollarına o qədər alışırlar ki, hətta həqiqi kimliklərini belə yaddan çıxarırlar.

1971-ci ildə Filip Zimbardonun şəxsən başlatdığı və tətbiq etdiyi bu sosial təcrübəyə əsaslanaraq yazdığı "Lütsifer effekti" adlı kitabı çıxır. Təcrübə ilə bağlı bir çox müzakirə açılır və müxtəlif elmi məqalələr dərc edilir. Stenford Həbsxana Sınağı psixoloji təcrübələrin ən məşhurlarından birinə çevrilir, müxtəlif ölkələrdə ona filmlər həsr edilir. 2001-ci ildə Almaniyada çəkilən “Təcrübə”, 2015-ci ildə Amerikafa lentə alınan “Stanford Həbsxana Təcrübəsi” filmləri bu eksperimentə həsr olunublar.

Sınaq haqda bu qədər. Həmin sınaqdan çıxan nəticənin nə olduğu ilə maraqlanırsınızsa, yekunda buna toxunacağıq, səbrli olun.

İndi isə siyasətdə, sosial həyatda, cəmiyyətdə, sosial şəbəkələrdə rastlaşdığımız hadisələrə, proseslərə ötəri nəzər salaq. Sosial şəbəkədə cəmiyyətə “ictimai fəal”, “siyasi partiya funksioneri”, “tanınmış şəxs”, “məşhur mütəxəssis” və s. kimi təqdim olunan insanlar var. Bu insanlar bəlli kimlik formalaşdırıblar. “Ədalətli”dilər, “tələbkar”dılar, “vicdanlı”, “cazibəli”, “hər şeyi bacaran”, “haqsızlığa susmayan”, dəhşət “kristal” adamlardılar. Olsun, heç kim etiraz etmir hələ ki. Amma aralarında elələri var ki, bunlara Zimbardo effektindəki kimi, azacıq şans, şərait verilsə, içlərindəki “şeytanı” ortaya qoyarlar.
Bu qənaətə uzun müddət apardığımız müşahidələrin nəticəsində gəlmişik. Misal üçün, Fuad Qəhrəmanlının övladlarına qarşı hərəkətini yada salın. İnsan haqlarından bağıraraq danışan birinin öz evində monstra çevrilməsi, qəddarlığa meyilli olmasını başqa nə iləsə izah etmək çətindir. Əlavə heç bir şərh vermək mümkün deyil.
Və yaxud, Almaniyada gizlənən Tural Sadıqlını götürün. Bu adamın adı bir qızı əxlaqsızcasına yoldan çıxarmaq, təcavüz, insanları aldatmaq, saxta sənəd düzəltmək, yaxınlarına pul “atmaq” və daha nə bilim, nələrdə hallanmadı? Amma baxın, xaricdə oturub “Azad söz” adlı səhifəni idarə edir, haqq-ədalət, doğruluq, dürüstlük kimi mövzularda durmadan danışır. İçində “şeytan” gizlətmiş bir insan tipi.

İndi isə son günlərin mənzərəsinə nəzər salın.

Demək, Kərimli Əli “izolyasiyadadır”. Guya, ətraf aləmlə əlaqəsi kəsilib, nə partiyadaşlarına müraciət edə bilir, nə xariclə əlaqə saxlayır, nə facebooka baxır, nə də “youtube”a. Bir sözlə, söyüş kampaniyasının yeni mərhələsindən, guya ki, xəbəri yoxdur. Və belə məqamda müxalifətdə yeni savaş başlayır. Ali Məhkəmənin Plenumunun REAL sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verməsi ilə əlaqədar “çəpəçilərə” sosial şəbəkədə hücum əmri verilir. Onlar açıq şəkildə barələrində qərar çıxarılanları aşağılayır, onları hakimiyyətlə anlaşmada ittiham edirlər. Söyüşün, satqınlıqda suçlamağın, kinayə, təhqir, aşağılamağın həddi-hüdudu görünmür. Əgər kimsə baş verənlərin özbaşına, dirijor çubuğu olmadan mümkünlüyünü düşünürsə, təbrik edirəm, sadəlövhlüyünüzə görə Nobel mükafatı ala bilərsiniz.

Bu arada nədənsə “AXCP-nin AzTV-si” adlanan, amerikalı “çəpəçi” Sevinc təəssüf ki, Osmanqızı böyük “qrantovşik” buqəlamun Altay Göyüşovu yaş yuyub, quru sərir. “Qədeşbala professor” adlandırdığı keçmiş realçını çörək kəsdiyi dostlara xəyanətdə, bu partiyadan o biri partiyaya, bu QHT-dən başqa birinə girib-çıxmaqda, sonra yenə çıxıb-girməkdə (vallah, bu ifadələr xanım jurnalistə məxsudur), Vaşinqtonda qrant alıb, “Mən Azərbaycana getsəm, həbs edərlər” deyib, sonra rahat Azərbaycana qayıtmaqda suçlayır və atəş açır: "Dostlar, siyasət riyakarlıq demək deyil. Onu bu vəziyyətə salıblar. Siyasətdə şəxsiyyəti bütöv, sözləri əməllərini tamamlayan, ləyaqətli adamlar olmalıdır”. Bir sözlə, riyakar.

Bunun ardından ABŞ-da yaşayan jurnalist və işi-gücü çəpəçilərin liderini tənqid etmək olan İsmayıl Cəlilov “AXCP-nin AzTV-si adlandırdığı” Sevinc Osmanqızını “qədeşbala professora” yazdığına görə daşını-daş üstə qoymur. İsmayıl Cəlilovun bu yazısına cavab özünü çox gözlətmir. Milli Şura üzvü Eldəniz Quliyev Ziqmund Freyddən başlayır, anasına sataşmaqda bitirir, cinsi ayrı-seçkiliyə yol verərək realçıları ismayılcəlilovçuluqda günahlandırır. Bu, o qədər iyrənc mövzudur ki, üstündə çox dayanmırıq və təkrar paylaşıb, özümüzü onlarla bir səviyyəyə qoymuruq. Yəqin ki, oxucular cinsi ayrı-seçkilik deyərkən söhbətin nədən getdiyini anladılar.

Əlqərəz, Eldəniz Quliyevin bu homofob və milli-mənəvi dəyərlərə zidd statusu böyük səs-küy yaradır. Cəbhəçilərin arasında ləyaqətli insanlar çıxıb bunu pisləyir, qalanları isə alqışlayırlar. Alqışlayanlar arasında hazırda ABŞ-da yaşayan jurnalist Çingiz Sultansoya və digər üzdə olanlara da rast gəlmək mümkündür. Bundan sonra İsmayıl Cəlilovun adından saxta profil yaradılaraq, talış xalqını təhqir edən status və şərhlər paylaşırlar. Söhbət bir az da qızışır. Sonradan məlum olur ki, bu saxta profili yaradan mühacirətdə olan, milliyyətcə talış Seyran Rəfiyevdir. Bu kim ola? Baaa... Əli Kərimlinin xaricdən söyüş yağdıran ordusunun əsgəri.
Bu arada REAL-dan da cavab gəlir. Realçı N.Cəfərli açıqlama verir ki, hər kəsin eyni cür düşünməsini tələb etmək demokratiyaya uyğun deyil. “Təəssüf ki, özünə demokrat deyən bəzi müxalifət nümayəndələri çalışırlar ki, hər kəs məsələlərə onlar kimi münasibət bildirsin. Bu, avtoritarizmin bariz nümunəsidir”.

Beləcə, proses davam etməkdədir. Tam vakxanaliya. Həvəs olsaydı, bir az da keçmişdəki hadisələrə qayıdardıq, məsələn, Sevinc Osmanqızının "Meydan TV"dən aldığı qrantlarla bağlı açıqlama tələb etməsinə görə Xədicə İsmayılla qalmaqalını, Sevinc Osmanqızını Rəsul Quliyevin pullarını yeməkdə ittiham edən Xədicənin ona küskünlüyünü, bir-birini qeyri-peşəkarlıqda ittiham edib, “ruhi xəstə” adlandırmalarını, Cəmil Həsənlinin ona və Əli Kərimliyə "Meydan TV"də qadağa qoyulması haqda şikayətini, "Onlar yedikləri qrantları doğrultmurlar" iddiasını, Emin Millinin Mehman Hüseynovun ətrafında yaranmış vəziyyətlə bağlı "əslində təqsirin M.Hüseynovun özündə olduğunu", onun da "qardaşı Emin Hüseynov kimi qeyri-adekvat xarakterə malik olduğunu" deməsini, X.İsmayılın müxalif təşkilatların və onların rəhbərlərinin, o cümlədən, Qənimət Zahid, Arif Məmmədov və Leyla Yunusun fəaliyyətini qeyri-effektiv hesab edib, sosial medianın gündəmində saxlanılan məsələlərin əksər hallarda qrant naminə, süni şəkildə qabardıldığını söyləməsini xatırladardıq...
Təsəvvür edin bu boyda cümlə yazıldı, amma bildiklərimizin cəmi 1%-ni xatırlatdıq. Yekunda baş verənlərə görə “Bu insanlar özləri qəbirlərini qazıblar”,- deyən Rəsul Quliyevdən sitat gətiməklə bu söhbəti hələlik bağlayırıq.

Sosial şəbəkələrdəki müzakirələrdə bir fikir hakimdir - Bu düşüncə sahibləri hakimiyyətə gələrsə, nə olar? Nə olacağını təsəvvür belə etmək istəməzdik. Tənqid demirik, hətta ən adi fikir fərqliliyinə belə dözümsüz olan bu qrupun qəzəbinə tuş gəlmək an məsələsidir. İndi onlar kimi düşünməyənlərə, onları gələcək hakimiyyət sahibi hesab etməyənlərə illərin səhvlərini xatırladıb hesab soruşanlara sosial şəbəkələrdə təhqir yürüşünə başlayırlarsa, hakimiyyət sahibi olacaqları təqdirdə sorğu-sualsız kəsəcəkləri başa zaval olmayacaq. Cəmiyyət artıq bunu düşünür, dilə gətirir, çünki bilir ki, bu gün əllərində imkan olmadığına görə söyənlər sabah əllərində hakimiyyət olsa, tabeçiliklərində polis və silah olsa, döyəcəklər, məhkəməsiz, mühakiməsiz hökmlər çıxaracaqlar, bəlkə elə künc-bucaqda hesablaşmalar üçün qruplar yaradılacaq, sapı bizdən, özü bizdən olmayanların baltası onlar kimi düşünməyən hər kəsin başı üzərində parlayacaq (cebhe.info-ya istinad edilib).

Bu zehniyyətdə olan insanlar hakim partiya olub, dövlət idarəçiliyini təsadüfən ələ alsalar, millətin daha dərin uçurumdan başqa heç bir yerə çıxmaq şansı olmaz.

Prosesləri “izolyasiyadan” seyr edən Əli Kərimli isə yəqin ki, bunladan zövq alır. Ad günü ilə bağlı ona yönələn “təbrik” adlı yaltaqlıq, məddahlıq simfoniyasından həzz aldığı kimi. O cümlələri oxuyanlar varsa, düşünürəm, bütün deyilənlərə nöqtə qoymağa bəs edir. Qayıdaq mövzuya.

İndi isə söz verdiyim kimi, professor Zimbardonun apardığı sınaqdan çıxan nəticələr haqda.

Təcrübədən sonra verilən açıqlamalarda qeyd olunur ki, insanlar onlar üçün müəyyən olunmuş rola çox tez uyğunlaşır və bu rolun tələblərini avtomatik olaraq yerinə yetirməyə başlayırlar. Zorakılığın nə olduğunu bilməyən tələbələr mühafizəçi rolunu boyunlarına götürdükdə avtoritar, qəddar və məhkumları alçaltmaq lazım olduğunu düşünərək, vəzifələrini yerinə yetirərkən çox rahat şəkildə onlara verilmiş rolda (yeni kimlikdə) çıxış edə bilirlər. Bəziləri hətta bu işdən zövq aldıqlarını dilə gətirirlər.

Başqa bir nəticə: Yaxşı və ağıllı insanlar əlverişli şəraitdə canavarlara çevrilə bilərlər. Beləliklə, “Şeytanı” uzaqda axtarmağa ehtiyac yoxdur, şər həmişə burada, bizimlədir...

Nəticənin biri də odur ki, zəruri şərait yaranarsa, hətta zorakılıqdan tamamilə uzaq olan insanlar da ən qəddar yaramazlıqlara əl ata bilirlər. Bu səbəblə hər bir insanı olduğu şəraitə və imkana görə qiymətləndirmək lazımdır. Hətta özü üçün də "Heç vaxt belə bir şey etmirəm" deyənlər zamanı gələndə yanıldıqlarını və özlərini yaxşı tanımadıqlarını dərk edirlər.

Bu təcrübə, fərdlərin cəmiyyətin onlara verdiyi rolları dərk etmədən və bu roldan təsirlənərək, funksiyasını kortəbii yerinə yetirmənin hansı fəsadlar törətdiyini nümayiş etdirdi. Psixoloqlar tərəfindən idarə olunan bir “həbsxana” nə dəhşətli faktlar ortaya çıxardı. Mövzuya Dostoyevskinin fikri ilə nöqtə qoymaq olar: "Dünyanın ən gərəksiz, işə yaramaz adamını tapın, ona yeni imkan verin, lap ən xırda məmur edin, o, özünü mütləq önəmli sayıb, sizə yuxarıdan aşağı baxacaq”.

Sənan Nəcəfov
Azvision.az üçün


Teqlər:





Xəbər lenti