Müəllimlərə sosial status verilsin

Müəllimlərə sosial status verilsin
  15 Mart 2013    Oxunub:4488
Müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir
Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bugünkü iclasında hökumətin hesabatının müzakirəsi zamanı müəllimlərin statusu ilə bağlı məsələni qaldırıb. Deputat bildirib ki, bu bir neçə il bundan əvvəl müəllimlərə xüsusi statusun verilməsi üçün sərəncam imzalansa da, məsələ hələki açıq qalıb.

Deputat Bəxtiyar Əliyevin fikrincə, bu statusun müəyyənləşməsi bir sıra məsələlərin həllinə kömək edə bilər.

Millət vəkili müəllimlərin status məsələsinin 2013-cü ildə həll olunacağına ümid etdiyini bildirib.

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hazırda ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.(modern.az)


Teqlər:





Xəbər lenti